İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərhum nazirin irəli çəkdiyi tanınmış ekspert danışdı: Namiq Abbasov xüsusi xidmətin peşəkarı idi

2246 27.03.2024 23:37 Ölkə A A

Sabiq milli təhlükəsizlik naziri, xüsusi xidmət genralı Namiq Abbasov 84 yaşında vəfat edib.

Vaxtilə MTN-də çalışmış, Namiq Abbasovun nazir olduğu dönəmdə istefa vermiş İlham İsmayıl musavat.com-a xüsusi xidmət generalı ilə bağlı xatirələrini bölüşüb.

Deyib ki, Namiq Abbasovla ilk görüşünü belə xatırlayıb: “Mən hələ Minskdə oxuyarkən, 6 aydan sonra Bakıya stajirovkaya göndərildim. O zaman Namiq Abbasov şöbə rəisi idi, məni o qəbul etdi. İlk sualı da bu oldu ki, mülki ixtisasın nədir? Dedim ki, jurnalistəm. Cavabımı eşidəndə güldü. Sonradan bildim ki, onun da ixtisası jurnalistdir. Yanındakı yoldaşa dedi ki, jurnalistlər ən yaxşı cəlbedicilərdir, yəni “verbovşik”lərdir, çünki onlar insanlarla işləməyi, ünsiyyət qurmağı bacarırlar. Yanındakılara tapşırdı ki, İlhamı həqiqi agentlərlə də görüşlərə aparın. Adətən stajirovkaya gələnləri birdən-birə məxfi agentlərlə görüşə aparmırlar. Beləcə münasibətimiz yarandı”.

İlham İsmayıl deyib ki, mərhum Namiq Abbasov onun karyera yüksəlişində də rolu olub: “O, bir müddət Rusiya işlədi. Oradan qayıdandan sonra mən artıq Milli Təhlükəsizlik Nazirliyinin Şəmkir şöbəsinin rəisi idim. O zaman da çox mehriban görüşümüz oldu. Onda da hiss olunurdu ki, bəzi həssas məsələləri ön plana çəkir. Peşəkarcasına bu işlərlə məşğul olurdu”. 

b4444ce8d4f5bf8b4685291ed0910bf2.jpg (83 KB)

İlham İsmayıl

İlham İsmayıl deyib ki, onu vəzifə pilləsində irəli çəkən də Namiq Abbasov olub: “Bəzi tələblər vardı ki, mən heç cür onunla razılaşa bilmirdim. Baxmayaraq ki, məni vəzifə pilləsində irəli çəkən də Namiq Abbasov olmuşdu. O, məni Göyçay rayon şöbəsində Nazirliyə gətirmişdi. Lakin bəzi tələbləri ilə razılaşmadım və hətta münasibətlərimiz gərgin oldu. Bütün bunlara baxmayaraq Namiq Abbasov xüsusi xidmətin peşəkarı idi. Namiq Abbasov ondan sonra nazir postunu tutan Eldar Mahmudovdan bizim sistem üçün dəfələrlə dəyərli idi, Nazirliyin adına uyğun ab-havanı qoruyub saxlaya bilirdi. Eldar Mahmudov bütün bunların üstündən çarpaz xətt çəkdi. Namiq Abbasov rəhbər olduğu müddətdə uğurları da oldu. Onun da bu sahədə müəyyən xidmətləri olub”.
Allah rəhmət eləsin!

Xatırladaq ki, Namiq Rəşid oğlu Abbasov 22 fevral 1940-cı ildə Naxçıvanın Ordubad şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. O, 1962–1976-cı illərdə "Abşeron" qəzetində rəhbər vəzifədə çalışıb. 1970-ci ildən partiya fəaliyyətinə keçib, Abşeron Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləyib. Namiq Abbasov 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1979-cu ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbini bitirib. O, 1992-ci ilədək Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini kimi vəzifələrdə çalışıb.

1992–1994-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini və birinci müavini olub. Namiq Abbasov 1994-cü ilin oktyabr ayından 1995-ci ilin mart ayınadək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri vəzifəsini icra edib. 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri vəzifəsində çalışıb. Namiq Abbasova Azərbaycan Respublikası Prezidentinin 15 may 1994-cü il tarixli fərmanı ilə "general-mayor", 27 dekabr 1995-ci il tarixli fərmanı ilə "general-leytenant", 15 yanvar 2002-ci il tarixli fərmanı ilə "general-polkovnik" hərbi rütbələri verilib. O, 2004–2012-ci illərdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var. Namiq Abbasov 27 mart 2024-cü ildə vəfat edib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR