İnsanlara hürriyət, millətlərə istiqlal!

Mebel sexindəki partlayışla bağlı cavabdehi hansı cəza gözləyir?

1014 15.01.2024 19:25 Gündəm A A

Bu gün Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində partlayış, ardınca yanğın olub.

Dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunublar.

Partlayışdan sonra baş verən yanğın tam söndürülüb.

Hadisə nəticəsində həyatını itirənlərin sayı artıq yeddiyə çatıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

Bəs günahkar və ya günahkarları hansı cəza gözləyir?

WhatsApp Image 2024-01-15 at 17.43.26.jpg (34 KB)

Hüquqşünas Nicat Ələkbərzadə Oxu.Az-a açıqlamasında bildirib ki, bu cinayətin obyekti insan fəaliyyətinin bütün sahələrində yanğın təhlükəli mənbələrlə davranmanın qanunvericiliklə müəyyən edilmiş qaydasıdır:

“Qeyd olunan cinayət əməlinin əlavə obyekti insanların həyatı və sağlamlığı, habelə mülkiyyət münasibətləridir. Bu cinayət obyektiv cəhətdən həm fəal hərəkətlə, həm də hərəkətsizliklə törədilir. Bu cür işlərdə kriminalistik araşdırmaların, ekspertizaların aparılması, partlayışın hansı səbəblərdən baş verməsi tam şəkildə araşdırılaraq cinayət təqibi üzrə araşdırma materiallarına əlavə olunur.

Mövcud Cinayət Məcəlləsinin 225.3-cü maddəsinə əsasən, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

N.Ələkbərzadə bildirib ki, hazırkı hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə də cinayət işinin başlanılması qaçılmazdır:

“Həmin maddənin dispozisiyasına əsasən, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR