İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmməd Aslana 26 il gecikmiş təşəkkür yerinə...

12104 23.09.2015 12:44 Yazarlar A A

Desəydim, özü də xatırlamayacaqdı. Ona görə heç demədim; fürsət də olmadı əslində. Yaxın deyildik, mən onu efirdə, qəzet səhifələrində görürdüm, o məni haradasa görürdümü, bunu da bilmirdim...

 
...Kənd müəlliminin 22 yaşlı ambisiyalı, özündənrazı, inadcıl oğlu üçün onun etimadı, dediyi isti sözlər, bircə şerini dinləyib də, içini üzünə söyləməsi fövqəladə təsirli idi, unudulmazdı; izaholunmaz dərəcədə böyük stimul idi...
 
Şeir yazırdım (həm də şeir), yazdıqlarımı qoltuğuma vurub, ayda iki-üç dəfə təhsil aldığım Gəncə şəhərindən Bakıya gəlirdim, tanınmış şairləri, yazıçıları, jurnal redaksiyalarını yağır etmişdim; iki-üç adamdan başqa, kimsə də məni ciddiyə almır, yazdıqlarımı bəyənmir, çap etmirdi...
 
Kim idi o iki-üç nəfər? Mərhum şairimiz Şahmar Əkbərzadə, Fikrət Sadıq...Daha heç kim... Üç də deyilmiş...
 
Onlar da xatırlamazlar – yaşayanlardan Vaqif Bayatlı, Abbas Abdulla, rəhmətliklərdən Yusif Səmədoğlu, Bəxtiyar Vahabzadə... qapılarını birdəfəlik bağlamışdılar üzümə. Görünür, israrımla bezdirmişdim onları. Bakıya gələ bilməyəndə də hər gün “istehsal etdiyim” çoxsaylı şeirlərimi həftədə bir dəfə onlara və daha haralara yollayırdım...
 
Vaqif Bayatlı demişdi ki, dili yaxşı bilirsən, amma bu nədi yazırsan? Bunları aşıq Ələsgər (və daha kimlər) səndən 100 dəfə yaxşı yazıb gedib(lər)...
 
Və əslində onlar haqlı idilər. Amma mən inadkardım və hər hansı tənqiddən də təsirlənməzdim...Tam əksinə idi...
 
Bakıya təyinatla, işə gəldim. 2 ay sonra milli-azadlıq hərəkatına qoşulmuşdum. Bakıya gəlişim ərəfəsində tale üzümə gülmüşdü. Azərbaycanın böyük şairi Məmməd İsmayıl o zamanın ən populyar KİV-i olan “Gənclik” jurnalında bir publisistik yazımı dərc etmişdi. Mümkün olacaq şey deyildi -  lakin Allah Məmməd adlı bir qulunun əli ilə qapını aralamış, mənə yol göstərmişdi... Bircə yazı ilə ünlü oldum -  o qədər məktublar alırdım ki...Kəndə, rayona, bitirdiyim instituta səs düşmüşdü -  yer-yerindən oynamışdı; ya da o zaman mənə elə gəlirdi. 
 
Sonra Allah Məmmədlərdən daha birini rastıma çıxardı -  Məmməd Aslanı. “Gənclik” jurnalının redaksiyasında Məmməd İsmayılın rəhbəri olduğu ədəbiyyat dərnəyinə yazılmışdım; hər dəfəsində israrla şeir oxuyurdum; lakin Məmməd İsmayıl onlardan birini də dərc etmirdi. Bəyənmirdi. 
 
Mən ona heç demədim ki, geniş məqaləsi dərc olunan tələbə -  Rauf Abbasov mənəm. 
 
O da bunu heç bilmədən iki-üç dəfə Rauf Abbasovu “Rauf Araz” adlı gənc şairə nümunə gətirdi.
 
Ən təsirlisi və ilk dəfəsi belə oldu: 
 
Məmməd Aslan da dərnəyə qatılmışdı -  şeir oxuyurduq; Teyfur Çələbi, Yunus Oğuz yadımdadı; Salam adını orada eşitdim -  böyük şair olacağını hər kəs əminliklə söyləyirdi; Akif Əhmədgil, Məti Osmanoğlu, Sabir Sarvan  ...və başqaları kimi gənc yazar və şairləri Məmməd İsmayıl işə götürdüyündən, onlar zatən orada idilər.
 
Belə bir ortamda mən də şeir söylədim -  indiki vaxtım olsaydı, heç cəsarət etməz, ağzımı da açmazdım; amma o zaman cəsarətim istedadımdan da böyük idi; ağlıma gələn hər şeyi edirdim...     
 
 Bəyənmədilər. Məmməd İsmayıl dedi ki, bu uşaqda nəsə var, amma hələ yetişməyib. 
 
Məmməd Aslan, ilk dəfə canlı olaraq gördüyüm şair hər kəslə opponentlik etdi: “İnsafın olsun, a Məmməd. Bu adam şairdi... ” Sonra şeirimdəki son iki misranı əzbərdən dedi, arqument yerinə: 

“Günbatan tərəfə bir atlı keçdi,
 Günəş bağlanmışdı hörüklərinə...”
 
Və bu iki sətirlə bütün içimi, yaşadıqlarımı, Günəşimi kimin və necə apardığını açdı qoydu...Dedi ki, bu, bir rəsm tablosudur  - bunu şair olmayan belə “çəkəmməz”...
 
Həm heyrətdə idim, həm də trans vəziyyətində. Belə hissləri ilk dəfə idi yaşayırdım. Böyük şairlərdən biri mənim bircə dəfə oxuduğum şeirimdən bir parçanı əzbərdən deyir və məni sözün həqiqi mənasında vəsf edirdi...
 
İki Məmməd bir neçə dəqiqə mübahisə etdi; bu Məmməd o Məmmədə dedi ki, “a, Məmməd...”
 
Məmməd İsmayıl bu dəfə qayıdasan ki, “Tovuz rayonunun Yuxarı Öysüzlü kəndindən Rauf Abbasov adlı bir gənc məktub yazır, onu nöqtəsinə-vergülünə dəymədən çap edirəm. Üzünü də görməmişəm.  Yaxşı olsaydı, bu gəncin şeirlərini də dərc edərdim. Bu uşaqda da nəsə var, bilirəm, bir şey olacaq. Amma hələ yetişməyib...” 
 
Məni mənə misal gətirirdi. "O, mənəm", demək gəlmədi içimdən, demədim... 
 
İki Məmməd oradaca mənə ömürlük dərs verirdi! 
 
Üçümüzün də xəbərimiz yox idi... 
 
Məmməd İsmayıl məni ən güclü olduğum sahəyə -  publisistikaya yönəltdi və ən zəif olduğum sahədən -  şeirdən birdəfəlik araladı.
 
Məmməd Aslan içimi aydınlatdı, inamımı artırdı, mesajlarımı oxucuya yetirə bilməm üçün  “şifrəmi” verdi. Etimadın, anlanmanın necə gözəl bir şey olduğunu nümayiş etdirdi. Bir kəndli gəncin Bakıda öz qələmi ilə ürəklərə, böyük adamların ağıl və fikirlərinə yol tapa biləcəyinə inandırdı məni... 
 
Və başladım... 
 
Şeiri daha az yazdım. Publisistikaya keçdim. Çoxlu oxudum – çoxlu yazdım -  zatən 9-cu sinifdən üzü bu yana, “Martin İden”i oxuyandan bəri həyatdakı əsas işim, zövqüm, əyləncəm -  hər şeyim yazmaqdı; daha şövqlə girişdim...
 
Az müddət sonra Azərbaycanın siyasi həyatında Şenol imzası vardı. Ün salmışdı; qeyri formal jurnalistikanın sirli, həm də sevilən, axtarılan imzası idi... 
 
Elə həmin zamanlarda “Birlik” dərgisini redaktə etməyə başladım, çoxlu yazılar yazdım. Broşurlar çap etdim, dostlarla səyyar satışın əsasını qoyduq...
 
1989-cu ilin oktyabr-noyabr aylarında da “Yeni Müsavat” qəzetini yaratdım...
 
Sonra yazımda adlarını çəkdiyim və çəkmədiyim bütün şairləri, yazıçıları onların xəbəri olmadan onlarla birgə qurduğum, böyütdüyüm “Yeni Müsavat” qəzetində, “Dünya” jurnalında dərc etdim. Yazılarını, müsahibələrini, mesajlarını, ....nekroloqlarını (qalanlara can sağlığı) yayınladım, xatıratlarını əziz tutdum.
 
Onlardan biri də gizli xeyirxahım, gözəl insan, böyük şair Məmməd Aslan idi.
 
Bu yazının ardından ona 26 il öncəki davranışına qarşı təşəkkür icabı olaraq, bir dua oxumaq boynumun borcu...
 
Allah rəhmət etsin. 
   
 
  
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR