İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məhəmmədin dağa tərəf getməsi...” - Ərdoğanın Putinlə görüşündə Qarabağ gündəmi

1447 26.08.2023 12:25 Siyasət A A

Rusiya liderinin niyə Türkiyəyə getmədiyi haqda mümkün versiyalar sırasında təhlükəsizliyi məsələsi öndədir; Toğrul İsmayıl: “Rusiya ilə Türkiyənin münasibətləri yaxşı olduqca, bu onlarla yaxın əlaqələri olan dövlətlərin işinə yarayacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Rusiyaya səfər edəcək. “Yeni Müsavat” bildirir ki, bu barədə TASS diplomatik mənbələrə əsasən məlumat yayıb. Səfər çərçivəsində Soçidə Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş olacaq. Liderlərin xüsusilə “Taxıl sazişi”ni müzakirə edəcəkləri gözlənilir. Putinlə görüş ərəfəsində Ankara Ukrayna, ABŞ və AB ilə taxıl sazişi üzrə təmasları gücləndirib.

Bu barədə TASS diplomatik mənbəyə istinadla məlumat yayıb.

“İşlər Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Ticarət Nazirliyi vasitəsilə aparılır. Ərdoğan və Putin arasında aparılan danışıqlar ərəfəsində taxıl təşəbbüsünün həyata keçirilməsi ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində işlər intensivləşib”, - məlumatda qeyd olunub.

Putinin niyə Türkiyəyə getmədiyi haqda mümkün versiyalar sırasında prezidentin təhlükəsizliyi məsələsi öndədir. Türkiyə nə qədər Qərb və NATO-da müstəqilliyini saxlamağa çalışsa da, Rusiya ilə hibrid müharibəsi edən bir bloka üzvdür və Putinin oraya səfəri istənilən halda riskdir. Burada daha bir məqam da diqqətdən qaçmamalıdır: Rusiya mümkün görüşdə mövzuların əhatə dairəsini bilir və indi bu müzakirələrə bəlkə də xüsusi ehtiyacı yoxdur.

Ərdoğan üçün “Taxıl sazişi” də vacibdir, taleyi müəmmalı olan qaz xabı da. Ərdoğan ümid edir ki, hələ də “Taxıl sazişi”ndə kompromis tapıla bilər. Türkiyə Rumıniya limanları vasitəsilə Ukrayna taxılının ixracı üzrə Amerika planının hazırlanmasında iştirak etməklə yanaşı, Rusiya və Qətərlə alternativ razılaşmanın mümkünlüyünü müzakirə edir. Ancaq açıq şəkildə o da görünür ki, Moskva Soçidə ola biləcək görüşə də çox isti baxmır. Son günlər münasibətləri gərginləşdirəcək başqa xəbərlər də var. Bildirilir ki, Türkiyə gəmiqayırma zavodlarından birində Ukrayna Hərbi Dəniz Qüvvələri üçün “Ada” tipli ikinci gəmi hazırlanıb. Gəmilərin tikintisini İstanbul şirkətlərindən biri həyata keçirir. Hazırda Ukraynada donanma qalmayıb, baxmayaraq ki, sırf nominal Hərbi Dəniz Qüvvələri, eləcə də onların komandiri var. Türkiyənin bu məsələdə Ukraynaya dəstəyi isə Moskvanın narazılığını artırır. Görünür, Ərdoğanın İsveç məsələsində “geri çəkilmək” eyhamı, İsveçin Finlandiyanın üzvlüyündən daha çox strateji məsələ olduğu Moskva üçün impuls olub, çünki İsveç mahiyyətcə Baltik dənizinin “ağzı” hesab olunur. 

Təbii ki, Moskva ilə Ankaranın gündəmi heç də bununla məhdudlaşmır. Taxıl müqaviləsi və qaz qovşağı ilə bağlı suallar düz mətnlə qaldırılır. Türkiyənin Moskvanın İsveçlə bağlı gözləntilərini tam şəkildə təmin etmək müqabilində bu məsələlərdə nəsə əldə etməsi mümkündür. Bununla belə, Kremlin yalnız İsveçlə bağlı gözlənti ilə kifayətlənəcəyi, yoxsa Türkiyənin Rusiyanın əsas tərəfdaşı olduğu Qafqazdakı vəziyyət və sabitliyin təmin olunması ilə bağlı iştirakının müzakirə olunacağı ayrı sualdır. 

Toğrul İsmayıl: “İdlibdə atəşkəs müvəqqətidir”

 Toğrul İsmayıl

Ankara Universitetinin professoru Toğrul İsmayılın “Yeni Müsavat”a dediyinə görə, Putinin ölkədən çıxmaması daxili təhlükəsizlik və müharibədən dolayı bir çox ölkələrlə münasibətlərin məhdudlaşmasından irəli gəlir. T.İsmayıl bura Priqojinin təyyarəsinin qəzaya uğrayandan sonra Rusiyada daxili vəziyyət ürəkaçan olmamasını da əlavə edir. Onun fikrincə, digər tərəfdən, Türkiyənin NATO ölkəsi olduğunu unutmaq olmaz və tarixdə belə hadisələr olur. “Stalin də müharibə zamanı ölkəsindən çıxmayıb, yalnız Tehrana gedib. Putin Stalinə heyran biri kimi onun təcrübəsini nümunəvi hesab edə bilər”, - deyə T.İsmayıl düşünür. Professor Soçidə liderlərin üzbəüz görüşünü əhəmiyyətli sayır: “Üz-üzə görüş bir marağın olmasının göstəricisidir. Taxıl koridoru Rusiya üçün vacibdir. Buna görə Türkiyə ilə əlaqələri korlayarmı? Əgər anlaşma uzadılmasa, Rusiya öz qapısını bağlamış olar. Əgər Putin bu görüşə meyilli olmasaydı, Ərdoğanla telefonla danışardı, onu Rusiyaya dəvət etməzdi. Mən Rusiyanın bu görüşə o dərəcədə marağının olmaması fikirlərini qəbul etmirəm. Ümumiyyətlə, Rusiyanın taxıl sazişinə ehtiyacı var. Ola bilsin ki, bu məsələdə alternativ variantlar təklif edilsin, amma hər halda anlaşma olmalıdır”. 

Professorun sözlərinə görə, görüşdə hər şey müzakirə ediləcək: “Dövlət başçıları bir araya gəlirsə, danışılmayan məsələ qalmaz. İstər Qarabağ, istər Zəngəzur koridoru olsun... Türkiyə Qarabağ prosesini həssaslıqla izləyir. Qarabağ məsələsində hər şey Azərbaycanın lehinədir. Beynəlxalq hüquq bizim yanımızda olduğuna görə heç nə edə bilmirlər. Lokal müdaxilələr edilir, ancaq əngəl ola bilmirlər. BMT dinləmələrində də bunu gördük. Rusiyanın təbii ki, öz maraqları var. Misal üçün BMT iclasında Rusiya Kipr məsələsində Türkiyənin mövqeyini dəstəklədi. Bu, müttəfiqlik deyil, maraqların üst-üstə düşməsindən irəli gəlir. Rusiya proseslərə diqqətlə baxsa, görəcək ki, Türkiyə və Azərbaycanla münasibətləri inkişaf etdirmək çox faydalıdır. Çünki Ermənistan artıq etibarlı müttəfiq deyil, İrəvan bölgəyə kənar gücləri yerləşdirməyə çalışır. Azərbaycan və Türkiyə isə buna qarşıdır. Həmçinin, Qarabağın Azərbaycanın bir parçası olması Rusiya tərəfindən təkzib edilə bilmir. Qarabağ Azərbaycana aiddir və bu məsələ bitib, beynəlxalq hüquqda əleyhimizə heç nə yoxdur. Sadəcə, bəzi qüvvələr bölgəni qarışdırmağa çalışır. Ümumiyyətlə, həmişə deyirəm ki, sülh müqaviləsi imzalamamaq, sərhədləri tanımamaq bizim yox, Ermənistanın ziyanınadır. Çünki bu halda Azərbaycan 1918-ci illərə qayıda bilər. İrəvan Zəngəzur qədim Azərbaycan torpaqlarıdır. Onların əlində olan ”silah" torpaqları işğalda saxlamaq idi, onu da itirdilər. O baxımdan Avrasiyanın iki nəhəng ölkəsi - Rusiya ilə Türkiyənin münasibətləri yaxşı olduqca, onlarla əlaqələri olan dövlətlərin də işinə yarayacaq. Mən bunu ruslara deyirdim, qəbul edirdilər. Bu artıq regional məsələdir, Türküstan mövzusudur, yəni təkcə Azərbaycanla bağlı deyil".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR