İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktub yetişdi: Mişel qərbi azərbaycanlılara nə deyəcək?

774 04.03.2023 09:40 Siyasət A A

Hikmət Babaoğlu: “Qərbi azərbaycanlılarda belə bir inam yaranıb ki...”

Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının Prezidentinə məktub göndərib. Bildirilib ki, Qərbi Azərbaycan İcması  məktubda Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz vətənlərinə qayıtmalarına Avropa İttifaqının dəstək verməsini və Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) bu ölkədən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi sahəsində müvafiq etimad quruculuğu tədbirləri həyata keçirməsini xahiş edib.

Məktubda Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını təşviq edən səyləri alqışlanmaqla bərabər, davamlı sülhün bərqərar edilməsi üçün Ermənistandan qovulmuş azərbaycanlıların qayıtmalarının zəruri şərti olduğu vurğulanır. Həmçinin, EUMA-nın mandatının etnik əsasda ayrı-seçkilik olmadan Ermənistanda insan hüquqlarına hörmətin təmin edilməsinə və etimad quruculuğuna dair vəzifələr ehtiva etdiyinə diqqəti çəkən İcma, Missiyanı Ermənistandan qovulmuş azərbaycanlıların hüquq və təhlükəsizliyi ilə məşğul olmağa, o cümlədən, onların öz evlərini, qəbirstanlıqlarını, müqəddəs yerlərini və mədəni abidlərini ziyarət edə bilmələrinə şərait yaratmağa çağırıb.

İcma həmçinin Avropa İttifaqının Ermənistandakı missiyası ilə insan hüquqları, humanitar məsələlər, mülki şəxslərin qorunması kimi mövzular üzrə əməkdaşlığa hazır olduğunu bildirib.

Müraciətin nəticəsi nə ola bilər? Məktuba reaksiya verilsə və İcmanın Brüsseldə ermənilərlə görüşü, müzakirələr təklif edilsə, qəbul ediləcəkmi?

Hikmət Babaoğlu: istənilən demokratik cəmiyyətin uğurlu inkişafı məhz  xalq-iqtidar birliyi ilə mümkün ola bilər - AZƏRTAC

 Hikmət Babaoğlu

Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqı hazırda Ermənistanla Azərbaycan arasında mümkün sülh sazişinin imzalanması üçün aparılan danışıqlarda vasitəçilərdən biridir və bunun üçün Brüssel formatı da yarada bilib: “Əslinə qalasa elə sülhə doğru addımların əsasını təşkil edəcək Azərbaycanın irəli sürdüyü beş baza prinsipi də məhz Brüssel formatında keçirilən danışıqların nəticəsi olaraq Ermənistan tərəfindən qəbul edilib. Doğrudur, bu hələlik yalnız sözdə qəbul edilmiş kimi görünür, ancaq ümid edirik ki, nəhayət, real gerçəklik kimi də qəbul ediləcək.

İkinci mühüm məsələ Praqada sərhədlərin qarşılıqlı tanınması və bunun Alma-Ata bəyannaməsinə uyğun reallaşdırılması məsələsidir ki, bu da Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilib. Sülhə gedən yolda əldə edilən bu kiçik nailiyyətləri də Avropa İttifaqının rolunu nəzərə alaraq qərbi azərbaycanlılarda belə bir inam yaranıb ki, onların  öz doğma yurd yerlərinə qayıtmalarında da Aİ müsbət rol oynaya bilər. Çünki Aİ-nin insan hüquqları üzrə xüsusi instiututlaşmış qurumları var ki, bu iş həm də birbaşa onların funksiyasında daxildir. Məsələn Avropa İttifaqının Ermənistandakı missiyası ilə insan hüquqları, humanitar məsələlər, mülki şəxslərin qorunması kimi mövzular üzrə əməkdaşlıq etmək Qərbi Azərbaycan İcması üçün çox faydalı ola bilər və QAİ buna hazırdır".

H.Babaoğlu düşünür ki, Avropa İttifaqı qərbi azərbaycanlıların Avropa İttifaqına olan bu etimadını layiqincə qiymətləndirə biləcək: “Nəticə etibarilə qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtması Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün və etimadın ən əsas təminatından biri ola bilər. Brüsseldə Avropa İttifaqının təşkilatçılığı ilə ermənilərlə Qərbi Azərbaycan İcması arasında mümkün görüşün təşkil edilməsi məsələsinə gəldikdə isə mən çox böyük məmnuniyyətlə belə bir görüşdə iştirak edərəm. Ona görə ki, bu yolun sonu bizi vətənimizə apara bilər. Yəni nəticədə məni vətənimə qovuşduracaq hər hansı bir görüşdən əsla imtina etmərəm”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR