İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərakeş səfiri: “Bu ölkədə hər şeyi bəyənir, xoşlayıram”

2553 26.05.2022 13:17 Müsahibə A A

Xəbər verdiyimiz kimi mayın 25-də Mərakeşin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə fotoqraf Məhəmməd Tazinin “African Soul” (“Afrika ruhu”) adlı sərgisinin açılışı olub.

Tədbirdə iştirak edən Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş Musavat.com-un suallarını cavablandırıb:

- Cənab səfir, bu, Afrika Günü ilə bağlı təşkil etdiyiniz ilk sərgidir?

 - Əlbəttə ki, bu günə qədər xeyli sayda belə sərgi təşkil etmişik. Amma ilk dəfədir ki, sərgimiz Mall-da təşkil olunur. Sərgini burada təşkil etməkdə məqsədimiz daha çox insanları sərgiyə cəlb etmək, onları Afrikanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış edə bilməkdir.

- Azərbaycanlıların bu cür sərgilərə marağını necə dəyərləndirirsiniz?

- Azərbaycan zəngin mədəniyyəti ilə tanınan bir ölkədir. Deyə bilərəm ki, həm mərakeşlilər, həm də azərbaycanlılar mədəniyyəti çox sevirlər. Ümumiyyətlə, mədəniyyət millətlər arasında körpü rolunu oynayır, onları bir-birinə yaxın edir. Coğrafi şəraitinə görə Mərakeş və Azərbaycan bir-birindən çox uzaq məsafədə yerləşsə də tarix, mədəniyyət, siyasi baxımından yaxın ölkələrdir. Hər dəfə hansısa tədbir təşkil edərkən məqsədimiz bu olur ki, iki dövləti bir-birinə daha da yaxın edək, aradakı mədəniyyət körpülərini inkişaf etdirək.

- Hazırda Azərbaycan və Mərakeş arasında mədəni əlaqələr hansı səviyyədədir?

- Azərbaycan və Mərakeş arasında mədəni əlaqələrin inkişafı ilə bağlı saziş var. Lakin pandemiya ilə əlaqədar olaraq bu məsələ dayandırılmışdı. Pandemiyadan sonra bu əlaqələr daha geniş inkişaf etməyə başlayıb. Buna nümunə olaraq qeyd edə bilərəm ki, Mərakeşdə bu günlərdə musiqi festivalı keçiriləcək və Azərbaycandan olan muğam ifaçıları da həmin festivalda iştirak edəcəklər.

 - Azərbaycanın mədəniyyət və incəsənətində, eləcə də mətbəxində daha çox nələri sevir, bəyənirsiniz?

- Siz məndən soruşa bilərsiniz ki, nələri sevmirəm. Çünki Azərbaycanın mədəniyyət və incəsənəti, mətbəxi çox zəngindir. Ümumiyyətlə, bu ölkədə hər şeyi bəyənir, xoşlayıram.

- Azərbaycanlı və mərakeşlilər arasında hansı oxşarlıq və fərqlilik var?

 - İlk növbədə deyə bilərəm ki, ölkələrimiz qonaqpərvərlikdə çox oxşardır. Hər iki ölkə multikultural dəyərlərə çox böyük önəm verir. Bu günlərdə çay festivalında iştirak etdik. Həmin festivalda müşahidə etdik ki, mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir. Siyasi baxımdan da Mərakeş və Azərbaycanın oxşar cəhətləri, region problemləri var. Bu baxımdan iki ölkənin bir-birinə dəstəyi çox vacibdir.

 

Xalidə Gəray
Foto müəllifindir
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR