İnsanlara hürriyət, millətlərə istiqlal!

Meymunu fikirləşmək

1715 27.08.2022 10:00 Yazarlar A A

“Zəmani ki, mənim bəxtimdən həmşəhərlilərim də ki, sizsiniz, nə kamal var, nə ağıl var, nə beyin var; bu surətdə mənim hünərimdən nə hasil olacaq, mənim şeirim nəyə məsrəfdir?”

(Mirzə Fətəli Axundov, “Hekayəti Molla İbrahim-Xəlil kimyagər” əsərindən)

Dünən internetdə bir süjetə baxdım, xeyli güldüm. Və dahi Mirzə Fətəli Axundovun böyüklüyünə bir daha əmin oldum.

Şəkidə dələduzlar camaatı aldadıblar, çoxlu adamı soyublar. Ən az pul itirən 300 manat, ən çox itirən 10 min manatı veribdir. Azı 150 nəfər tora düşüb. Mexanizm isə belə imiş: ilk dəfə 35 manat ödəyən insan 15 gündən sonra 280 manat, ikinci mərhələdə 105 manat ödəyib 840 manat, üçüncü mərhələdə 170 manat ödəyib 1360 manat, sonuncu mərhələdə isə 625 manat qoyaraq 5000 manat qazanacaqmış. Cəlbedici təkliflərə inananlar onlara göndərilən bank hesablarına külli miqdarda pul köçürüblər.

Əlbəttə, ağlı başında olan istənilən adam ilk növbədə özünə sual verməlidir ki, bu pulları hansı üsulla belə artırmaq mümkündür? Qanuni yolla belə şey mümkün deyil. O cümlədən, dələduzlar da dəli deyil ki, bank soyub pulları sənə versin. Deməli 21-ci əsrdə bizdə hələ Hacı Kərim zərgər, Ağa Zaman həkim, Molla Salman və başqaları yaşamaqdadır.

Bu adını çəkdiyim personajlar Axundovun 1850-ci ildə yazdığı, Azərbaycan ədəbiyyatında ilk dram əsəri olan “Hekayəti Molla İbrahim-Xəlil kimyagər” pyesinin “qəhrəmanlarıdır”. Onlar da inanırlar ki, kimyagər misi gümüşə çevirir. Bu məqsədlə çoxlu pul yığıb lotuya verirlər, lakin lotu bir şərt qoyur: gərək misin gümüşə çevrilməsi prosesi zamanı pul verənlər ürəklərində meymunu fikirləşməsinlər. Əgər meymunu xatırlasalar, mis gümüş olmayacaqdır. Sonra nə olur, niyə yazıram? Zəhmət çəkin, kitab oxuyun.

Şəki şəhərinin mərkəzində Axundovun ev muzeyi var. Qala divarları yaxınlığında adına suyu gəlməyən xaraba bir bulaq da qayırıblar, icra hakimiyyətinin rüşvət yığmaqdan başı açılanda yəqin təmir etdirər. Sözümün canı odur ki,  sənin dahi həmyerlin 172 il qabaq kitab yazıb, oxumursan, sonra da zibilə düşürsən. Lotular gəlir, beş-on manat çörək pulun qalmışdı, onu da qapazlayır aparır. Lap belə əcəb eləyir. İntervü verən zərərçəkənlərdən biri belə deyirdi: “Şəkili olmaqlarına aldandıq, etibar elədik”. Əlbəttə. Axundovun o pyesindəki obrazlar da şəkili idi. Məsələn, Molla İbrahim-Xəlil özü Kəldək kəndindən idi. Düzdür, onun iki şagirdinin birini dahi yazarımız pyesin remarkasında iranlı, o birini isə samuxlu olaraq göstərmiş və bizdə dələduzluğun geniş coğrafiyasına işarə vurmuşdu, ancaq aldananların hamısı nuxalı, yəni, indiki Şəki sakinləriydi.

Çağdaş “Molla İbrahim-Xəlil”lərimizin bir xüsusiyyəti də mənə ləzzət elədi: dələduzların hamısı zənən xeylağı imiş. Vallah, halal olsun. Cinayət və lotuluq aləmimizdə feminizmin qalib gəlməsini, patriarxallığa tam zəfər çalmasını həsrətlə gözləyirəm.

Polisin ilkin açıqlaması da ləzzət verdi, deyir bu qrupun ölkənin başqa yerlərində də oxşar dələduzluğa əl atması haqda məlumatlarımız vardır. Təbii, regionlarımızın hamısı bərabər sürətlə inkişaf edir və onların hamısını birləşdirən ümumi xüsusiyət belədir: Axundovu oxumamaq. İndi cənubdan gələn dini kitab oxumaq dəbdədir, Axundov sizə haramdır.

Nəhayət, bilmirəm bu qrupu hansı ittihamla tutmaq mümkündür. Avamı yolmaq məsuliyyət yaradırmı? Üstəlik, lotoreyanın şərtini də bilmirik, bəlkə onlar pul aldıqları adamlara deyiblər: “Nəbadə meymunu yadınıza salasınız”...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR