İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə hansı bayramlar qadağan oluna bilər?

614 21.02.2024 09:40 Ölkə A A

Hellouin, Pasxa və Milad bayramlarının qeyd olunması Türkiyədə yasaqlanıb, bəs Azərbaycanda...

Türkiyədə özəl məktəblərə ölkənin milli dəyərlərinə uyğun gəlməyən Qərb bayramlarını qeyd etmək qadağan edilib.

Ölkənin Təhsil Nazirliyi hökumətin qərarına əsasən, özəl təhsil müəssisələrində Hellouin, Pasxa və Milad bayramlarının qeyd olunmasını qadağan edib. Şöbədən verilən məlumata görə, türk millətinin milli, əxlaqi, insani, mənəvi və mədəni dəyərlərinə zidd olan tədbir və şənliklərin keçirilməsi tələbələrin psixososial inkişafına töhfə vermir.

Qadağa valideynlərin Qərb bayramlarının məktəblərdə qeyd olunması ilə bağlı şikayətlərindən sonra qoyulub. 2023-cü ilin dekabrında Türkiyənin milli kimliyinə uyğun gəlməyən bayram tədbirləri ilə bağlı təhsil müəssisələrinə xəbərdarlıq edilib.

Bundan başqa, qərara əsasən, tələbələrin akademik tərəqqi ilə yanaşı, sosial, mədəni, incəsənət və idman inkişafına təkan vermək məqsədi daşıyan “İctimai fəaliyyət və inkişaf mərkəzləri” yaradılacaq.

Bəs Azərbaycan məktəblərində də hansı bayramlar qadağan oluna bilər və yaxud olunmalıdır?

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

 Ceyhun Məmmədov

Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Hesab edirəm ki, təhsil müəssisələrində ciddi iş aparmalıyıq. Çalışmalıyıq ki, daha çox milli bayramlarımızı qeyd edək və məktəblərimizdə məhz milli bayramlar qeyd olunsun. Bu məsələ milli kimliyin formalaşdırılması, milli şüurun möhkəmləndirilməsi baxımından da xüsusi önəm və əhəmiyyət daşıyan bir məsələdir. Türkiyədə  özəl məktəblərə ölkənin milli dəyərlərinə uyğun gəlməyən Qərb bayramlarının qeyd edlməsinin qadağan olunması ilə bağlı addımların atılması milliliyin qorunmasına hesablanıb. Hər bir millətin özünə məxsus milli bayramları var və hər kəs öz milli bayramlarını qeyd etməlidir. Necə ki, hansısa dövlət, xalq bizim bayramımızı qeyd etmir, biz də o bayramı qeyd etməməliyik. Ona görə də biz  öncə milli şüuru, düşüncəni formalaşdırmalı, daha sonra digər addımların atılması barədə düşünməliyik. Lakin eyni zamanda imkan verməməliyik ki, bizə kənardan gələn bayramlar milli bayramlarımızı üstələsin. Bir daha qeyd edirəm ki, bu, istər-istəməz milli şüurun zəiflədilməsinə aparıb çıxardacaq.

Çalışmalıyıq ki, hər zaman milli birliyimizi və milli kimliyimizi, həmrəyliyimizi qoruyaq. Bu zaman biz  istədiyimiz hədəflərə və məqsədlərə nail ola bilərik. Bunu etmədiyimiz təqdirdə isə əlbəttə ki, getdikcə milli dəyərlərdən, öz soy-kökündən uzaqlaşmaq özünü açıq formada göstərəcək. Ona görə də birinci tərbiyə, təlim sistemində bu istiqamətdə ciddi işlər apararaq, müəyyən hədəf və məqsədlərimizə nail ola bilərik, daha sonra digər qərarların qəbul edilməsi və addımların atılması məsələsinə baxıla bilər". 

Kamran Əsədov diplomu tanınmayan məzunlardan danışdı - Günah kimdədir?

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı bunları deyib: “Hazırda ölkənin 4432 orta ümumtəhsil məktəblərində 1,6 milyon şagird təhsil alır. Hər bir şagirdin tədris ili ərzində iştirak edə biləcəyi məktəbdaxili fəaliyyət proqramı təsdiq olunur və burada dövlət tərəfindən təsdiq olunmuş ümummilli bayramlar, hüzr günləri rəsmi şəkildə qeyd olunur. Əslində mövcud qaydalara əsasən dövlət ümumtəhsil məktəblərin ərazisində hər hansı bir bayramın keçirilməsinə icazə verilmir. Yeni il, Novruz bayramı, 8 mart və yaxud digər hansısa bayramlar, sadəcə olaraq, müəyyən əlamətdar tədbirlər formatında məktəblərdə qeyd olunur və bu, məktəblilərin fəaliyyət proqramında öncədən tədris ili başlayanda, yəni sentyabr ayında təsdiqlənir. Bəzən hansısa uşaq bağçaları, körpələr evlərində hansısa bayramların qeyd olunmasına rast gələ bilirik. Amma qeyd etdiyim kimi, dövlət ümumtəhsil məktəblərində bayramlar qeyd olunmur. O ki qaldı özəl ümumtəhsil məktəblərinə, bu təhsil müəssisələrində özlərinin nizamnaməsinə uyğun olaraq bu tip fəaliyyətlər sərbəst və müstəqildir. Burada hansısa məhdudiyyət nəzərdə tutulmur.

Milli, tarixi, adət-ənənəmizə, milli mental xüsusiyyətlərimizə uyğun olmayan, şagirdlərdə fiziki və psixoloji gərginlik yarada biləcək bayram və tədbirlərin keçirilməsinə əlbəttə ki, qanunverciliyə uyğun olaraq məhdudiyyət qoymaq olar.  Azərbaycan hüquqi dövlətdir, hər bir vətəndaşın hüquqları var. Amma bununla yanaşı, vəzifələri də var. Hesab edirəm ki, bu tipli bayramlar əgər şagirdlərdə bilik və bacarıqlar formalaşdırmayacaqsa, birmənalı şəkildə keçirilməsinin heç bir əhəmiyyəti yoxdur". 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR