İnsanlara hürriyət, millətlərə istiqlal!

“LUKoyl” neftinin BTC ilə nəqli dayandırıldı - səbəb siyasidir, yoxsa...

1495 02.12.2022 08:30 İqtisadiyyat A A

Rusiya öz neftini Xəzər Boru Konsorsiumuna etibar etməli olacaq, əvəzində Azərbaycan Qazaxıstan neftinin tranzitini artıracaq

Avropa İttifaqının Rusiya neftinə qarşı tətbiq etdiyi embarqo dekabrın 5-də qüvvəyə minəcək. Artıq embarqonun Rusiyanın neft ixracına ilk təsirləri üzə çıxmaqdadır. Belə ki, Rusiyanın ən böyük özəl neft şirkəti olan “LUKoyl” Xəzər dənizindəki yataqlardan çıxardığı nefti Azərbaycanın kəmərlər şəbəkəsi vasitəsilə nəql edə bilməyəcək.

“Reuters” agentliyinin dörd mənbəyə istinadən yaydığı məlumata görə, Rusiya şirkəti dekabrın 5-dən sonra “Yuri Korçagin” və “Filanovski” yataqlarından hasil etdiyi neftini Bakı-Tiflis-Ceyhanla (BTC) deyil, Xəzər Boru Konsorsiumunun (XBK)  boru xətti ilə nəql edəcək. Bu isə neftin Aralıq dənizi deyil, Qara dəniz limanına çatdırılması deməkdir.

“LUKoyl”un nefti XBK-yə yönləndirməsi də təsadüfi deyil. Belə ki, bu boru kəməri ilə nəql olunan neft Avropa İttifaqının sanksiya qərarından azad edilib. Çünki onunla nəql edilən neftin 80 faizdən çoxu Qazaxıstana məxsusdur. Qazaxıstanın “Tengiz” yatağından çıxarılan illik 55 milyon tona yaxın neft bu kəmərlə Novorossiyskə, oradan tankerlərlə Avropaya çatdırılır.

Ukraynaya hücumundan sonra Qərbin sanksiyaları ilə üzləşən Rusiya dəfələrlə XBK ilə neft nəqlini dayandırıb. Hər dəfə bir bəhanə gətirilsə də, Rusiyanın bunu məqsədyönlü şəkildə etdiyi hər kəsə aydındır. Belə ki, hər dəfə Avropa İttifaqı Rusiya neftinə embarqo qoymaq məsələsini müzakirəyə çıxaranda kəmərin fəaliyyəti əngəllənib. Beləliklə, Rusiya öz neftinin ixracının dayandırılacağı halda Qazaxıstan neftinin də dünya bazarına çıxarılmasına imkan verməyəcəyini nümayiş etdirib.

“Reuters”ə danışan digər mənbələr “LUKoyl” neftinin BTC ilə nəqlinin kəmərin xarici sərmayədarlarının qərarına əsasən dayandırıldığını deyiblər. Qeyd edək ki, “LUKoyl” hər il BTC ilə 2 milyon ton civarında neft nəql edir.

Yükləmə planı və agentliyin hesablamalarına əsasən dekabrda XBK ilə nəql olunacaq “LUKoyl” neftinin həcmi noyabrdakı 364 min tona qarşı dekabrda 660 min tona çatacaq. Rusiya şirkəti və XBK agentliyin məsələ ilə bağlı suallarını cavablandırmaqdan imtina ediblər. “LUKoyl” neftini nəql üçün alan və BTC-yə qədər daşıyan SOCAR, BTC konsorsiumuna rəhbərlik edən bp şirkəti sualları gec də olsa, cavablandırıblar.

Qeyd edək ki, Qərb sanksiyaları nəticəsində Azərbaycan “LUKoyl”un neftinin nəqlindən əldə edəcəyi tranzit gəlirlərindən məhrum olur. Lakin əvəzində Qazaxıstan neftini nəql etmək imkanı əldə edir. Belə ki, öz neftinin dünya bazarına çıxarılmasında çox böyük ölçüdə Rusiyadan asılı olan Qazaxıstan artıq alternativ marşrutlara yönəlməyə başlayıb. XBK ilə nəqlin Ukrayna müharibəsi başlayandan 5 dəfə dayandırılması Qazaxıstanın diqqətini Azərbaycan üzərindən nəqlə yönəldib. İyul ayında Tokayev Xəzər dənizi üzərindən Azərbaycanın nəql sistemi ilə neft daşımalarının təmin olunmasına dair qərar imzalayıb.  Noyabrda Qazaxıstanın baş naziri Alixan Smailovun verdiyi açıqlamadan aydın olub ki, artıq Azərbaycanla 2023-cü ilin yanvarından etibarən neft tranzitinə dair razılıq əldə olunub. İndilik ildə 1,5 milyon ton neft Aktaudan Bakıya, oradan isə BTC və Bakı-Supsa ilə dünya bazarına çıxarılacaq. Lakin yaxın gələcəkdə bu həcmin 6,5 milyon tona çatdırılması nəzərdə tutulur.

Hazırda Azərbaycanın ildə 40 milyon tona yaxın  əlavə neft nəql etmək imkanı var. Bu imkanları Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəmərləri təmin edir. Oktyabda Prezident İlham Əliyev Gürcüstanda olarkən illik ötürücülük gücü 7 milyon ton olan Bakı-Supsa kəməri ilə daşımaların bərpa olunacağını, BTC ilə nəqlin artırılacağını bəyan edib.

Qazaxıstanla yanaşı, Azərbaycan üzərindən Türkmənistan nefti də nəql olunur. Son həftələrdə Aşqabadla Bakı arasında təmaslar intensivləşib. Bəzi məlumatlara görə, Türkmənistan Azərbaycan üzərindən neft nəqlini artırmaq niyyətindədir.

Rəsmi məlumata əsasən, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 31 milyon 3 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 6,6 faiz çoxdur. Nəqletmənin 78,8 faizi Bakı-Tiflis-Ceyhan  neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 24 milyon 428,1 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,2 faiz çox).

Məlumata görə, hesabat dövrü ərzində BTC kəməri ilə 4 milyon 131,1 min ton tranzit nefti də (illik müqayisədə 46,8 faiz çoxdur) nəql edilib. Xatırladaq ki, ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 35 milyon 18 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,86 faiz çoxdur. Nəqletmənin 75,5 faizi Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, ötən il kəmər vasitəsilə 26 milyon 421,5 min ton neft ötürülüb (2020-ci ilin göstəricisi ilə müqayisədə 3,85 faiz az). Hesabat dövrü ərzində BTC kəməri ilə 3 milyon 598,4 min ton tranzit nefti də (7,4 faiz az) nəql edilib.

Onu da bildirək ki, “LUKoyl” Qərb sanksiyalarından ən çox zərərçəkən Rusiya şirkətlərindən biridir. Şirkət Avropada sahib olduğu 4 böyük neft emalı zavodlarını itirmək üzrədir. Bura İtaliyanın Siciliya əyalətində yerləşən  ISAB zavodu da aiddir. Avropa İttifaqının sanksiyaları qüvvəyə mindikdən sonra zavodun neftlə təminatı mümkünsüz olacaq. Buna görə də “LUKoyl” onu satmaq istəyir. “Financial Times”ın yaydığı məlumata görə, şirkət ABŞ-ın enerji nəhəngi “Crossbridge Energy Partners”lə zavodun satışına dair danışıqları bərpa edib. Nəşr bildirir ki, “Lukoyl” dekabrın 5-dək Amerika şirkəti ilə dəyəri 1,5 milyard dollar olan alqı-satqı müqaviləsini imzalamağa çalışır. Lakin İtaliyanın yanacaq bazarında 22 faiz paya malik zavodu hökumət strateji əhəmiyyətli müəssisə elan etdiyinə görə alqı-satqı prosesinin tez yekunlaşması mümkün görünmür.

“Financial Times” yazır ki, bundan əvvəl “LUKoyl” zavodun satışı ilə bağlı Sinqapurun “Trafigura” neft treyderi ilə danışıqlar aparıb. İtaliyanın “La Repubblica” nəşri isə yazır ki, İtaliya hökuməti ISAB-ı milliləşdirmək niyyətindədir. İllik 14 milyon ton emal gücünə malik zavodda 10 min nəfərdən yuxarı işçi çalışır. Buna görə də İtaliya hökuməti fəaliyyətini dayandırmaması üçün zavodu öz nəzarəti altına almağa hazırlaşır.

Dekabrın 5-dən etibarən yalnız “LUKoyl” deyil, digər Rusiya şirkətləri də neft ixracında çox böyük problemlərlə üzləşəcəklər. Sanksiyaların dolayı təsirləri də bu problemlər sırasındadır. Məsələn, Türkiyə boğazlardan keçən neft tankerlərinə münasibətdə dekabrın 1-dən başlayaraq yeni tələb tətbiq edib. Ölkənin dəniz məsələləri idarəsinin rəisi Unal Baynalın verdiyi açıqlamaya əsasən dekabrın 1-dən etibarən neft daşıyan gəmilərə görə sığorta şirkətlərindən &I sığortasına dair sənəd tələb etməyə başlayıb. Bu sığorta növü üçüncü tərəflərin fəaliyyəti nəticəsində daşıma prosesi zamanı ətraf mühitə, daşınan yükə vurulan zərərə görə məsuliyyətin sığortalanmasını nəzərdə tutur. Türkiyə tərəfi neft daşıyan tankerlərdən bu sığortaya dair təsdiqedici sənəd tələb etməyə başlayıb. Sığorta şirkətləri isə belə bir sənədin verilməsinə ehtiyac duymadıqlarını bildirməklə onun verilməsindən imtina edirlər. Sığorta şirkətləri dekabrın 5-dən etibarən Avropa İttifaqı və G-7 ölkələrinn tətbiq edəcəyi qiymət tavanından yuxarı satılan Rusiya neftinin daşınması ilə bağlı heç bir əməliyyatı sığortalamayacaqlarını açıqlayıblar.

Yeri gəlmişkən, “Bloomberg” Agentliyinin məlumatına əsasən Avropa İttifaqı ölkələri qiymət tavanı olaraq 60 dolların tətbiq olunması barədə ilkin razılığa gələ biliblər.  G-7 ölkələrinin də bu qiymət üzərində dayandığı bildirilir. Avropa İttifaqı və G-7-də hesab edirlər ki, qiymət tavanı elə həddə olmalıdır ki, Rusiya neft ixracını davam etdirməkdə maraqlı olsun.

Rusiya neftinin dəniz limanlarından hərəkətini izləyən “Argus” agnetliyinin hesablamalarına görə, 2023-cü ildə Rusiya nefti 57 dollara qədər düşəcək. Brent neftinin 91 dollar civarında proqnozlaşdırıldığını nəzərə almaqla agentlik bu qənaətdədir ki, növbəti ildə Rusiya nefti bu həddən 34 dollar aşağı qiymətə satılacaq. Hazırda Rusiya neftinin 34 dollardan daha yüksək diskontla - 50 dollar civarında satıldığını bildirən Agentlik ekspertlərinə görə, qiymət tavanı razılaşdırıldıqdan sonra bu fərqi ciddi şəkildə azaltmaq mümkün olmayacaq.

Beynəlxalq analitik mərkəzlərdə hesab edirlər ki, 60 dollarlıq qiymət tavanı şəraitində neft nəqlini tamamilə dayandırmamaq Rusiya üçün daha əlverişli olacaq. Ölkənin əsas gəlir mənbəyindən məhrum olmasının gətirəcəyi çətinlikləri nəzərə alan Moskva aşağı qiymətə də olsa, öz məhsulunu satmağa davam etməli olacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR