İnsanlara hürriyət, millətlərə istiqlal!

Metro və avtobuslarda gediş haqqı niyə artırıldı?

3738 31.01.2023 17:32 Gündəm A A

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixli iclasında metro və sərnişindaşımada gediş haqlarının artırılmasına dair qərar qəbul edilib. Bu qərar ictimai nəqliyyat xidmətləri göstərən daşıyıcı şirkətlərin Tarif (qiymət) Şurasına etdikləri müraciət müraciət əsasında qəbul edilib.

Şura təklifləri müzakirə edərək metroda sərnişindaşıma tarifini 40 qəpik (əvvəlki tarif 30 qəpik), müntəzəm şəhərdaxili marşrutlarda tarifin yuxarı həddini 40 qəpik (əvvəlki tarif 30 qəpik), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə tarifi məsafədən asılı olaraq 40 qəpik-1 manat arası (əvvəlki tarif 30-90 qəpik), müntəzəm şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddini 1 kilometr üçün 3 qəpik (əvvəlki tarif 2,4 qəpik), Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında tarifi 60 qəpik (əvvəlki tarif 50 qəpik) səviyyəsində  müəyyənləşdirib.

Qeyd edək ki, Tarif Şurasının qərarı gözlənilən hesab olunur. Çünki 2021-ci ilin yanvarında Azərbaycanda sərnişindaşımada əsas yanacaq olan dizelin qiyməti 33 faiz, Aİ-92 markalı avtomobil benzininin qiyməti isə 15 faiz artırılıb. Ona qədər dizel 60 qəpiyə(indi 80 qəpik),  Aİ-92 benzini isə 90 qəpiyə(indi 1 manat) satılırdı. Bu bahalaşmadan sonra hökumət sərnişindaşıma şirkətlərinə müəyyən subsidiya ayırsa da, bu, daşıyıcıların artan xərclərini kompensasiya etmirdi. Belə ki, daşıyıcı şirkətlərin verdiyi məlumata görə, Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən 2200-dən artıq avtobusun 70 faizə qədəri dizel yanacağı ilə çalışır.

Üstəlik, 2022-ci ilin birinci rübündən başlayaraq qlobal bazarlarda qeydə alınan bahalaşma daşıyıcıların texniki xidmət xərclərini də 30 faizdən çox artırmışdı. Elə ki, avtobuslara texniki qulluq zamanı istifadə olunan yağlar, materiallar, ehtiyat hissələrinin dəyəri kəskin şəkildə artıb. Belə bir şəraitdə sərnişindaşıma ilə məşğul olan şirkətlərin zərərlə üzləşməsi qaçılmaz idi. Buna görə də ötən ilin ikinci yarısından artıq daşıyıcı şirkətlər üzləşdikləri böhranlı vəziyyətlə bağlı açıqlamalar verir, etirazlarını ictimailəşdirirdilər.

Koronavirus pandemiyası dövründə tətbiq edilən məhdudiyyətlərdən ciddi zərər çəkən daşıyıcı şirkətlərin səsi eşidilməliydi. Bu baxımdan, Tarif Şurasının qərarı ictimaiyyət üçün gözlənilməz olmadı…

Rəsmi statistikaya əsasən son 7 il ərzində Azərbaycana 1466 avtobus gətirilib ki, bu da avtobus parkının 61 faiz yenilənməsi deməkdir.  Yalnız ötən il 170-i dövlət investisiyası, 85-i daşıyıcılar tərəfindən olmaqla ümumilikdə 255 ədəd avtobus gətirilib.

Hazırda 177 marşrut xətti üzrə xidmət göstərilir, onlardan 40 faizi şəhərdaxili, 60 faizi şəhərətrafı marşrut xətləridir. 2022-ci ildə Bakı şəhərində, Bakı ətrafı qəsəbə və kəndlərdə 8 yeni müntəzəm marşrut xətti yaradılıb, bu yeni xətlərlə gündəlik orta hesabla 23 mindən artıq sərnişin daşınır.

Son 7 ildə 1215 dayanacaq məntəqəsi təşkil olunub. Yalnız 2022-ci il ərzində 4-ü smart tipli pavilyon olmaqla ümumilikdə 278 yeni avtobus dayanacaq məntəqəsi qurulub.

2022-ci ilin sonuna olan məlumata əsasən, Bakı şəhərində marşrut xətlərinin 50 faizində, avtobusların isə 64 faizində nağdsız ödəmə sistemi tətbiq olunub.

Yeni  avtobuslarla gündəlik 600 mindən çox sərnişin daşınır.

Sərnişindaşıma xidmətini həyata keçirən sürücülərin hazırlanması və ixtisasının artırılması məqsədilə 5000-dən artıq sürücüyə təlim keçirilib.

Rəsmi statistikadan da aydın olur ki, 2020-ci ildə pandemiyanın təsiri ilə sərnişindaşımada kəskin azalma olub. Belə ki, Azərbaycanda avtobusla 2019-cu ildə 1milyard 741 milyon 365 min nəfər, 2020-ci ildə isə 1 milyard 55 milyon 268 min nəfər sərnişin daşınıb. 2021-ci ildə də sərnişin daşınmasında ciddi artım müşahidə olunmayıb -  1 milyard 33 milyon nəfər sərnişin daşınıb. Bu isə o deməkdir ki, daşıyıcı şirkətlər üzləşdikləri zərəri daha çox sərnişin daşımaqla kompensasiya edə bilməyiblər.

Üstəlik, dizel yanacağının qiymətindəki bahalaşmaya görə dövlət tərəfindən subsidiyanın ödənməsinə 1.5 ildən sonra başlanıb. Nəticədə indiyədək nəqliyyatda sərnişindaşıma sahəsinə dizel yanacağının tarif artımına görə cəmi 4,3 milyon manat subsidiya ödənib. ÖPandemiyaya və davamlı fəaliyyətə görə daşıyıcı şirkətlərə cəmi 47,6 milyon manat maliyyə yardımı göstərilib. Şirkət nümayəndələrinin dediyinə görə, bu məbləğlər onların uğradıqları zərərin yarısını belə kompensasiya etmir.

Metroya gəlincə, 2021-2022-ci illərdə 2 yeni stansiya (“8 Noyabr” və “Xocasən”) açılıb. Xətlərin cəmi uzunluğu 40.7 km-ə, xətlərin sayı 3-ə, stansiyaların sayı 27-yə çatdırılıb. Dövlət Proqramına görə, yeraltı yolların ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 77-yə çatacaq.

Son 5 ildə  innovasiyalar baxımından sonuncu nəslə mənsub müasir tipli 100 vaqon, 20 qatar alınıb.

Müasir infrastruktur və enerji təchizatının ən yeni standartlı 8 ədəd elektrik yarımstansiya qurulub.

Yeni metro stansiyalarının tikintisinə investisiya qoyuluşundan başqa, son 4 ildə dövlətin metroya ayırdığı maliyyə yardımı 231 milyon manat təşkil edib

Həm metroda, həm avtobuslarda mövcud tariflər sərnişin daşınmasının maya dəyərindən aşağıdır. Avtobusların müxtəlif markada və qiymətdə olması tarif tənzimlənməsində vahid yanaşmaya imkan vermir - 1 sərnişinin daşınmasının maya dəyəri ilə tarif arasında fərq, bəzi hallarda 2 dəfəyə yaxın təşkil edir. Metroda 1 sərnişinin daşınmasının maya dəyərinin  2023-cü ildə 82 qəpik olacağı gözlənilir, şəhərdaxili avtobus marşrutlarında isə amortizasiya xərci ilə birlikdə 33,5 - 57,4 qəpik arasında dəyişir. Göründüyü kimi, orta qiymət 40 qəpikdən artıqdır.

Maya dəyərinə təsir edən daha bir məqam sərnişin sayının pandemiyadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalmasıdır. Məsələn, pandemiya dövründə metroda bir sərnişinin daşınmasının maya dəyəri 1 manat 53 qəpik (2020-ci il) və 1 manat 40 qəpik (2021) olub. Tarifin 30 qəpik olduğunu nəzərə alsaq, bu iki il ərzində metropolitenin nə qədər ziyanla işlədiyi aydın olur. İndinin özündə də sərnişindaşımada pandemiyadan əvvəlki dövrün göstəricilərinə dönmək mümkün olmayıb. Belə ki, 2022-ci il ərzində ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki dövrün cəmi 62 faizini təşkil edib.

Tarif artımından sonra metro üzrə 20 milyon manat, avtobus nəqliyyatı ilə daşımalar üzrə isə 200 milyon manat əlavə vəsaitin yaranacağı gözlənilir.

Tarif (qiymət) Şurasının iclasında təklif olunan tarif dəyişikliyi modelləri arasında sosialyönümlülük nəzərə alınıb, dövlətin sosial siyasətinə uyğun olaraq ən optimal variant seçilib,  sərnişinlə xidmət göstərən şirkət arasında maraqlar balanslaşdırılıb.

Yeni tariflərlə gündəlik metrodan və ya şəhərdaxili marşrutlardan istifadə edən bir vətəndaşın payına düşən aylıq artım 4-6 manat təşkil edəcək.

Onu da bildirək ki, yeni tarifin qəbulundan sonra belə Bakıda sərnişin daşıma tarifləri əksər MDB ölkələri ilə müqayisədə ən aşağı qiymət hesab olunur:

 

Bakı

Moskva

Kiyev

Minsk

Tbilisi

İstanbul

Metro

0,40

1,52

1.00

0.96

0.64

1.81

Avtobus

0,40

1,52

1.00

1.16

0.64

1.81

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR