İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi küçələrdə qəzaların sayı niyə azalmır? - Yeni qərara rəylər

515 18.03.2023 08:19 Gündəm A A

“Bakıda bəzi küçə və prospektlərdə sürət həddi endirilir”.

Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

O qeyd edib ki, statistika paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də yüksək sürət həddi olduğunu göstərir: “Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş ”Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanıb və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb. Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq. Sürücülərimizin sürət hədlərinə riayət edəcəyinə inanırıq. Sizin təhlükəsizliyiniz bizim məsuliyyətimizdir".

Ərşad Hüseynov: "O qədər siqnala basdılar, qaydanı pozdum..." - FOTO

Hüquqşünas Ərşad Hüseynov bildirdi ki, Bakı şəhərinin və Abşeron yarımadasının bəzi küçə və yollarında sürət həddinin dəyişdirilməsi ilə bağlı qərar keçmişdə buraxılmış ciddi səhvlərin düzəldilməsidir. Ekspertin sözlərinə görə, vaxtilə sürücüləri sıx məskunlaşma ərazilərindən keçən küçə və yollarda yüksək sürətə öyrəşdirən belə səhvlər (yüksək sürətlə hərəkətə təhrik edən yol infrastrukturu, qanundan kənar sürət həddinin tətbiqi və s.) olmamalı idi, yaxud çoxdan aradan qaldırılmalı idi: “Nəhayət ki, bu qərar verildi və sürət həddi endirildi, amma təkcə sürət həddini endirməklə iş bitməyəcək. Təhlükəsizliyi artırmaq üçün Dövlət proqramında nəzərdə tutulan xeyli digər işlər (yol tikəndən başlamış yolda nişan qoyanadək hər kəsin peşəkar və məsuliyyətli fəaliyyətinin təmini, sürücü hazırlığı və sürücü olma işinin təkmilləşdirilməsi, cəmiyyətdə təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması və s.) də görülməlidir.

Ən ciddi işlərdən biri də qəbul edilən qərarların düzgünlüyünün və ən yaxşısı olduğunun cəmiyyətə çatdırılması, insanların buna inandırılmasıdır. Qərar qəbul edənlər (bu halda DYP və BNA) müasir elmi-texniki yanaşmalara istinadla insanları inandırmalıdırlar ki, belə qərarlar daha çox cərimə tətbiqinə, yolda daha çox vaxt itirilməsinə yox, hər kəs (piyada, sürücü, sərnişin) üçün daha təhlükəsiz və daha fasiləsiz, daha dayanıqlı və etibarlı hərəkət (mobillik) mühitinin yaradılmasına xidmət edəcək. Yeri gəlmişkən, bu qərar hələ tətbiq edilməyib. Onun icrası üçün yollarda hərəkətin təşkilinə uyğun dəyişikliklər edilməlidir (nişanların qoyulması və s.)".

Əsas problemlər yenə də qalır"

Nəqliyyat eksperti Elməddin Muradlı mövzunu “Yeni Müsavat”a şərh edərkən qeyd etdi ki, sürət həddinin endirilməsi qəzaların qarşısını tam almayacaq. Ekspert hesab edir ki, radar olmayan yerlərdə qaydalar hər zaman pozulur: “Bəzi sürücülər radara çatanda sürəti azaldırlar. Buna görə də hesab edirəm ki, sürət həddinin endirilməsi yekun çıxış yolu deyil. Fikrimcə, mobil radarlar (tez-tez yeri dəyişdirilən) tətbiq olunmalıdır. Gözlənilməz cərimələr sürücüləri daha məsuliyyətli olmağa vadar edə bilər. Eyni zamanda gələcəkdə ağıllı radarlar da tətbiq oluna bilər. Bu zamanda radarlar arasında məsafənin qət edilmə vaxtı ölçülür, tez çatan sürücü avtomatik cərimələnir. Bu zaman məsuliyyətdən yayınmaq mümkün olmur”.

E.Muradlıya görə, əsas məsələ daxili mədəniyyətin olması, verilən qərarlardan nəticə çıxarılmasıdır. Ekspert sözügedən ərazilərdə optimal sürət həddinin saatda 90 km/saat olduğunu bildirdi: “Heydər Əliyev prospektinin müəyyən hissələrində saatda 110 km sürətlə hərəkət qəza riski yaradır. Babək prospektində də eyni vəziyyətdir. Kəsişmə nöqtələrində, geriyədönmə yerlərində qəza riski çoxdur. Ziya Bünyadov prospektində zəncirvari qəzaların qarşısını almaq üçün sürət həddinin endirilməsi vacibdir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR