İnsanlara hürriyət, millətlərə istiqlal!

Marketdə şəkər üstündə dava - Rusiya “Jiquli” dövrünə qayıdır

2857 15.03.2022 17:37 Yazarlar A A

20 günlük müharibə Ukraynaya 500 milyard dollar ziyan vurub. Bunu bu gün ölkənin maliyyə naziri deyib. Təbii ki, son rəqəm deyil.

Rusiyanın zərəri hələ ki, bundan azdır. Çünki dağıdılan şəhər və kəndlər, infrastrukturlar Ukraynaya məxsusdur, Rusiyaya yox. Hərbi əməliyyatlar Ukrayna ərazisində gedir.

Amma əminliklə söyləmək olar ki, müharibənin ən böyük zərbəsi yekunda elə onu başlayana, yəni Rusiyaya dəyəcək. Gec, ya tez. Bumeranq effekti kimi.

Artıq paytaxt Moskvanın marketlərində şəkər tozu uğrunda dava-dalaş başlayıb. Camaat ərzağa görə bir-birini didməyə girişib. Ərzaq panikası şübhəsiz, getdikcə güclənəcək.

Bəs nə bilmişdilər? Donbasdakı iki separatçı qurumun tanınmasına çəpik çalan bir xalq bunu gözləməli idi. 2014-dən - Krımın ilhaqından bu yana güzəranı yaxşılaşmayan, fəqət Putini göylərə qaldıran bir toplum, indi də Donbası zorla qoparmaq üçün aparılan ədalətsiz müharibənin ona daha böyük müsibətlər gətirəcəyini gərə biləydi.

Çünki müharibə təkcə canlı itkilər demək deyil. Həm də hər gün yeri doldurulmayan böyük, fantastik xərclər deməkdir. Bunu isə 20 gündür olduqca ağır şərtlər altına düşən zəif Rusiya iqtisadiyyatı, onun dəlmə-deşik büdcəsi qaldırmaq gücündə ola bilməz. Daha 10-15 gün müharibə və ölkənin maliyyə-iqtisadi sistemi böyrü üstə gələcək.

Təsadüfi deyil ki, bir çox təhlilçilər, o sırada hərbi ekspertlər Rusiyanın müharibə aparmaq qabiliyyətinin uzağı, 10 günə tükənəcəyini proqnoz edirlər. Müharibəni başlamağa, müharibə əleyhinə çıxanları qandallayıb onları “xuliqan” adlandırmağa nə var. Başladığın müharibənin dalında durmaq, onu dayandırmaq məsələsi var!

Rusiyanın, özəlliklə Putinin işini qəlizləşdirın, onun hərbi qələbəsini faktiki mümkünsüz edən isə həm də odur ki, onunla vuruşan əslində Qərbdir. Varlı, imkanlı, qabaqcıl texnologiyalara, o cümlədən hərbi texnologiyalara sahib Qərb.

Amma indi nəfəsliklər bir-bir qapadılır. Az sonra Rusiya heç kosmosa da raket uçura bilməyəcək, o ki ola kosmonavt göndərə. Rus silahlarının gözdən düşməsi də öz yerində.

Görünən budur ki, onsuz da aqrar, xammal ölkəsi olan Rusiya tədricən daş dövrünə, “at-araba” əyyamına, talon-kartoçka sisteminə geri qayıdır. Bir azdan Rusiyada ən bahalı maşın yenə “Jiquli” olacaq. Bunumu istəyirdi rus insanı?

Bu boyda maddi-mənəvi itkilərə, üzüntülərə, imic-avtoritet itkisinə dəyərdimi? Bu heç “Pirr qələbəsi” də deyil. Ondan qat-qat betəridir. Lap dəqiqi, özünəqəsddir. İntihardır.

İpi boğazdan çıxarıb atmağa hələ ki, şans qalır. Kiçik də olsa. Şərin yarısından qayıtmaq da xeyirdir. Əsas odur onları bir-birindən ayıra bləsən!..

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR