İnsanlara hürriyət, millətlərə istiqlal!

Metsamor AES-də qəza olsa... - Türkiyə niyə narahatdır?

608 25.08.2022 08:20 Gündəm A A

Qarsda Ermənistandakı istismarı bitmiş atom elektrik stansiyasında “mümkün təhlükə” ilə bağlı təlim keçirilib; yeni “erməni terroru” bölgəni təhdid edir; ekoloq: “Biz də Türkiyə kimi ön hazırlıqlı olmalıyıq...”

Türkiyənin həmsərhəd Qars vilayətində Ermənistandakı Metsamor AES-də “mümkün qəza” halı ilə bağlı təlim keçirilib. “Yeni Müsavat” bildirir ki, təlim Qars vilayətinin Fövqəladə Hallar İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Təlimin məqsədi radioaktiv tullantıların sızması zamanı görüləcək tədbirləri təcrübədən keçirmək olub.

Təlimlərin planına əsasən, stansiya yaxınlığında ehtimali 7 bal gücündə zəlzələ nəticəsində radioaktiv maddələrin sızması baş verib, Türkiyənin yaxınlıqdakı yaşayış məntəqələrinə də ziyan dəyib. Onu da deyək ki, atom elektrik stansiyasından Türkiyəyə qədər olan məsafə cəmi 16 km-dir.

Belə bir təhlükə nə dərəcədə ciddidir? Qardaş ölkədə hansısa konkret faktlardan qaynaqlanan narahatlıq ola bilərmi? Yeri gəlmişkən, Avropa İttifaqı dəfələrlə Metsamor AES-in bağlanması tələbi ilə Ermənistan hökumətinə müraciət edib. Çünki yüksək seysmik zonada yerləşən və köhnələn AES region üçün ciddi təhlükə mənbəyidir. Radioloqlar tez-tez həyəcan təbili çalırlar ki, təhlükə hətta bizim sərhəd bölgələrinə belə, onlarla kilometr, bəzən hətta 100 kilometrə qədər radioaktiv maddələrin təsirinin yayılması müşahidə edilə bilər. Radiasiya isə təksə insanlara yox, bütün canlılara - heyvanlara, bitkilərə mutasion təsir yaradır. İnsanlarda daha çox xərçəng, qan xəstəliklərinin yaranmasına gətirib çıxara bilir. Şikəst uşaqların doğulmasına səbəb ola bilir. Hiroşimo və Naqasakiyə atılan atom bombalarının indiyə qədər də fəsadları davam edir. Mutasiyalar, gen dəyişiklikləri, müxtəlif xəstəliklərin artması, bütün canlı təbiətin məhv olması deməkdir.

Ermənistan istismar müddəti bitmiş “Metsamor” AES-lə regional ekoloji mühiti təhlükə altında saxlamaqda davam edir. Bununla bağlı region dövlətləri, xüsusən də Azərbaycan və Türkiyə dəfələrlə həyəcan təbilini çalıb. Dünya mediasında da bu AES-in real təhlükəsi barədə əsaslandırılmış məqalələr dərc edilib. “National Geographic” kimi məşhur nəşrlərdə “Metsamor” - hələ də fəaliyyətdə olan ən təhlükəli atom stansiyalarından biri kimi" başlıqlı məqalələr dərc olunub.

Türkiyə Metsamor AES təhlükəsinə qarşı HƏRƏKƏTƏ KEÇDİ - FOTOLAR

Bütün bunlara baxmayaraq, Ermənistan “Metsamor”un timsalında hər an partlamağa hazır bomba kimi regionu təhdid etməkdə davam edir...

Sözügedən stansiya 1980-ci ildə Türkiyə sərhədindən cəmi 16 kilometr məsafədə - Ermənistanın yüksək seysmik bir ərazisində inşa edilib. Hazırda heç bir müasir təhlükəsizlik tələblərinə cavab vermir. Çox da güclü olmayan bir zəlzələ ilə AES-ə ciddi zərər dəyə bilər. Bu isə Cənubi Qafqazda və qonşu ölkələrdə yüksək radioaktivliklə nəticələnər. Bundan başqa, AES-in idarəetməsi və tullantıların idarə olunması ilə bağlı yetəri qədər rəsmi məlumat yoxdur. Türkiyəli mütəxəssislərin son təhlillərinə görə, AES-in radiasiya ilə çirklənən suları yeraltı sular ilə qarışmaqda davam edir. Bu da Türkiyənin İğdır vilayətində yaşayan əhalinin sağlamlığına ciddi zərər verir.

Təsadüfi deyil ki, artıq bu bölgədə əlil uşaqların və xərçəng xəstələrinin sayının artması halları müəyyən edilir. Bütün bunları nəzərə alaraq, Avropa Komissiyası, Türkiyə və ekologiya üzrə ixtisaslaşmış təşkilatlar bu AES-in bağlanması istiqamətində Ermənistana təzyiq göstərirlər. Hətta Ermənistan hətta bir qədər də irəli gedərək radioaktiv tullantıları qeyri-qanuni yollarla satışa çıxarır. Bir müddət əvvəl Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Kutaisi şəhərində üzə çıxardığı faktlar da bunu sübut edir. Fakta görə, “Americium-241" radioaktiv maddəsini qanunsuz olaraq satmağa cəhd göstərdikləri üçün iki nəfər saxlanılmışdı, onlar 300 min avroya radioaktiv maddə satmağı planlaşdırıbmış.

Ümumdünya Atom Sənayesinin Vəziyyətinə dair hesabatda (2020) göstərilir ki, bu AES-in aktiv bir reaktoru vasitəsilə hazırda Ermənistanın ümumi elektrik enerjisinin 27,8 faizi təmin edilir. Ölkədə istehsal olunan elektrik enerjisinin yerdə qalan hissəsi hidro, günəş və külək mənbələrindən, eləcə də idxal edilən təbii qazdan əldə olunur. Ekspertlərin fikrincə, Ermənistanın da kifayət qədər su ehtiyatlarına malik olduğunu nəzərə alsaq, məsələn, Sevan gölü ümumi istehlakın təxminən 80 faizini ödəyir, enerji mənbəyi olaraq atom enerjisi çox rahatlıqla su enerjisi ilə əvəz edilə bilər. Digər seçim kimi, qonşu Rusiya və İrandan idxal olunan qaz həcminin artırılmasını təklif etmək olar.

Qorxmaz İbrahimli: “Ölkədə demokratiya nə qədər güclənəcəksə...”

Qorxmaz İbrahimli

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli “Yeni Müsavat”a bildirdi ki, əgər Metsamor AES-də sızma və partlayış baş verərsə, böyük fəlakət yaşana bilər. Ekoloqun sözlərinə görə, bu da ən yaxın coğrafiya biz olduğumuz üçün Azərbaycan və Türkiyəyə təhlükədir.

Q.İbrahimli hesab edir ki, Türkiyədə mütəxəssislər var və indidən ehtiyat tədbirləri görürlər: “Amma mütəxəssislər bunu deyə bilər ki, onu qapatmaq olar, yox. Əgər Ermənistan Türkiyə ilə normal münasibətlər qurarsa, o zaman bununla bağlı birgə addımlar ata bilərlər. Hər halda Türkiyənin indidən təlimlər keçirməsi normaldır, qabaqcadan tədbirlər görməyə çalışır, məncə, biz də Türkiyə kimi ön hazırlıqlı olmalıyıq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR