İnsanlara hürriyət, millətlərə istiqlal!

Meşəli qatili azərbaycanlıları öldürən digər şəxslərin adlarını dedi

825 02.11.2023 11:20 Gündəm A A

Zərərçəkən Əli Behbudov: “Vaqif Xaçatryanın dəstəsi qayınatamı evdə diri-diri yandırdı”

Noyabrın 1-də Yasamal Rayon Məhkəməsində Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə öncə bildirilib ki, zərərçəkənlər Əli Mehralıyev, Sədaqət İsmayılova üzrlü səbəblərdən məhkəmə prosesində iştirak edə bilmirlər. Bu səbəbdən onlar məhkəməyə teleqram göndəriblər. Zərərçəkənlər teleqramlarında səhhətləri ilə bağlı məhkəmə prosesində iştirak edə bilmədiklərini, ilkin istintaqa verdikləri ifadələrini təsdiqlədiklərini qeyd ediblər. Hakim onların istintaqa verdikləri ifadələri açıqlayıb.

Zərərçəkmiş Əli Mehrəliyev istintaqa ifadəsində bildirib ki, gözünün qarşısında iki qadının meyitini yandırıblar. O qeyd edib ki, kəndə hücum zamanı atası və dayısı oğlu güllələnərək öldürülüb: “Kəndin bir neçə sakininin qətlə yetirilməsinin şahidi olmuşam. Gözümün qarşısında qətlə yetirdikləri iki qadının meyitini yandırdılar. Atamın meyitini dəfn etdikdən sonra çox əziyyətli günlər yaşadıq. Kənddən çıxanda əliyalın idik”.

Zərərçəkmiş Sədaqət İsmayılova isə istintaqa verdiyi ifadəsində deyib ki, Qarabağ müharibəsi başlayanda həyat yoldaşı Tahir könüllü şəkildə döyüşlərə qatılıb: “Mənə zəng edib dedilər ki, yoldaşın şəhid olub. Daha sonra məlum oldu ki, Tahir Meşəli soyqırımı zamanı öldürülüb. Həmin gün ermənilər evlərimizə od vurub yandırmışdılar”.

Daha sonra şahid qismində zərərçəkənlər dindirilib.

Zərərçəkən Salman Rəhimov Meşəli qətliamında ayağından yaralandığını, bu qətliama Vaqif  Xaçatryanın başçılıq etdiyini deyib. Lakin Xaçatryan yenə də cildə girərək, bu etdiklərini boynuna almayıb: “Meşəli kəndində Bəxtiyar və Ədillə qardaş kimi olmuşam. Mən onlarda çörək kəsmişəm. Mən onlara qarşı hücum etməzdim. Vallah mən olmamışam. Mən tutulduğuma görə hamı məni günahlandırır.

Mən heç öz evimdə, ailəmdə başçı, rəhbər olmamışam, o da ola dəstəyə başçılıq edim. Bizim evdə başçı anam idi".

Bu zaman məhkəmədə gərginlik yaranıb. Zərərçəkən israrla qətliama Vaqif Xaçatryanın rəhbərlik etdiyini deyib: “Sən indi burada deyirsən ki, sən orada iştirak etməmisən. Amma dəstəyə sən başçılıq edirdin. Hamı sənin adını çəkirdi.

İki güllə yarası almış biri kimi, zərərçəkmiş kimi məhkəmədən xahiş edirəm ki, Vaqif Xaçatryana ömürlük cəza verilsin. Hadisə zamanı bacım Bəyim yaralanıb, nənəm Sürəyya başından güllə yarası alması nəticəsində ölüb.

Hücum edənlərin əksəriyyəti Badara kəndinin sakinləri idi. Vaqif Xaçatryan, Valeriya və digər şəxslər. Çoxunun adını bilmirəm. Vaqif Xaçatryan orada olub, iştirak edib. Valeriya, Armayis, Vaqif dəstənin başçıları olub. Vaqif Xaçatryan başçısı idi. Badara sakinləri Meşəli kəndinin sakinlərini oradan çıxarmaq istəyirdilər. Dəfələrlə demişdilər ki, sizi buradan çıxaracağıq, evinizi yandıracağıq. Xaçatryan Meşəli qırğınının əsas təşkilatçısı olub".

“Vaqif Xaçatryan bizim kəndin sakinlərinə zülm verib. Bizi bir dəfə yaylaqda atəşə tutmuşdular”. Bu sözləri isə zərərçəkmiş Elşən İbadullayev deyib. Zərərçəkən qeyd edib ki, hadisə zamanı uşaqlar da orada olub: “Hadisə günü də kəndə hücum etdilər. Mikrofonla deyirdilər ki, təslim olun. Qənimət kişi təslim olmuşdu. Niyə güllələdilər? Kömək olmasaydı, bizi də öldürəcəkdilər. Evimizi, tövləmizi yandırmışdılar. İçində heyvanlar da yanmışdı. Vaqif Xaçatryan orada olub.

30 ildir Vaqif Xaçatryana görə evimdən didərgin düşmüşəm. Ona ömürlük cəza verilməsini istəyirəm".

Digər zərərçəkmiş Niyazi İbadullayev bildirib ki, hadisə zamanı Meşəli kəndində olmayıb. Onun sözlərinə görə, hadisə zamanı qardaşı Sabir şəhid olub: “Mən həmin kəndin sakiniyəm. Qardaşım, bibim və digər şəxsləri maşında güllələyiblər. Qohumlarımdan eşitmişəm ki, Vaqif Xaçatryan da bu hadisədə fəal iştirak edib. Çoxlarının adını çəkiblər. Ernis, Armayis da orada olub. Şikayətçiyəm, ömürlük cəza verilsin”.

V.Xaçatryan təsdiqləyib ki, Armayis, Ernis də Meşəli kəndində baş verən hadisədə iştirak ediblər.

Zərərçəkmiş Əli Behbudov Vaqif Xaçatryanın dəstəsinin onun qayınatasını evdə diri-diri yandırdığını deyib: “Hadisədən bir həftə əvvəl azərbaycanlıların silahlarını yığmışdılar. Kənddə heç kəsdə silah yox idi. Çünki hamısını bir həftə əvvəl yığmışdılar. Hadisə zamanı Aramis, Armais, Vaqif və qardaşı Qürgen Meşəli kəndinə hücum edən dəstəyə başçılıq edirdi. Onlar evimizi yandırdı, maşınımı gülləbaran etdi. Mikrofonla çığırırdılar ki, kənddən çıxın. Yolumuz Badara kəndindən keçirdi. Yolumuzu kəsdilər, bizi qoymadılar o yoldan istifadə edək. Bizə həm guya dostluq, həm düşmənçilik edirdilər. Əvvəlcə onlar özlərini bizim evin adamı kimi hesab edirdi, gəlib gedirdilər, sonradan qənim kəsildilər. İndi burada məhkəmə qarşısındadır deyə boynuna almır. Mən də onun yerinə olsam, boynuma almaram”.

Zərərçəkmiş Nadir Əkbərov isə qeyd edib ki, Xaçatryan onun ata-anasını güllələyib, azərbaycanlı  girovlara işgəncə verib: “Rus silahlılarını kəndə Xaçatryan gətirib. Nemətin evinin üstündən rus əsgərləri ilə birlikdə kəndə Vaqif Xaçatryan atəş açdı.

Səhər tezdən kəndi pulemyotlarla atəşə tutdular, gülləbaran elədilər. Əvvəlcə Azərbaycan dilində, sonra rus, sonra isə erməni dilində mikrofonla qışqırdılar ki, kəndi tərk edin. Evindən çıxanı güllələdilər. Atamı və anamı Vaqif Xaçatryan güllələyib".

Zərərçəkən Vaqif Xaçatryanı tanıdığını, lakin heç vaxt  ünsiyyətdə olmadığını deyib: “Armais, Ermes, Vaqif əsas başçılardan idi. Özlərini millətçi adlandırırdılar. Tutulanda televizorda görən kimi tanıdım bunu. Doğrudur, heç vaxt münasibətim olmayıb, amma onu yaxşı tanıyırdım”.

Məhkəmənin sonunda hakim Zeynal Ağayev bildirib ki, zərərçəkmiş şahid Azay Kərimov ANAMA-nın əməkdaşıdır, hazırda Cəbrayıl rayonundadır, məhkəmə prosesində iştirak edə bilmir.

Hakim bu səbəbdən növbəti məhkəmə iclasını noyabrın 6-na təyin edib.

Qeyd edək ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

Bu cinayətə görə uzun zamandır rəsmən axtarışda olan Xaçatryan Vaqif Çerkezoviç 29 iyul 2023-cü il tarixdə səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Oktyabrın 18-də keçirilmiş məhkəmədə prokuror ittiham aktını elan edib. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR