İnsanlara hürriyət, millətlərə istiqlal!

“MAZLUMDER NƏ DER...”

11491 25.08.2011 09:59 Yazarlar A A

Niyə avqustda?

Dostumuz Şahvələd Çobanoğlu “Azadlıq” qəzetində maraqlı bir köşə yazıb. Şahvələd bəy “Azərbaycan iqtidarını tənqid edən ”Mazlumder" PKK tərəfdarıdırmı?" adlı müəllif yazısında maraqlı nəticələrə çıxıb. Onlardan biri: məlum olub ki, Türkiyədə insan haqları dərnəyi kimi fəaliyyət göstərən bu qurum (MAZLUMDER) Azərbaycanla bağlı tənqidi hesabat yayıb və hesabatın tarixi sən demə 6 aprel imiş. “Lakin nədənsə ”Yeni Şafak" qəzeti Ərdoğanın Bakıya səfəri ərəfəsində bu hesabata yenidən qayıdıb və bizim mətbuat da o zaman buna xüsusi diqqət ayırıb" (Ş.Çobanoğlu, qeyd olunan məqalə).

MAZLUMDER niyə Azərbaycan iqtidarını tənqid edib?

Bu sualı “Yeni Müsavat” qəzetini yönəldən birisi kimi qəzetin planlaşdırmalarının birində mən irəli sürdüm. Fikir mübadiləsi apardıq. MAZLUMDER-i, onun qurucularını, siyasətini, Türkiyədəki dostlarımın bu hörgütə ehtiyatlı münasibətini bilən birisi olaraq; həm də və ən əsası, MAZLUMDER-i hələ də kontrol edən sülalənin - kürd əşirətlərindən ən güclüsü olan Arslanların (İhsan və oğlu Mücahid (Ali İhsan) Arslanların timsalında) Azərbaycan iqtidarındakı önəmli (kürd əsilli) fiqurlarla isti əlaqələrinin mövcudluğu barədə dəqiq xəbərlərə malik olan bir qəzetçi kimi mənə maraqlı idi: Nə baş verir? Gizli müttəfiqlərin arası niyə açıldı?
Həmin vaxt Azərbaycan rəsmilərinin Türkiyəyə yönəlik son mesajlarına, davranışlarına nəzər saldıq. Dəyişik olan bircə istiqamət vardı: Azərbaycan prezidenti PKK-nı terror təşkilatı kimi tanıdıqlarını bəyan etmişdi. Çox ehtiyatla, məhz belə olduğunu iddia etmədən məlum hesabata bu faktın səbəb ola biləcəyi şübhəsini irəli sürdük. Əlimizdə başqa bilgi yox idi...

Amma...

MAZLUMDER-in və onun qurucusu İhsan Arslanın isə bir kürdçü olduğunu bilirdik. Bu təşkilat 20 ildən artıqdır fəaliyyət göstərir; bu müddətin 18 ili ərzində  Azərbaycanda iqtidar tərəfindən minlərlə hüquq pozuntusu, seçki saxtakarlıqları, zorakılıqlar, qanunsuz həbslər, azadlıqların məhdudlaşdırılması kimi əməllər həyata keçirilib. Lakin sözdə hüquq müdafiə təşkilatı olan MAZLUMDER bir dəfə də olsun bu faktlara reaksiya verməyib. Dünyanın hər yerindəki haqsızlığa, pozuntulara, hətta erməni Hrant  Dinkin öldürülməsinə coşqun reaksiyaları ilə fərqlənən MAZLUMDER Azərbaycanla bağlı hər zaman susub.
Bunun səbəbi mənə bəllidir. Lakin birdən-birə, tarixində demək olar ki, ilk dəfə ölkəmiz barədə hesabat hazırlayan şübhəli təşkilatın bu əməllərindən şübhələnmək, izahat axtarmaq, hər halda, bizim də haqqımızdır.

İkinci tapıntı...

Şahvələd bəyin ikinci tapıntısı da maraq doğurur. Qələm dostumuz haqlı olaraq soruşur: “...bu hesabatın açıqlanmasının İlham Əliyevin PKK açıqlamasına cavab olması haqda fikir həqiqətə söykənmir. Üstəlik, hesabatın hələ aprel ayında təşkilatın saytında yayıldığı bəlli olur. İndi siz deyin, 6 apreldə İlham Əliyevin sonrakı aylarda olacaq çıxışına necə cavab vermək olardı?”
Yazar əslində bizimlə opponentlik edir, sualı bizə ünvanlayır. Öncə bizim ifadəyə diqqət edək: “...təşkilatın Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabatın və hökumətə yönəlik sərt tənqidin İlham Əliyevin Bakıda PKK-nın terror təşkilatı olması ilə bağlı açıqlamasından az sonraya təsadüf etməsi ŞÜBHƏLİDİR”.

Bizdə də “bəlkə”, onda da “bəlkə”...

Bu şübhələr indi də qalır. Elə Şahvələd bəyin sonrakı cümlələri də bu hesabatın izahatına yönəlik şübhələrdən qaynaqlanan versiyalardan biri sayıla bilər. Çünki onda da eynilə bizdə olandandır - şübhə, mülahizə, versiya, bəlkə, yozum... Sitat: “Lakin nədənsə ”Yeni Şafak" qəzeti Ərdoğanın Bakıya səfəri ərəfəsində bu hesabata yenidən qayıdıb və bizim mətbuat da o zaman buna xüsusi diqqət ayırıb. “Yeni Şafak” isə məhz Ərdoğana yaxın qəzetdir. Hətta baş nazirin qızı qəzetin sahibinin böyük qardaşının gəlinidir. Yəni hesabatın yayılmasının İlham Əliyevi vurmaq marağı varsa, bu, Ərdoğanın və AKP-nin marağı sayılmalıdır".
Nə deyə bilərik? Bu versiyanın da yaşamaq haqqı. Bəlkə də Şahvələd bəy yazan kimidir. “Bəlkə” də...
Bu məqam xüsusi diqqətə layiqdir. İstənilən halda qiymətli yazarımız gözəl bir rakurs açır. Bu tarixlərə və belə bir hesabatın R.T.Ərdoğanın Bakı səfəri ərəfəsində AKP-yə yaxın qəzetlərdə təkrar dövriyyəyə buraxılmasına təhlilçilər, müxalifət liderləri  diqqət etsələr yaxşıdır... 

MAZLUMDER və PKK

Şahvələd bəy yazısında iddia edir ki, bizim MAZLUMDER-in PKK-ya bağlı olması barədə məlumatımız təsdiq olunmur: “Elə Türkiyədə müraciət etdiyim azərbaycanlı mənbələr də dedi ki, MAZLUMDER-in PKK-ya heç bir bağlılığı yoxdur. Həmin cavablardan biri: ”Bəy, o dərnək 90-cı illərdən bəri fəaliyyətdədir. Daha çox dini ağırlıqlı bir dərnəkdir. Onu iki dönəm AKP Diyarbəkir millət vəkili olmuş İhsan Arslan yaradıb. Onun oğlu da baş nazirin beyin komandasındadır. Baş nazirə çox yaxın adamdır. Separatçı adamları, PPK-ya bağlı adamları Ərdoğan ətrafında saxlamaz..."
Məncə, hörmətli Şahvələd bəy Türkiyədəki “azərbaycanlı mənbələrlə” əlaqə saxlamaqdansa da google.com.tr-də “İhsan Arslan” yazaraq axtarış versəydi, daha obyektiv və səhih bilgilərə çıxardı. Onda görərdi ki, uzun illərdir Türkiyənin qəzet və televiziyaları, dəyərli siyasət və dövlət adamları, yazarlar, millətçi kəsimin nümayəndələri, Facebook resursları, internet forumları, elə bəzi AKP-lilər bu Arslanlar, onların bölücü fəaliyyətləri, qaranlıq biznes əməlləri barədə nələr və nələr yazırlar. Üstəlik, bu adam PKK terror təşkilatının təbliğatını aparmaq suçundan 2009-cu ildə prokurorluq tərəfindən istintaqa cəlb edilib... www.haber7.com/haber/20090408/Ihsan-Arslan-hakkinda-inceleme-karari.php)
Bunu qarşısında bilgisayarı olan istənilən azərbaycanlı da, Türkiyədəki “azərbaycanlı mənbələr”də edə bilərlər. Minlərlə qaynaq, rəsmi qəzet məqalələri, ittihamlar tapacaqsınız. Necə ki, mən tapdım və bir hissəsini də dünən səhər Şahvələd bəyə yolladım. Onların birindən sitat: “PKK’lı teröristlere ‘gerilla’ diyen Arslan, PKK’nın vahşetlerini ise ‘Ulusal Kurtuluş Savaşı’ olarak değerlendiriyor... Türkiye Cumhuriyeti’nin Kürtleri 70 yıldır ezdiğini savunan AK Partili vekil, Türkiye’nin tamamında ”Eyalet Sistemi"uygulanmasını istiyor..."(http://ulusal-birlik.blogspot.com/2008/08/meclisdeki-hain-ihsan-arslann-gerek-yz.html)
Türkiyənin tanınmış və populyar köşə yazarı Emin Çolaşan da dəfələrlə ən müxtəlif media quruluşlarında, ölkəsinin 1 saylı qəzeti hesab olunan “Hürriyet” qəzetində Arslanlardan, onların separatçı əməllərindən yazıb. Məsələn: “Adam PKK’yı gerilla, PKK terörünü ulusal kurtuluş savaşı, Güneydoğu’yu Kürdistan olarak tanımlıyor, bununla da yetinmeyip Cumhuriyet rejimine dil uzatmaya yelteniyor.
Bu adam AKP Diyarbakır Milletvekili. Oğluyla birlikte Recep Tayyip Erdoğan’ın danışmanı ve akıl hocası". (Emin Çolaşan, “Hürriyet” 2006, 25 sentyabr . Yazının qaynağı http://www.habervitrini.com/haber.asp?id=239519).
Belə sitatları minlərlə göstərmək olar. Lakin buna nə hacət var. Çünki...

İhsan və Mücahid Arslanları internetsiz də tanıyıram

Arslanlar burada, Bakıda məni məhkəməyə verib, həbs etdirmək təşəbbüsü göstəriblər. Nə zamanmı? 2007-ci ilin aprel-mayında. Məlum “Azərsun holdinq”, Abdolbori Goozal çəkişməsinin pərdə arxasında məhz onlar idi. Pərdəni bir az aralayaq.
Türkiyədəki dostumuz, hazırda “Ergenekon işi” deyilən qondarma cinayət dosyesi ilə həbsdə olan Tuncay Özkan və başqa dostlarla ortaq layihəmiz vardı. İhsan və Mücahid Arslanların, onların PKK-ya para qazandırmaq planlarının Bakı uzantısını tapmaq, bu barədə veriliş hazırlayaraq bu əlaqələri ifşa etmək... Alındı, Türkiyəni və Azərbaycanı silkələyəcək bir reportaj hazırladıq, bağlantıları bulduq. Türkiyə silkələndi, Azərbaycanda isə Arslanların ortaqları və soydaşları “Yeni Müsavat”ı silkələdilər (Həmin veriliş barədə bu qaynaqda məlumat bulmaq olar http://akpartigercegi.wordpress.com/2008/02/17/basbakanin-danismaninin-marifetleri/).
Orada Tuncay Özkanı, “Kanal Türk”ü məhkəməyə verdilər, burada “Yeni Müsavat”ı və məni. O zaman Türkiyədəki və Bakıdakı dostlar “Yeni Müsavat”ı qoruya bildilər. Elə ən böyük müdafiəni də “Kanal Türk” qurdu. Lakin təəssüf ki, Tuncay Özkan qondarma bir ittihamla içəri atıldı və enində-sonunda  “Kanal Türk”ü satmağa məcbur qaldı. İndi bu televiziya Tayyib bəyə yaxın bir iş adamınındır...

Arslanları türklərdən sorun...

Türkiyədəki əksər milliyyətçi, dövlətin birliyi və bütünlüyündən yana olan dostların, tanışların yanında Arslanlardan danışsan, hər kəs birmənalı olaraq onları dövlət və türk düşməni kimi xarakterizə edəcək. Tayyib Ərdoğanın yanında olmaq, ona yaxın olmaq bu adamların üz ağlığı sənədi ola bilərmi? Bizim də iqtidarlı-müxalifətli liderlərin, lap özümüzün yanımızda illərlə elələri olub ki...

Kürdlər üçün qızıl dönəm

AKP-ni, onun lideri Tayyib Ərdoğanın ətrafını sarmış, böyük üstünlüklər əldə etmiş kürd əşirətlərinin liderləri üçün qızıl dönəmdir. Zamanında “kürdəm” deyə bilməyənlər indi Türkiyənin federallaşmasından, qardaş ölkənin güney-doğusunu Kürdüstan adlandırmaqdan, Türkiyə ərazisində müstəqil kürd dövləti qurmaqdan, PKK-çılara azadlıq mücahidləri deməkdən, terroristlərin cəsədlərinə “şəhid” ünvanı verməkdən çəkinmirlər. Həm də bir deputat, toxunulmaz şəxs olaraq. Bunların da başında hər zaman MAZLUMDER-in qurucusu İhsan Arslan gəlib.
İnsaf naminə, Arslanlar hətta Türkiyə dövlətinin daxili siyasəti fərqli olanda və separat təmayüllərə qarşı amansız davrananda da kürdlərin özgürlüyündən, onların haqlarından və Kürdüstandan danışıb, yazıb. 1996-cı ildə MAZLUMDER başqanı olaraq PKK kamplarına gedən və burada da terrorçu hörgütün simvolları arasında bol-bol rəsmlər çəkdirən İhsan Arslan bu hərəkətinə görə uzun zaman Türkiyə mediasının hədəfində olub.

PKK ilə eyni hədəfi daşıyırlar

PKK ilə eyni hədəfi daşıyan Arslanların, sadəcə, bu hədəflərə ulaşmaq taktikası fərqlidir. “Kürd açılımı” kimi avantürist, Türkiyəni çıxılmaza soxan, PKK terroru qarşısında zəiflədən layihənin gerçək müəllifinin kim olduğunu bilirsinizmi? “Mücahid” kod adlı Ali İhsan Arslan - MAZLUMDER-in qurucusu İhsan Arslanın oğlu, hörmətli Tayyib bəyin milli məsələlər üzrə danışmanı. Tayyib bəy həbsdə ikən onunla tanışan, bir il ərzində itaətkarcasına onun qulluğunda duran, bununla da etimad qazanan və bu böyük liderin yanında olmağın böyük gələcək vəd etdiyini fəhm edən Mücahid Arslan və onun separatçı atası məhz iqtidara yaxın olmanın verdiyi gücdən istifadə etməkdədirlər. Həm də Türkiyə üçün zərərli bir istiqamətdə. Böyük tenderlərdə “qalib” gəlib 100 milyonlarla dövlət sifarişlərini icra edən Arslanlar indi Türkiyənin ən zəngin əşirətlərindən biridir.

Ərdoğana yaxın olmayanlar da Türkiyəni sevə bilər

Həyatını Türkiyənin birlik və bütünlüyünə, böyüməsinə həsr edən yazarlar, siyasət və dövlət adamları, PKK terroru ilə mücadilə aparıb Türkiyəni qoruyan zabit və generallar (ələbaşı Öcalanı Keniyadan oğurlayıb Türkiyəyə gətirən özəl qüvvətlərin komandanı da daxil olmaqla) ən müxtəlif iftiralarla həbsdədir. Mən onların bir neçəsini şəxsən tanıyıram. AKP liderinə yaxın deyillər. Lakin onlardan heç biri separatçı və bölücü də deyil. Üstəlik, Azərbaycanı da candan sevirlər və bəziləri də bu torpaqlarda ermənilərə qarşı vuruşub...

***

İstənilən halda Şahvələd bəyə təşəkkür edirəm ki, öz maraqlı yazısı ilə bir fürsət yaratdı ki, bu mövzuya bir daha qayıdaq. Son yarımbaşlıqla bir nüansı da ifadə edirəm.

MAZLUMDER? Aman gəlməsin...

Ötən ilin sonlarında siyasətdə olmayan can dostlarımdan birinə Türkiyədən bir dəvət gəlmişdi. MAZLUMDER təşkil etdiyi böyük bir törənə Azərbaycandan yalnız onu çağırmışdı. Təsadüfə bax, dostum mənə zəng eləyib bu barədə məsləhət alanda mən də Türkiyədə idim. Dedim, məndəki rəy bəlkə yetərsizdi, bir başqa dostlardan, hətta fərqli çevrələrdən də soruşum...
Bilavasitə və telefonla, bildiyim tanıdığım, güvəndiyim bir çox ismi aradım. Hamısı da təxminən eyni reaksiya və cavabı verdi: “Bəy, sənin dostlarının Türkiyə və türk düşmənləri ilə nə işi?”
Dostum sağ olsun, mənim rəyimə inandı və getmədi. Ümidvaram ki, bu yazıdan sonra o, tək olmayacaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR