İnsanlara hürriyət, millətlərə istiqlal!

Mediakorporasiyaların qlobal informasiya məkanına TƏSİRLƏRİ

640 26.01.2023 23:01 Yazarlar A A

Mediakorporasiyaların qlobal informasiya məkanına göstərdiyi təsir bu gün müasir media sisteminin ən aktual mövzusudur.

Bu mövzuya toxunarkən ilk növbədə qlobal informasiya məkanının formalaşmasını şərtləndirən mühit təsvir olunmalıdır. Təbii ki, bu proses informasiyanın qloballaşdığı və kütləvi informasiya vasitələrinin monopoliyalaşdığı şəraitdə gedir. Müasir dövrdə media dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsinə çevrilib. İndi xəbərə əmtəə, auditoriyaya isə kapital gözü ilə baxılır. Odur ki, kütləvi informasiyanın hər hansı bir vasitəsi iqtisadi qanunlardan kənarda fəaliyyət göstərə bilməz. Sadəcə olaraq, informasiyanı digər əmtəə məhsullarından fərqləndirən cəhətlər var. Onlardan biri informasiyanın topdan satışının asanlıqla təşkil olunmasındadır. Çünki informasiya "satıcı"sı eyni vaxtda minlərlə "müştəri"yə xidmət göstərə bilər. KİV-də hər zaman aktual mövzu olan monopoliyanın özünəməxsus başqa xüsusiyyət və meylləri də mövcuddur.     

Ümumiyyətlə, mətbuatda monopoliya probleminə iki istiqamətdə yanaşmaq olar. Birinci, kütləvi informasiya vasitələrinin özlərinin monopoliya şəklində fəaliyyət göstərməyə üstünlük verməsi, ikinci, dünyanın iri konsern və birliklərinin kütləvi informasiya vasitələrinə təsir göstərmək cəhdləri.

cmi.png (744 KB)

Birinci istiqamətdə daha çox ideoloji baxışları və siyasətləri oxşar olan kütləvi informasiya vasitələri birləşirlər. İkinci istiqamətdə isə əsasən iri mediamaqnatların təsirinə məruz qalanlar, rəqabətə dözməyənlər, bir sözlə, məcburiyyət qarşısında qalanlar bir araya gəlirlər. Odur ki, həmin mediakorporasiyaların tərkibində birləşən kütləvi informasiya vasitələri artıq öz ideya istiqamətlərini, prinsiplərini unudub, gələn sifarişləri icra etməyə məcbur olurlar.

Birinci istiqamətə daha çox mediakorporasiyaların ilkin formalaşdığı dövrdə rast gəlinirdisə, ikinci istiqamət əsasən son dövrlər üçün xarakterikdir. Xatırladaq ki, ilk mediakorporasiyaların yaranmağa başladığı dövrdə - XX əsrin əvvəllərində mətbuat orqanları korporasiyalar və holdinqlər şəklində birləşərək vahid informasiya siyasətinə qulluq etməyə başladılar. Sonrakı dövrdə dövlətlər daha mürəkkəb münasibətlərə qədəm qoydular. Bu da öz növbəsində, media orqanlarına təsir edir və həmin media orqanları özlərinəbənzər KİV axtararaq onlarla vahid təşkilatda birləşirdilər. Nəticədə bir mediakorporasiyanın tərkibində bir neçə müxtəlif kütləvi informasiya vasitəsi cəmlənirdi. ABŞ, İngiltərə, Almaniya, Fransa kimi inkişaf etmiş ölkələrdə özündə aparıcı mətbuat orqanlarını və tv-radio yayımını birləşdirən mediakorporasiyaların meydana çıxması ilə jurnalistikada yeni tendensiya yarandı.

media.PNG (687 KB)

Son vaxtlar korporasiyalar informasiya sahəsindən tamamilə uzaq sahələr üzrə ixtisaslaşmış şirkətləri də özlərinə cəlb etməyə başlayıblar. Qeyri-informasiya sektorundan olan şirkətlərin bu işə girməsində əsas məqsədləri gəlirlərini artırmaqdır. Media orqanları isə bu yolla özlərinin maddi tələbatlarını gerçəkləşdirirlər. Bu yolla mediakorporasiyalar qısa müddət ərzində kommersiya strukturuna çevrilir, mediabiznes layihələrini reallaşdırırdılar. Dünya informasiya bazarı uğrunda əsil rəqabət də elə bundan sonra başlanır. Bu mübarizədə zəiflər məhv olur, güclülər isə onların "torpaq"ları hesabına öz imperiyalarını gerçəkləşdirirdilər. Amerikalı mütəxəssis N.Solomon öz araşdırmasında göstərir ki, 1987-ci ildə sayı 29 olan mediakorporasiyalar 1997-ci ildə 10-a enmişdi. 2000-ci ilin ilk yarısında dünya informasiya bazarında cəmi 6 nəhəng konsern "at oynadırdı". Onlara çox zaman "böyük altılıq" da deyirdilər. Onlardan 5-nin mənzil-qərargahı ABŞ-da yerləşirdi. Bircə korporasiya isə Almaniyaya məxsus idi. Söhbət 1998-ci ildə İngiltərənin "Rend Xaus" qəzetinə sahib çıxmış "Bertelsmann" mediakonsernindən gedir. 90-cı illərin sonlarında dünya informasiya bazarının lideri "Time Warner" hesab olunurdu. Bu nəhəng korporasiyanın tərkibində "CNN News Group", HBO kimi məşhur telekanallar cəmləşmişdi. Bu siyahıda dünyada musiqi məhsullarının satışına nəzarət edən  "Warner Brothers" qrupu da vardı.

Hazırda iri mediakorporasiyalar artıq milli sərhədləri aşaraq, transmilli xarakter daşımağa başlayıb. ABŞ-ın "Vanity Fair" jurnalı 2001-ci ildə dünya informasiya bazarının liderlərinin siyahısını tərtib edib. 50 mediakorporasiyanın adının yer aldığı bu siyahıda cəmi 4 qeyri-Amerika şirkətinin adı var. Bu iri mediakorporasiyaların tərkibinə daxil olan "International Herald Tribune", "USA Today", "Wall Street Journal" kimi qəzetlərin informasiyası bazara beynəlxalq nəşrlər adı ilə çıxarılsa da, əslində ABŞ siyasətini təbliğ edir. 1990-cı ildə ABŞ-ın "Time Warner" və "Walt Disney" mediakorporasiyalarının illik gəlirlərinin 15 %-i xarici ölkələrin payına düşürdüsə, 1997-ci ildə bu rəqəm 30-35%-ə yüksəlmişdi. Müasir dövrdə dünya informasiya bazarını faktiki olaraq Amerika mediakorporasiyaları ələ alıb.

time.PNG (1.26 MB)

Müxtəlif kütləvi informasiya vasitələrini nəzarət altına götürmək korporasiyalara öz biznes sahələrini genişləndirmək, başqa ölkələrdə ictimai fikri istənilən istiqamətə yönəltmək üçün əlverişli şərait yaradır. Növbəti mərhələdə isə mediamaqnatlar öz aralarında rəqabət aparmağa başlayırlar. Onlar imperiyalarını genişləndirmək, dünya informasiya bazarına təsir gücünü artırmaq üçün müxtəlif yollara əl atırlar. Bu gün milli və transmilli korporasiyalar kütləvi informasiya vasitələrinə rəhbərlik etmək uğrunda bir-birləri ilə fəal mübarizə aparırlar. "General Electric" şirkəti En-Bi-Si, "Vestinhouse" Si-Bi-Es, "Viakom" Paramaunt TV, Em-Ti-Vi, "Disney" Ey-Bi-Si telestansiyasına nəzarət edir.

Mediakorporasiyaların dünya informasiya bazarı uğrunda gedən rəqabətdən danışarkən təkcə məşhur mediamaqnat Merdokun rəqiblərinə qalib gəlmək üçün etdiyi ağılasığmaz riskləri xatırlatmaq kifayətdir. Onun üçün fərqi yox idi - məqsəd hansı yolla olursa-olsun rəqibə qalib gəlmək idi. Merdokun şirkəti ABŞ, Avropa, Avstraliya və Sakit Okean regionunda həftə ərzində 60 milyon nüsxə qəzet çap etdirməklə yanaşı, yüzlərlə telestansiyanın fəaliyyətinə nəzarət edirdi. Dünya informasiya bazarının belə "media imperatorlar" tərəfindən "işğal" olunması nəticəsində bazar nəinki bir qrup şəxsin əlində cəmlənir, həmçinin müstəqil media orqanlarının sayı azalmağa başlayır. Ən dəhşətlisi isə ayrı-ayrı ölkələrin KİV sisteminə mənbəyi və milli mənsubiyyəti bəlli olmayan kapital axını başlayır.

Transmilli medianın siyasi funksiyası xüsusi diqqətə layiqdir. Tədqiqatçılar transmilli media korporasiyalarının siyasi proseslərin müstəqil iştirakçıları olub-olmaması, yoxsa yalnız təmsil etdikləri dövlətin siyasətinin dirijoru kimi çıxış etmələri barədə razılığa gələ bilmirlər. Transmilli medianın maliyyə müstəqilliyinə və güclü texniki potensiala malik olmasına əsaslanaraq, onlarda nisbətən müstəqil siyasi oyunçuların əlamətlərinin olduğunu güman etmək olar. Bununla belə, media korporasiyalarının sahibləri qeyri-hökumət strukturları və hakim elita ilə sıx əlaqədə ola və öz fəaliyyətlərini onlarla əlaqələndirə bilərlər. Məsələn, 2013-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı E.Snouden ABŞ xüsusi xidmət orqanlarının Feysbuk və digər telekommunikasiya və internet şirkətlərinin məlumat bazasına çıxışı olduğunu təsdiqləyən sənədləri açıqlayıb.

1813e19b-8346-477e-b0bf-12cbea35fcf5_850.jpg (73 KB)

İri media korporasiyaları media strukturunun seqmentləri olmaqla qlobal siyasi strategiyaların inkişafına təsir göstərirlər. Politologiya və iqtisadiyyat sahəsində bir çox ekspertlər hesab edirlər ki, xarici siyasətdə transmilli korporasiyalar öz korporativ diplomatiyalarını həyata keçirirlər. Onların fikrincə, Şərqi Avropa, Latın Amerikası, Yaxın və Orta Şərqdəki münaqişələrin, Asiya və Avropada hakimiyyət dəyişikliyinin arxasında transmilli korporasiyaların maraqları dayanır.

Jurnalistika kütləvi istehlakçıların şüurunda real gücə malikdir. İctimai şüuru formalaşdıran və dünyada ictimai rəyə təsir edən kontent-informativ məhsulların əhəmiyyətli hissəsi məhz müasir media alətlərinə nəzarət edən transmilli mediakorporasiyalar vasitəsilə qlobal informasiya məkanına ötürülür.

Hazırda da qlobal informasiya bazarında söz sahibi olan əsas mediakorporasiyalar Amerika şirkətləridir: "Google"; "Walt Disney Corp."; "CBS Corporation"; "News Corporation"; "General Electric"; "Time Warner"; "Viacom".

korp.PNG (1.80 MB)

Transmilli media korporasiyaları informasiyanın yayılmasının bütün kanallarından bir anda istifadə edirlər, ona görə də onları multimedia konqlomeratları hesab etmək olar. Məsələn, "Walt Disney Corporation" ABC televiziya şəbəkəsinə, Disney Kanalına sahibdir. "General Electric Corporation" 4 Amerika televiziya şəbəkəsindən birinə - NBC-yə sahibdir. Bundan əlavə, o ABŞ-da 38 televiziya stansiyasına, "Universal Pictures" kino şirkətinə və ispandilli "Telemundo" televiziya kanalına sahibdir. CNN xəbər kanalı ən böyük media konqlomeratı olan "Time Warner"ə məxsusdur. "News Corporation"a "Fox" televiziya şəbəkəsi, ən böyük Amerika qəzetləri "The Wall Street Journal" və "New York Post", Britaniyanın "The Times" qəzeti və "National Geographic" jurnalı daxildir. CBS Korporasiyası CBS milli televiziya şəbəkəsinə, 39 televiziya stansiyasına sahibdir və "Google" xidmətləri üçün video kontenti təmin edir. "Viacom Corporation" MTV kanallarının və "Paramount Pictures"in sahibidir.

cb.PNG (457 KB)

Ümumiyyətlə, media insanların şüuruna, emosiyalarına təsir etmək gücünə malikdir. Bu səbəbdən də, media müasir dövrdə kütlələrə təsir etmək gücünə malik ən effektiv və təhlükəli silah hesab olunur. Bəs görəsən, mediakorporasiyalar dünya informasiya bazarına daha çox hansı məqsədlərlə təsir göstərməyə çalışırlar. Nəzəriyyəçilərin fikrincə, onların əsas məqsədləri auditoriyaya psixoloji təsir göstərmək, fanatizmi yaymaq, siyasi opponentlərə qarşı etibarsızlıq yaratmaq və digər xalqlara öz maraqlarına görə münasibət formalaşdırmaqdan ibarət olur. Dünya bazarına hansı informasiyanın hansı formada çıxarılmasını əsas tərəf müəyyənləşdirir. Bir sözlə, media bazara sifariş olunmuş informasiyanı çıxarır.

Vüqar Zifəroğlu
Mətbuat Şurasının sədr müavini, filologiya üzrə elmlər doktoru

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR