İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmurların büdcə talanına qarşı ciddi media və ictimai nəzarət mexanizmi - təklif

679 01.12.2022 09:40 İqtisadiyyat A A

Bir neçə ildir ölkədə kadr və struktur islahatları həyata keçirilir. Bu islahatların bir qolu olaraq da korrupsioner, rüşvətxor məmurların həbsinin şahidi olmaqdayıq. Hazırda həbsxanalarda xeyli sayda məmur - nazir, nazir müavinləri, icra başçısı, idarə rəhbərləri və digər postlar tutmuş şəxslər var. Onların dövlət büdcəsindən, xalqdan oğurladıqları məbləğlər də elan edilib.

Hələ müxtəlif yollarla gizlətdikləri, xaricə daşıdıqları pullar bir yana, rəsmi elan olunanlar toplam bir neçə milyarddır.

Məmurlar həbs olunur, bəziləri 3-5 ildən sonra həbsdən çıxıb yenə kef-damaqda olur. Amma xalqa çatmalı olan pulların böyük qismini geri qaytarmaq mümkün olmur. Çünki o pullar xaricdə əmlaklara, əyləncələrə xərclənib.

Təəssüflər olsun ki, yeni təyin olunan məmurların da bir çoxu korrupsiyaya qurşanırlar, büdcəni talayırlar, sələflərinin yolu ilə gedirlər.

Məsələn, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bu posta 2020-ci ildə təyin olunmuşdu, 2022-ci ilin noyabrında korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb edildi, bir neçə milyon manatı mənimsəməkdə suçlanır.

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı: “Təkcə şəxsləri dəyişmək yetərli deyil, yanaşmanı, sistemi, mexanizmi  dəyişmək lazımdır”

Belə aydın olur ki, insan amilindən çox sərt mexanizmlər qurmağa diqqət ayırmaq daha effektiv  olar. Yəni baş verənlərdən nəticə çıxarıb, elə bir idarəetmə, nəzarət mexanizmi qurmaq, tətbiq etmək lazımdır ki, heç olmasa bundan sonra milyardları oğurlaya bilməsinlər.

Ekspertlər hesab edir ki, bu məqsədlə sağlam mediaya sərbəstlik vermək lazımdır, ictimai nəzarəti maksimuma çatdırmaq lazımdır.

Məsələn, vaxt vardı, Səlim Müslümovun, Eldar Mahmudovun, Ziya Məmmədovun, Vasif Talıbovun büdcəni taladığına dair yazılar verilirdi, amma onda media bunu yazanda “düşmən” elan olunurdu.

Qarşıda konkret hansı antikorrupsiya mexanizmlərinin qurulması büdcə talanının qarşısını ala bilər? Dünya təcrübəsində hansı qaydalar var? Ekspertlər Azərbaycan üçün hansı modeli təklif edir?

Ağ Partiya başqanı Tural Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, korrupsiya və rüşvətxorluq təbii ki, dünyanın bütün ölkələrində mövcuddur. Amma Azərbaycandakı miqyasda deyil: “Azərbaycanda tutaq ki, 10 məmurdan 7-si korrupsionerdirsə, başqa ölkələrdə 10 məmurdan 1-i korrupsioner olar, ya olmaz. Korrupsiyanın qarşısının alınması haqda danışanda çox geniş spektri əhatə etmək lazımdır. Burada ölkə daxilindəki idarəetmə sistemindən, media azadlığı, ictimai sektorun zəifliyi, müxalif partiyaların proseslərdən kənarlaşdırılması, vətəndaş cəmiyyətinin təsir imkanlarının minimuma endirilməsi, daxili nəzarət mexanizmlərinin sıradan çıxarılması, qohumbazlığın idarəetmə mexanizmində kök salması, bütün bunların hamısı nəticədə korrupsiyaya və xalqın milyonlarının talanmasına gətirib çıxarır. Bu bir günlük iş deyil. Tutaq ki, bir məmur çıxarılıb, yerinə vicdanlı insan gətirildi. Nə qədər vicdanlı olsa da, hazırkı mexanizm istənilən məmuru çox qısa bir müddətdə korrupsionerə çevirə bilər. Nəzarət mexanizmi zəifdir. Cəza metodu demək olar ki, yoxdur. Müxalifət proseslərdə yoxdur. Media yazmır. Niyə də oğurlamasın?! Məsələn, son iki həbsi nəzərə alanda Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri və Gömrük Komitəsində şöbə müdiri ikisi birlikdə 270 milyon manata yaxın pul oğurlayıblar. Bunların maksimum alacağı iş 10 illik cinayətə cəlb olunmadır. Həmin on ilin dörd ili tamam olanda azadlığa çıxacaqlar. Misal üçün, nümunə kimi elə Naxçıvan MR-də 11 illik həbs olunmuş keçmiş DTX generalını göstərmək olar, adam 11 il həbs cəzası alıb, bu il artıq azadlığa çıxıb. Yaxud da keçmiş MTN əməkdaşları, başda Çovdarov olmaqla, bir çoxu artıq azadlıqdadır. Hansı ki, onlar xalqın, dövlətin milyonlarla malını talayıblar. Burada həm ədalətli məhkəmə sistemi olmalıdır, həm bu məhkəmələrin verdiyi qərarlara təsir imkanları olmamalıdır. Çünki onlar bilməlidirlər ki, dövlətin bir manat pulunu oğurlayanda ömürlük həbs cəzası çəkə bilərlər. Müxalifət dövlət təmsilçiliyində təmsil olunmalıdır ki, daxili nəzarət mexanizmi güclü olsun. "Öz əlim, öz başım" anlayışı olmasın".

T.Abbaslı əlavə edib ki, medianın müstəqilliyinə şərait yaradılmalı, tənqidlərə yer verilməlidir: “Vətəndaş cəmiyyətinin araşdırmasına və bu məsələləri aydınlaşdırmasına şərait yaradılmalıdır. Eyni zamanda sistemin özündə nəzarət mexanizmlərini işlək vəziyyətə gətirmək lazımdır. Bütün bunları da həyata keçirəndə oluruq demokratik cəmiyyət. Bir kəlmə ilə bu hadisələri yuvarlaqlaşdırsaq, demokratik dövlət qurmaq lazımdır. Demokratik idarəçilik üsulu lazımdır ki, bu proseslər baş verməsin. Əks təqdirdə, bunu çıxarıb o birini vəzifəyə gətirməklə fərq olmur. Hamısı gələcək sistem tərəfindən korrupsioner məmura çevriləcək. Biz daim deyirik, təkcə şəxsləri dəyişmək yetərli deyil, yanaşmanı, sistemi, mexanizmi  dəyişmək lazımdır.  Nə qədər ki, bunlar dəyişməyib, insanların və dövlətin milyardlarla pulu mənimsəniləcək. Səhv etmirəmsə, Neft Fondunda maliyyənin idarə olunmasında bir ildə Azərbaycan büdcəsi 5 milyarddan artıq dollar ziyana düşüb. Görün heç bunun hesabını soruşan varmı, cəmiyyətdə müzakirə olunubmu?  5 milyard dollar Azərbaycanın büdcəsinin üçdə biri deməkdir. Bir ildə necə bu qədər ziyan etmək olar?! Burada korrupsiya olmaya bilər, amma burada savadsızlıq var, burada bacarıqsızlıq var ki, bu qədər pul itirilir. Eyni mexanizm davam edir. Hökumət bütün bunları nəzərə alaraq sözün həqiqi mənasında genişmiqyaslı və davamlı islahatlar kursuna başlamalıdır və bu kursa hazır olmalıdır”.  

Razi Nurullayev Prezidentə yazdığı təbrikdən danışdı: “Mexaniki olaraq səhv  yazmışam” - FOTO | KONKRET

Razi Nurullayev: “Bu gün vəzifəyə təyin olunanlar arasında  yenə də qohumbazlıq, dostbazlıq üstünlük təşkil edir”

Millət vəkili Razi Nurullayev də “Yeni Müsavat”a dedi ki, bu məsələdə medianın işi önə çəkilməlidir:  “Media araşdırmalıdır, faktları üzə çıxarmalıdır. Videoları yaymalıdır. Bunun müqabilində vəzifəli şəxs o vəzifədən çıxarılmalıdır, istefaya getməlidir. Yaşadığımız sivil dünyada tədbirlər bu şəkildə həyata keçirilir. Təəssüflər olsun ki, əvvəllər media konkret vəzifəli şəxslərin milyonlarla vəsaiti oğurladığına dair faktları dərc etsəydi belə, onlarla bağlı tədbir görülmürdü. Bu, Azərbaycan adına ayıb gətirən məsələ olub. Çünki bu günə qədər bu hallarla bağlı artıq dünya mətbuatında da nələrsə çap olunur, deyilir. Və bu, ölkəmizin nüfuzuna zərər vurur. Amma indi darını çuvalda gizlətmək olmaz. İnternet bütün sərhədləri açıb, ölkədə baş verən hadisələri Ermənistan da, Gürcüstan da izləyir. O ölkələrdə baş verənləri də biz izləyirik. Ona görə də təbii ki, medianın rolunu danmaq olmaz. Mediaya yaşıl işığı yandırılıb, amma hələ də media o dərəcədə ciddiyə alınmır. Konkret vəzifəli şəxslərin arxasından bir əl çıxır. Bu gün vəzifəyə təyin olunanlar arasında  yenə də qohumbazlıq, dostbazlıq üstünlük təşkil edir. Mən, ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanda vəzifəyə təyin edilən bir çoxları kökündən dəyişdirilməlidir. Necə ola bilər ki, bu gün Prezidentin yeni təyin etdiyi insanlar içərisində vəzifəsini doğru-dürüst yerinə yetirməyənlər var.  Bununla bağlı çox narahatam. Müxtəlif dövlət məmurları ilə, millət vəkilləri ilə söhbətimdə də eşidirəm ki, artıq elə məsələlər var ki, vacib tədbirlər görülməlidir. Mən inanıram ki, bununla bağlı çıxış yolu tapılacaq. Bunu tələsdirmək lazımdır. Digər tərəfdən, Azərbaycanın başını Rusiya, İran, Qarabağ məsələsi qatır. Və ölkə daxilinə ciddi fikir vermək çətinləşib. Amma əminəm ki, bir gün artıq cənab Prezidentin də səbir kasası dolacaq, vəzifəsini doğru-dürüst yerinə yetirməyənlər, prezidentin etimadını doğrultmayanlarla bağlı çox sərt qərarlar verməli olacaq. Azərbaycanda hər kəsin güzəşt olunması haqqı tanınır ki, öz səhvlərini düzəltsinlər. Görünür, bir çoxları ya bunu qulaqardına vurur, arxasında dayanan insanlara inanır. Ya da hesab edir ki, onun pis əməllərindən heç kimin xəbəri yoxdur. Artıq neçə illərdi bu davam edir, hər dəfə güzəştə gedə bilmərik. Hər bir məmurdan soruşulmalıdır ki, bu neçə ildə hansı problemləri həll edib. Konkret olaraq onların monitorinqinin aparılması ilə bağlı komissiyalar olmalıdır. O komissiyalarda da cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı olmalıdır ki, xahişlə, minnətlə  yalançı monitorinq aparılmasın. O monitorinqin nəticələrinə əsasən məmurların fəaliyyəti dəyərləndirilməlidir. Zəfər qazanan ölkə kimi fərqli yaşamağa layiqik. İnsanlar da zəfər çalan xalq kimi hər şeyin daha fərqli olacağını  düşünür və buna da haqqı var”. 

Yaxın gələcəkdə siyasi məhbus problemi gündəmdən düşəcək" - Natiq Cəfərli »  Qlobal.Az

Natiq Cəfərli: “Ana Yasamız çağdaş dünyaya uyğun şəkildə yenidən yazılıb ümumxalq səsverməsi ilə qəbul edilməlidir, başqa yol yoxdur”

REAL Partiyasının rəhbərliyində təmsil olunan iqtisadçı Natiq Cəfərli isə deyib ki, ölkədə bütün problemlərin kəskinləşməsi konstitusiyada boşluqların olmasından qaynaqlanır: “Məmləkətin Anayasasının məntiqi ardıcıllığı, hakimiyyət bölgüsü prinsipi sənədin özündə pozulub, ona görə də ölkənin əsas qanunu dəyişməsə, problemlərin həlli də mümkün olmayacaq. Bu, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına da aiddir, qüvvədə olan NMR Konstitutsiyasına gəlin birlikdə nəzər salaq:

- Maddə 4. Dövlət hakimiyyətinin mənimsənilməsinə yol verilməməsi:

Naxçıvan Muxtar Respublikasında vətəndaşların heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.

Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.

Əla maddədir, amma işlək deyil, bu isə bir tək Vasif Talıbovun davranışları, onun idarəetmə alışqanlıqları ilə əlaqədar deyil, NMR-in Ali Sənədinin ona verdiyi səlahiyyətlərlə əlaqədardır:

- Maddə 5. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi:

Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

Bu Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində aşağıdakı səlahiyyətləri həyata keçirir...

Və səlahiyyətlər sadalanır, amma elə 5-ci maddənin 2-ci hissəsində Ali Məclisin sədrinə həm qanunvericilik, həm də icra hakimiyyəti səlahiyyətləri verilir - yəni bir şəxs qanunlara görə, hakimiyyətin hər iki qoluna rəhbərlik edir, bununla da qalmır, məhkəmə hakimlərinin təyinatı da Ali Məclis sədrinin səlahiyyətinə aiddir: 5-ci maddənin 9-cu hissəsində qeyd edilib ki, Ali Məclisin sədri, “Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası ümumi və ixtisaslaşdırılmış məhkəmələrin hakimlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair təkliflər verir”. Yəni Ali Məclisin sədri indi qüvvədə olan qanunlara görə, hakimiyyətin hər 3 qolunun hakimi-mütləqidir - belə olan şəraitdə təbii ki, Naxçıvanda “Xan” idarəçiliyi yaranmalı idi. Deməli, məsələlərin həlli qanunların, Anayasanın dəyişdirilməsi ilə mümkün ola bilər.

Yeri gəlmişkən, eyni yanaşma Azərbaycan Respublikası Konstitusiyasında da var - Prezident, faktiki olaraq, hakimiyyətin hər 3 qolunun başçısıdır, bu şəxsdən asılı məsələ deyil, xasiyyət məsələsi də deyil, bu bizim konstitusiyanın bərbad yazılmasına görədir, yəni sabah eyni səlahiyyətlərlə istənilən şəxsin prezident seçilməsi onun avtoritarlaşmasına şərait yaradacaq.

Avtoritarlaşmaya məhz qanunlar, konstitusiya şərait yaradır, ona görə də ölkənin əsas qanunu mütləq yenidən işlənilməli, məntiqi ardıcıllığı, hakimiyyət qollarının müstəqilliyi, inzibati-ərazi vahidlərinin yeni şəraitə və yerli özünüidarəetmənin gücləndirilməsi prinsipinə görə təsis edilməsinə və Naxçıvan Muxtar Respublikasının statusunun ləğvinə acil ehtiyac var. Ona görə də gecikmədən Azərbaycanda yeni konstitusiya referendumu elan edilməli, Anayasamız çağdaş dünyaya uyğun şəkildə yenidən yazılıb ümumxalq səsverməsi ilə qəbul edilməlidir, başqa yol, sadəcə, yoxdur..."

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR