İnsanlara hürriyət, millətlərə istiqlal!

“Lukaşenko Putini xilas etməyib, alçaldıb...” – ABŞ-dakı Müharibə İnstitutundan maraqlı təhlil  

2021 25.06.2023 13:27 Siyasət A A

“Vaqner” özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinin Rusiyadakı hərbi qiyamı və onun Moskvaya doğru yürüşü Kremlin zəifliyini göstərdi və işğalçı ölkənin Ukraynaya qarşı müharibəsindəki səylərinə ciddi zərbə vuracaq”.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-dakı Müharibə Tədqiqatları İnstitutunun (ISW) hesabatında deyilir.

Qurumun analitiklərinin fikrincə, “Vaqner”çilərin üsyanından sonra rəsmi Moskva hazırda hər an pozula biləcək, son dərəcə qeyri-sabit bir tarazlıqla üzləşib. Onların qənaətincə, Priqojinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında de-eskalasiya barədə anlaşma uzunmüddətli deyil, qısamüddətlidir və muzdluların liderinin qiyamı Kremldə və Rusiya Müdafiə Nazirliyində ciddi çatışmazlıqları üzə çıxarıb.

Ekspertlər eyni zamanda, üsyanın və ona Rusiya hakimiyyətinin reaksiyasının, habelə A.Lukaşenkonun vasitəçiliyinin Kreml tərəfindən təşkil olunduğuna dair fərziyyəni absurd adlandırıblar.

Hesabatda daha sonra bildirilir: “Putinin milli televiziyada silahlı üsyana son qoymağa çağıran və 1917-ci il inqilabının təkrarlanacağı barədə xəbərdarlıq edən, ardınca da qiyamı neytrallaşdırmaq üçün xarici liderdən vasitəçilik istəyən obrazının uzunmüddətli təsiri olacaq. Qiyam Rusiya təhlükəsizlik qüvvələrinin zəifliyini üzə çıxardı və Putinin daxili təhlükəni dəf etmək üçün öz qüvvələrindən vaxtında istifadə edə bilmədiyini göstərdi. Onun gücə əsaslanan monopoliyasını daha da sarsıtdı.

Priqojinin Moskvaya doğru sürətlə irəliləməsi Rusiyanın nizami qoşunlarının böyük hissəsini lağ obyektinə çevirdi. Bütövlükdə təhlükəsizlik xidmətinə, dövlət orqanlarına və Rusiya hökumətinin digər əsas fiqurlarına göstərdi ki, dövlətin tabeliyində olmayan özəl hərbi qüvvələr möhtəşəm nəticələr əldə edə bilər”.

Hesabatda həmçinin deyilir ki, “Vaqner”çilərin hərəkətləri Ukraynada bütünlüklə işğal kampaniyasına cəlb olunmuş Rusiya hərbi ehtiyatlarının deqradasiyasını göstərib və Rusiya sərhədlərinin mühafizəsində təcrübəsiz çağırışçılara bel bağlamağın təhlükəsini nümayiş etdirib.

“Kreml informasiya məkanında cəld reaksiya verməkdə də çətinlik çəkdi. Rostov-Don sakinləri “Vaqner”çilərə qarşı çıxmadılar, hətta bəzi hallarda Priqojinin hərəkətlərini təqdir elədilər. Bundan əlavə, Kremlin muzdlu liderin davranışına açıq-aşkar təəccüblənməsi Rusiyanın daxili kəşfiyyat xidməti olan FTX-yə (FSB – red.) pis təsir edir. Belə ki, Priqojin silahlı üsyandan əvvəl daim Rusiya Müdafiə Nazirliyinə qarşı ritorikasını gücləndirirdi və Putin bu riski azalda bilmədi”, - təhlildə vurğulanır.

ISW analitikləri Rusiya hökumətinin tezliklə dağılacağını proqnozlaşdırmasalar da, Priqojin üsyanının və Rusiya Federasiyasında baş verən son hadisələrin Putin hakimiyyətinə, eləcə də Rusiyanın Ukraynaya qarşı müharibəsində hərbi səylərinə ciddi ziyan vuracağını ehtimal edirlər.

Hesabatın “əsas nəticələr”ə aid hissəsində deyilir: “Lukaşenkonun vasitəçiliyi ilə əldə olunan razılaşma çox güman ki, Priqojinin rəhbərlik etdiyi şirkətin müstəqil qurum qismində və indiki formada qalmasına imkan verməyəcək, hərçənd mövcud və yeni imkanlar nəzərə alınmaqla “Vaqner” özəl təşkilatının elementləri saxlanıla da bilər. Ola bilsin Priqojin güman edirdi ki, “Vaqner” ÖHŞ-nin müstəqil qüvvə kimi saxlamağın yeganə yolu Rusiya Müdafiə Nazirliyinə qarşı çıxmaqdır. Ehtimal ki, o, öz perspektivlərini qədərindən artıq qiymətləndirməklə bu yolla Rusiya Ordusundan fərarilik hallarına ümid edirdi. Belarus prezidenti Lukaşenkonun Moskvaya qarşı hərbi hücumun dayandırılmasında birbaşa rol oynaması isə Putin üçün alçaldıcıdır və Lukaşenkoya hansısa başqa üstünlüklər də yarada bilər”.

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR