İnsanlara hürriyət, millətlərə istiqlal!

Maska və vaksin tələbinin götürüldüyü vaxtda dünyada yeni virus yayılır

1356 29.03.2022 11:00 Yaşam A A

Həkim: “Düzdür, yoluxma sayı azalıb, qadağalar ləğv edilir, amma ÜST bildirir ki...”

Azərbaycanda son ayda koronavirusa yoluxma sayında xeyli azalma var. Yazını hazırladığımız zamana olan statistikaya görə, virus infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 100 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. Göründüyü kimi, həm yoluxma sayı, həm də ölüm sayı ötən ayla müqayisədə 3 dəfə aşağı düşüb. Bununla belə, pandemiya ilə bağlı bir çox qadağalar aradan qaldırılsa da, hələ də ölkəmizdə maska və COVİD pasportu tələbi ləğv olunmayıb. Vətəndaşlar maskasız və peyvənd sənədi olmadan qapalı məkanlara daxil ola bilmirlər. İnfeksionistlər isə  bildirirlər ki, yaya qədər yoluxma sayı hətta sıfıra enəcək. Nəzərə alsaq ki, artıq bir çox Avropa ölkələrində maska və pasport tələbi aradan qaldırılıb. Hətta Türkiyədə də maska tələbi bir ay əvvəldən götürülmüşdü. Bəs bizdə nəyə görə hələ də bu qadağalar aradan qaldırılmır?

eb93926b-8026-425b-8284-5c1ad793582a (1).jpg (112 KB)

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova “Yeni Müsavat”a mövzunu belə şərh edib: “Son epidemioloji göstəricilərdə artıq bir müddətdir ki, stabillik müşahidə olunur, COVİD hallarının əsaslı şəkildə azalmasını müşahidə edirik, bir sıra alimlər qabaqcadan ”Omikron"un genom quruluşundakı çoxsaylı mutasiyaların virusu zəiflətməsinə səbəb olacağını proqnozlaşdırırdı. Lakin ÜST nümayəndəsinin bir neçə gün bundan əvvəlki çıxışında COVİD-19 hallarının artması qeyd olunurdu. Bir sıra ölkələrdə qadağaların xeyli yumşalması qərarları qəbul edilib. Hazırda yaz fəslinin gəlişi, mövsümə uyğun olmayan sərt hava şəraiti izlənilir, bu isə respirator infeksiyaların əlverişli inkişafına təkan verə bilər, lakin güman edirəm ki, epidemioloji göstəricilərdə eyni dərəcədə stabillik davam etdiyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəminə, karantin rejiminin yumşaldılması ilə bağlı məsələlər müzakirə üçün çıxarıla bilər".

VAQİF QARAYEV,

Vaqif Qarayev 

Tanınmış pediatr Vaqif Qarayev isə bildirib ki,  koronavirusla bağlı dinamika pozitivdir: “Bizdə də yoluxma xeyli azalıb. Ən əsası ölüm sayı azalıb. Qonşu Gürcüstan hökuməti endemik fazaya keçidi təsdiqlədi. Bu, yaxşı xəbərdir. Çünki orada vəziyyət çox pis idi. Türkiyədə də vəziyyət yaxşıdır. Məncə, qadağaları götürmək olar. COVİD pasportuna görə insanların yaşayışını məhdudlaşdırmaq artıq mənasızdır. Ölkədə hər ailədə COVİD-ə yoluxan oldu.. Sadəcə olaraq, bundan sonra hər kəs özünü qorumalıdır”.

Yeri gəlmişkən, bir neçə ölkədə aşkarlanan “Omikron”un yeni ştamı olan BA.2 narahatlıq doğurub. Belə ki, Ağ Evin Baş Tibb Məsləhətçisi Dr. Entoni Fauci Omicron-un BA.2 kod adlı artan yüksək yoluxucu variantı barədə xəbərdarlıq edib. Deyib ki, virusun infeksiya ötürmək qabiliyyəti artır: “Ancaq hələ ümidsizliyə qapılmayaq, hər şey itirilməyib. Peyvəndlərin bu varianta qarşı təsiri hələ ki var. Bununla belə, yoluxma hallarını təhlil etsək görərik ki, onlar çox da ağır görünmür, peyvəndlərin, ya da əvvəlki infeksiyaların səbəb olduğu immunitet reaksiyalarından yayınmırlar”, - deyə Fauci bildirib.

Keçən ay Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  də yeni ştamla bağlı açıqlama yayıb. Ötürülmə, şiddət, təkrar infeksiya, diaqnostika, terapiya və peyvəndin təsiri ilə bağlı mövcud məlumatlara əsasən, BA.2 alt xətti hələ də narahat doğuran virus variantı hesab edilməli və “Omicron” kimi təsnifləşdirilməlidir.  BA.2 gələcəkdə “Omicron”un ayrıca alt növü kimi izlənməyə davam etməlidir. Ekspertlər isə hesab edirlər ki,  BA.2 “Omikron”dan təxminən 50%-60% daha intensiv ötürülür. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi 31,200-dən çox yeni COVİD-19 hadisəsi, o cümlədən 958 ölüm aşkarlandığını bildirdi. Bununla belə, rəqəmlər hələ də ötənilki rəqəmlərdən aşağı olaraq qalır.

Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzləri tərəfindən bu həftə açıqlanan yeni məlumatlar bu variantın ABŞ-ın şimal-şərqində və qərbində daha sürətlə yayıldığını göstərir. CDC həmçinin qeyd edib ki, BA.2 variantı dominant ştama çevrilir və son bir ay ərzində hər həftə sayları təxminən iki dəfə artıb.

BA.2-nin “Omicron” BA.1 ilə eyni ağır simptomlara səbəb olub-olmadığı hələ ki məlum deyil.

Nyu-Cersi ştatının Montclair şəhərindəki Montclair Dövlət Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Stefani Silvera USA Today-ə açıqlamasında “Biz o zaman anlayırıq ki, artıq çox gec olur” deyib:  “Virusla bağlı alovlanmaların ona görə qarşısını ala bilmirik. Ölüm də bunun ən pis nəticəsidir”.

Bu arada, bütün dünyada səhiyyə rəsmiləri koronavirus peyvəndinin və revaksinasiya kimi profilaktik tədbirlərin COVID-19 virusunun yaratdığı ciddi xəstəliklərin qarşısını almaq üçün ən yaxşı üsul olduğunu deyirlər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR