İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu rəylə Vardanyanın həbsinin əsassız olması ilə bağlı iddialar rədd olundu

365 14.03.2025 16:39 Gündəm A A

Bakıda tarixi baxımdan müstəsna, ibrətamiz məhkəmə prosesi keçirildiyi bir vaxtda BMT-nin İnsan Hüquqları Ali Komissarlığı Bakı Məhkəmə Kompleksində hakim qarşısına çıxarılan müttəhim Ruben Vardanyanın işi üzrə yekun rəyini açıqlayıb.

Tarixi rəyin məzmunu ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Musavat.com-a açıqlama verib.

NURİYEV.jpg (53 KB)

Deyib ki, Ruben Vardanyanın işi üzrə Ali Komissarlığın açıqladığı yekun rəy indiki halda çox vacibdir:

- Çünki beynəlxalq təşkilatlar bəzən siyasi manipulyasiyalara məruz qalır və faktlardan daha çox ictimai rəyə təsir edən bəyanatlar verilir. Ancaq bu halda BMT İşçi Qrupu Azərbaycanın təqdim etdiyi hüquqi əsasları qəbul edib və Ruben Vardanyanın həbsinin əsassız olması ilə bağlı iddiaları rədd edib. Başqa sözlə, Azərbaycan hüquq-mühafizə orqanlarının hərəkətləri beynəlxalq hüquqa uyğun hesab olunub.

- Vardanyanın siyasi məhbus olduğunu iddia edənlər var. BMT-nin qərarını bu iddialara yaxşı cavab hesab etmək olarmı?

- Verilmiş yekun rəy çox açıq şəkildə bu iddiaları təkzib edir. Əgər Ruben Vardanyan siyasi baxışlarına görə həbs olunsaydı, İşçi Qrup bunu insan hüquqlarının pozulması kimi qiymətləndirərdi. Lakin burada söhbət ifadə azadlığından yox, konkret cinayət ittihamlarından gedir.

O, terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak və dövlət sərhədini qanunsuz keçmə maddələri ilə ittiham olunur. BMT də bu ittihamların əsaslı olduğunu qəbul edib.

- Həm də Vardanyanın hüquqlarının istintaq prosesində təmin edilməsini də bir daha təsdiqləyir?

- Bəli, tam şəkildə. İşçi Qrup qeyd edir ki, ona tərcüməçi verilib, vəkili olub, istintaq müddətində müdafiəsini qurmaq üçün imkan yaradılıb. Təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı iddialar da təsdiqlənməyib. Bu o deməkdir ki, hüquqi baxımdan istintaq və məhkəmə prosesi beynəlxalq standartlara tam uyğundur.

- Beynəlxalq imic baxımından ölkəmizə münasibət necə dəyişə bilər?

- Bu qərar Azərbaycanın beynəlxalq hüquq sisteminə inteqrasiyasını daha da gücləndirir. Çünki bu, ölkəmizin hüquq sisteminə qarşı irəli sürülən ittihamların əsassız olduğunu sübut edir. BMT kimi bir qurumun obyektiv qərar verməsi Azərbaycanın hüquq sisteminin şəffaf və qanunvericiliyə uyğun fəaliyyət göstərdiyini bir daha göstərir.

- Bundan sonra Ruben Vardanyanın hüquqi perspektivləri necədir?

- Azərbaycan qanunları çərçivəsində cinayət işi davam edəcək və məhkəmədə təqdim olunan sübutların əsasında qərar veriləcək. O, beynəlxalq hüququn ağır cinayət hesab etdiyi maddələrlə ittiham olunur və hüquqi məsuliyyətdən yayınması mümkün deyil. Qanuni prosedurlar sona qədər davam etdiriləcək.

- Vardanyanın azad olunması üçün siyasi və ya beynəlxalq təzyiqlər gözləniləndirmi?

- Bu cəhdlər istisna deyil. Çünki o, böyük maliyyə və siyasi dəstəyə malik bir fiqurdur. Ruben Vardanyanın erməni lobbisinin pulu ilə əla alınmış çoxsaylı Qərb siyasətçiləri, parlamentariləri və media mənsubları hələ uzun müddət onun “müdafiəsi” üçün çalışacaqlar.

Lakin bu qərar göstərir ki, beynəlxalq hüquqi sistem belə cəhdlərə qarşı həssas deyil. Azərbaycan da bu prosesdə beynəlxalq hüquq normalarına tam uyğun hərəkət edir və istənilən təzyiqlər hüquqi əsaslar qarşısında təsirsiz qalacaq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR