İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank ilin sonuna doğru inflyasiyanın azalacağını gözləyir

392 30.07.2022 09:30 İqtisadiyyat A A

Quruma görə, xarici mənşəli xərc amilləri inflyasiyanın dinamikasını müəyyənləşdirən başlıca faktor olaraq qalır

Dünyada sürətlənən inflyasiya mərkəz bankları uçot dərəcələrini artırmağa, sərt monetar siyasətə keçməyə vadar etməkdədir. Artıq dünyanın bir saylı iqtisadiyyatında monetar siyasəti tənzimləyən ABŞ Federal Ehtiyatlar Sistemi(FED) uçot dərəcəsini yenidən 0,75 faiz bəndi artırmaqla 2,25-2,50 faizə çatdırıb. FED rəhbəri ölkədə 9 faizi keçən illik inflyasiyanı cilovlamaq üçün yenidən və daha sərt artımlara gediləcəyinin anonsunu verib.

İllik inflyasiya səviyyəsi ikirəqəmli həddə çatan Azərbaycanda Mərkəzi Bank iyulun 29-da uçot dərəcəsini dəyişməz saxlamaq barədə qərar qəbul edib. Qurumun faiz dəhlizinə dair qərarına əsasən uçot dərəcəsi 7.75 faiz, faiz dəhlizinin aşağı həddi 6.25 faiz, yuxarı həddi isə 9.25 faiz səviyyəsində qalıb. Mərkəzi Bank bu qərarını onunla əsaslandırır ki, qlobal iqtisadi artımla bağlı qeyri-müəyyənliklər yüksək olsa da, tədiyyə balansı baxımından beynəlxalq konyunktur Azərbaycan üçün əlverişli olaraq qalır: “Ticarət şərtlərinin yaxşılaşması şəraitində tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansının profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 3.5 dəfə artıb. Bu, əsas ixrac məhsullarının dünya qiymətlərinin yüksək olması və qeyri-neft ixrac potensialının reallaşması ilə izah olunur. Brent markalı neftin 1 barelinin orta qiyməti 2022-ci ilin I yarımilliyində 105.4 ABŞ dolları səviyyəsində olub. Xarici ticarət göstəricilərinin yaxşılaşması ilə yanaşı ölkəyə daxil olan pul baratlarının artması tədiyə balansının profisitini artırmaqdadır”.

Mərkəzi Bank tərəfindən yeni məsafədən kurslar hazırlanaraq istifadəyə  verilmişdir - BBN.az

MB ekspertləri hesab edirlər ki, əsas ticarət tərəfdaşı olan ölkələrdə pul siyasətinin sərtləşdirilməsi idxal inflyasiyasına azaldıcı təsir göstərə bilər: “Profisitli tədiyə balansı şəraitində strateji valyuta ehtiyatlarının artması davam edir. Bu da orta və uzunmüddətli perspektivdə valyuta bazarının tarazlığı üçün zəmin yaradır. 2022-ci ilin 6 ayında strateji valyuta ehtiyatları 1.8 faiz artaraq 54.2 milyard ABŞ dollarına yüksəlib. Xarici sektor göstəricilərinin yaxşılaşması valyuta bazarında təklif kanallarını genişləndirir ki, bu da Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin azalmasına səbəb olur. Belə ki, iyunda hərraclara çıxarılan ümumi valyuta təklifi tələbi 2 dəfədən çox üstələyib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta satışları üzrə qənaət son 4 ilin maksimum səviyyəsinə çatıb. İyunda nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışı üstələyib. Banklar tərəfindən valyutanın xalis alışının məbləğı son 7 ilin maksimumu olub”.

Mərkəzi Bankda hesab edirlər ki, Azərbaycanda iqtisadi fəallıq yüksək olaraq qalır və onun perspektivləri ilə bağlı gözləntilər nikbindir: “2022-ci ilin yanvar-iyun aylarında ümumi daxili məhsul real ifadədə 6.2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 9.6 faiz artıb. İqtisadi aktivliyin yüksək qaldığını Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələri də təsdiqləyir. Belə ki, iyunda əvvəlki aya nəzərən biznes inam indeksi qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sektorlarında yüksəlib. Məcmu tələbin genişlənməsi müxtəlif sektorlarda özünü fərqli göstərir. 2022-ci ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 2.9 faiz, qeyri-neft investisiyalarının həcmi isə 18.5 faiz artıb. Qeyri-neft ixracı isə 6 ayda ötən ilin müvafiq dövrünə nəzərən 25.4 faiz artıb.

2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin təsdiqlənməsi ilə dövlətin investisiya xərclərinin artırılması II yarımillikdə iqtisadi aktivliyə əlavə dəstək verəcək".

SON dəqiqə! Azərbaycanda deflyasiya baş verdi - RƏSMİ » Paytaxt.Org -  Azərbaycan və dünyada baş verən ən son xəbərlər.

AMB etiraf edir ki, iyunda mövsümi amillərin təsiri ilə istehlak bazarında deflyasiya baş versə də, baza effektinə görə illik inflyasiyanın yüksəlməsi davam edib: “İyunda 0.1 faizlik deflyasiya ərzaq qiymətlərinin 1 faiz ucuzlaşması ilə bağlıdır. Təhlillər göstərir ki, cari ilin iyununda son 10 ilin ən aşağı templi deflyasiyası baş verib. İllik inflyasiya 2022-ci ilin iyununda 14.2 faiz (2022-ci ilin iyun ayı 2021-ci ilin iyun ayına nəzərən) təşkil edib. Orta illik inflyasiya isə 12.9 faiz olub. Baza inflyasiya iyun ayında illik 10.7 faiz, orta illik göstərici isə 9.7 faiz olub. Ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. İyunda illik ərzaq inflyasiyası 20.6 faiz, orta illik ərzaq inflyasiyası isə 18.4 faiz təşkil edib. Qeyri-ərzaq məhsulları üzrə qiymətlər iyunda illik 7.4 faiz, orta illik 6.7 faiz artıb. Xidmətlər son 1 ildə 10.9 faiz bahalaşıb. Orta illik xidmət inflyasiyası 10.3 faiz olub. Ümumilikdə, iyunda illik inflyasiyaya 9 faiz bəndi ərzaq, 1.7 faiz bəndi qeyri-ərzaq, 3.5 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə verib”.

Mərkəzi Bank bildirir ki, xarici mənşəli xərc amilləri inflyasiyanın dinamikasını müəyyənləşdirən başlıca amil olaraq qalır: “Dünya ərzaq qiymətlərinin iyunda 2.3 faiz azalması qarşıdakı aylarda inflyasiyaya azaldıcı təsir edə biləcək amildir. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. İyunda aparılan sorğulara görə, ev təsərrüfatlarının 81.9 faizi qiymətlərin artacağını gözləyir. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə isə iyunda inflyasiya gözləntiləri əvvəlki ayla müqayisədə tikinti, ticarət və xidmət sektorlarında yüksəlib, qeyri-neft sənayesində azalıb. Mövsümi amillərin iyul və avqustda inflyasiyaya azaldıcı təsir göstərəcəyi gözlənilir. İlin sonuna baza amilinə görə illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır. Növbəti ildə isə xarici amillərin əlverişli dəyişimi halında inflyasiyanın tədricən birrəqəmli səviyyəyə enəcəyi proqnozlaşdırılır.

İnflyasiyanın başlıca azaldıcı monetar amili olan manatın nominal effektiv məzənnəsi 6 ayda 1.9 faiz möhkəmlənib. İyulda bəzi tərəfdaşlarda milli valyutaların ucuzlaşması nominal effektiv məzənnəyə əlavə artırıcı təsir edəcək".

2022-ci ilin ötən dövründə dövlət büdcəsinin profisiti nəticəsində vahid xəzinə hesabının artımı və Mərkəzi Bankın sterilizasiya əməliyyatları manatla pul bazasının artımına məhdudlaşdırıcı təsir edib. İlin qalan dövründə xəzinə hesabından xərcləmələrin pul təklifinə artırıcı təsir göstərəcəyi proqnozlaşdırılır. Pul təklifinin inflyasiya yarada biləcək hissəsinin tənzimlənməsi məqsədilə Mərkəzi Bankın sterilizasiya əməliyyatlarını genişləndirməsi nəzərdə tutulur. İllik inflyasiyanın yüksəlməsinə baxmayaraq risksiz pul bazarı alətləri, eləcə də depozit və kredit faizləri üzrə nominal faiz dərəcələrində artımlar müşahidə olunmur. Real faiz dərəcələri azalmaya meyil etsə də, manatla yığımlar cəlbedici olaraq qalır. Belə ki, ev təsərrüfatlarının manatla müddətli əmanətləri ilin əvvəlindən 12.7 faiz, son 1 ildə isə 31.3 faiz artıb.

Əmanətlərdə dollarlaşma - 45%-dən Aşağı Endi - FED.az

AMB bəyan edir ki, maliyyə sektorunda de-dollarlaşma meylləri davam edir: “Qeyri-rezidentlərin əmanətləri istisna olmaqla fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindən 3 faiz bəndi azalıb və iyunun yekunu üzrə 37.5 faiz təşkil edib. Kreditlərin dollarlaşması ilin əvvəlindən 2.8 faiz bəndi azalaraq iyunda 23 faizə enib. 2022-ci ilin iyun ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları ilin əvvəlinə nəzərən 9.9 faiz, ötən ilin eyni ayına nəzərən isə 23.3 faiz artıb”.

Mərkəzi Bank pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması üzrə işləri yekunlaşdırmaq üzrədir. Qurumdan bildirildiyinə görə, bu işlər bir neçə istiqamətdə aparılır: “Banklararası pul bazarının aktivləşməsi məqsədilə əməliyyat platformasının təkmilləşdirilməsi və istinad faizi indekslərinin hesablanması metodologiyasının formalaşdırılması nəzərdə tutulur. Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi istiqamətində daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətlərinin işə salınması və açıq bazar əməliyyatlarının (Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidinin genişləndirilməsi planlaşdırılır. Məcburi ehtiyatların yeni normalara uyğun saxlanılması həm banklararası bazarda tələbin canlandırılması, həm də pul təklifi üzərində nəzarətin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda kredit aktivliyinin effektiv tənzimlənməsi məqsədilə bir sıra makroprudensial qərarlar qəbul edilib. Bunlara əsasən aktivlərin təsnifləşdirilməsi və kredit riskləri ilə bağlı yeni qaydaların tətbiqi aiddir. Son makroprudensial qərarlar həm maliyyə sabitliyinin qorunması baxımından vacibdir, həm də məcmu tələbi azaltmaq potensialı yaradır”.

Azərbaycanda inflyasiya riskləri əsasən qlobal bazardan qaynaqlanır: “İnflyasiya riskləri qısa və orta müddətli dövrlər üzrə fərqlidir. Qısamüddətli dövr üzrə başlıca risklərə dünya əmtəə qiymətlərinin və daşınma-logistika xərclərinin yenidən artması, tərəfdaş ölkələrdə inflyasiyanın artmaqda davam etməsi aiddir. Geosiyasi gərginliyin daha da yüksəlməsi və COVİD-19-a yoluxma hallarının artmasının ardınca dünyada sosial təcrid məhdudiyyətlərinin tətbiqi daşınma-logistika proseslərini yenidən çətinləşdirə bilər. Aparıcı ölkələrdə pul siyasətinin sərtləşməsi və qlobal iqtisadiyyatda fəallığın azalması əmtəə və maliyyə bazarlarında dəyişkənliyi yüksəldə bilər.

Orta və uzunmüddətli dövrdə isə inflyasiyanın dinamikası məcmu tələbin effektiv idarə edilməsindən və valyuta bazarındakı tarazlığın qorunmasından asılı olacaq. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq tətbiq olunacaq qayda əsaslı fiskal siyasət və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi ortamüddətli dövrdə inflyasiya risklərini idarə etməyə imkan verəcək".

AMB pul siyasətinə dair növbəti qərarlarını qlobal mühitdə və ölkə daxilində gedən proseslər, antiinflyasiya siyasətinin nəticələri nəzərə alınmaqla qəbul edəcək.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, gələn il Azərbaycanda xarici amillərin əlverişli dəyişməsi ilə illik inflyasiyanın tədricən birrəqəmli həddə enəcəyi proqnozlaşdırılır.

İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR