İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmələrdə monitorinqlərəbaşlanır - kimlər sudan quru çıxacaq...

763 14.12.2023 10:48 Siyasət A A

Əsabəli Mustafayev: “Monitorinq qrupunun tərkibinə hüquqşünaslardan başqa jurnalistləri, hüquq müdafiəçilərini də daxil etsinlər”

Ali Məhkəmə inzibati məhkəmələrdə monitorinq aparacaq. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib. Məlumata görə, Ali Məhkəmənin Plenumu tərəfindən “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” qərar qəbul edilib. 

Həmin qərar inzibati mübahisələrə baxılması zamanı məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri ilə bağlı məhkəmə təcrübəsində qarşıya çıxan problemləri aradan qaldırmaq, bu sahədə hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də sözügedən məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək məqsədinə yönəlib.

Ali Məhkəmə həm də sözügedən Plenum qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair qərar qəbul edib. Monitorinq müvəqqəti xarakterli müdafiə tədbirləri ilə bağlı qanunvericilikdə təsbit edilmiş normaların məhkəmələr tərəfindən Plenum qərarında verilmiş izahlar nəzərə alınmaqla tətbiqi vəziyyətinə dair məlumatların toplanılması, təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsi məqsədilə həyata keçirilir.

Monitorinq ölkəmizin bütün inzibati məhkəmələrini və apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyalarını əhatə etməklə, 2024-cü il yanvarın 1-dən 2025-ci il 1 yanvar tarixinədək olan dövr ərzində 1 il müddətində aparılacaq. Bəs görəsən, monitorinqi həyata keçirən şəxslər arasında ictimaiyyət nümayəndələrindən kimlər var? 

Qeyd etmək yerinə düşər ki, zaman-zaman məhkəmələrdə korrupsiyanın, verilən qərarların ədalətsiz olması ilə bağlı şikayətlər olur. 2019-cu il 3 apreldə cənab Prezident tərəfindən məhkəmə-hüquq sistemində islahatların daha da dərinləşdirilməsi ilə bağlı fərman imzalanıb. Amma ekspertlər hesab edir ki, həmin fərmanın icrasında müəyyən çatışmazlıqlar, hələ tam icra olunmayan hissələr var. Hələ də məhkəmə hakimiyyəti ilə bağlı sövdələşmələrin, müəyyən qanunsuz qətnamələrin çıxarılması müşahidə olunur. Bunlardan biri kimi korrupsiyaya qarşı aparılan tədbirlərdən sonra hakimlərin bəraətverici qərarlar verməsini göstərmək olar. Suallar yaranır ki, bir neçə müddətdən sonra, hətta vətəndaş şərti də olsa cəza aldıqdan sonra ittihamdan imtina edilməsi necə başa düşülür? 

Yeri gəlmişkən, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov apelyasiya məhkəmələri, habelə Bakı və Sumqayıt şəhərlərində yerləşən məhkəmələrinin sədrləri ilə görüşündə Məhkəmə-Hüquq Şurasının qaldırdığı, o cümlədən şəffaflığın təmin edilməsi, işlərə məhkəmədə baxılması zamanı süründürməçilik hallarına yol verilməməsi, qanunvericiliyin bütün tələblərinə ciddi riayət olunması ilə bağlı məsələlərə toxunub. Sədr məhkəmə sistemində korrupsiyaya şərait yaradan hallara qarşı xüsusi qətiyyət göstəriləcəyini, vətəndaşlarda haqlı narazılıq doğuran neqativ hallar üzrə təsir tədbirlərinin davamlı olaraq həyata keçiriləcəyini diqqətə çatdırıb. Məhkəmələrdə şəffaflığın təmin edilməsi ilə bağlı məhkəmə sədrlərinin üzərinə düşən vəzifələr qeyd edilib.

Monitorinqlər zamanı neqativlər nəzərə alınacaqmı? 

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Əsabəli Mustafayev

Tanınmış vəkil Əsabəli Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, burada əsas monitorinqi aparacaq işçi qrupunun tərkibindən çox şey asılıdır: “Misal üçün, mənim yadımdadır ki, 2004-2006-cı illərdə ATƏT-in Bakı ofisi "Məhkəmələrin monitorinqi" adlı layihə həyata keçirdi. Mən də o monitorinqdə iştirak etmişəm. Gedib prosesin gedişatını qeydə alırdıq, onlar haqqında raport yazırdıq. O raport da ümumiləşdirilirdi və qiymətləndirilmək üçün Ədliyyə Nazirliyinə verilirdi. Sonda isə kitabça şəklində dərc olunurdu ki, məhkəmələr o təcrübəni öyrənərək inkişaf etsinlər. İndi da bunu etmək çox yaxşı olardı. Burada monitorinqi həyata keçirəcək şəxslər peşəkarlardan, hüquqşünaslardan, ümumiyyətlə, məhkəmə prosesini bilən şəxslərdən ibarət monitorinq qrupu yaradılsın. Monitorinq qrupunun tərkibinə hüquqşünaslardan başqa jurnalistləri, hüquq müdafiəçiləri, ictimaiyyət nümayəndələrini də daxili etmək olar, bu daha səmərəli olar.  Əlbəttə, əgər hökumət ictimailəşdirməkdən qorxmursa. Ali Məhkəmə onsuz da məhkəmə prosesinin gedişatında verilmiş şikayətlərə baxır, bu özü bir monitorinqdir. Bu, məhkəmələrin, hakimlərin işini qiymətləndirmək üçün bir imkandır. Amma yenidən ayrıca monitorinq aparmaq istəyirsə, bu alqışlanası addımdır. Yaxşı olardı ki, burada monitorinqi Ali Məhkəmənin əməkdaşları deyil, ictimaiyyət nümayəndələri monitorinqi aparsın ki, daha inandırıcı olsun. Çünki bizdə məhkəmələrə inamsızlıq var, yoxlamalara da etimadsızlıq var. “Yoxlama gəlibsə, pul alıb gedəcəklər” kimi düşüncə var. Bu düşüncələri dəyişmək üçün monitorinqlərə inamı artırmaq üçün həmin qrupa düzgün şəxsləri seçmək lazımdır. Həm də sonradan elan etmək lazımdır, monitorinqlərdən sonra nə kimi nöqsanlar ortaya çıxdı". 

Vəkil əlavə edib ki, bu monitorinqlər davamlı aparılmalıdır: “Əlbəttə, məhkəmələrin işinə müdaxilə etmədən, məhkəmə sisteminə olan hörməti azaltmadan monitorinq həyata keçirilməlidir. Dünyanın bir çox ölkələrində müşahidə etmişik, monitorlar qoyulur, məhkəmə prosesini koridordan izləyə bilirsən ki, hansı zalda hansı məhkəmə gedir və onu izləyə bilirsən. Eləcə də məhkəmədən birbaşa yayım edən televiziya kanalları var. Tamaşaçılar cəmiyyətin marağında olan prosesləri izləyə bilirlər. Jurnalistlər də rahat şəkildə həm zalda, həm monitorda, həm də öz iş yerində oturaraq kanallardan izləyə bilirlər. Yəni monitorinqlər müddətli olmamalıdır. Bir ay monitorinqlər aparılandan sonra bitməməlidir. Hesab edirəm ki, istənilən halda monitorinqlərin aparılması məhkəmələrin inkişafına, qanunvericiliyin güclənməsinə töhfəsini verəcək”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR