İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonun ən lüks univermağından reportaj - üç min manata bal, üç yüz manata balıq…

994 03.04.2024 19:00 Dünya A A

Xüsusi şüşə qabların arasındakı balaca bal qabı diqqətimi çəkir. Qiymətinə baxıram: kiçik lövhədə böyük rəqəmlərlə 1500 funt sterlinq yazılıb. Onun yanındakı digər bir balın qiyməti isə 900 funt sterlinqdir, yəni bizim pulla 2000 təxminən manat. Hər iki bal nadir Manuka növündəndir - lövhədə elə yazıb.

Sonra meyvə-tərəvəzlərin olduğu bölməyə keçirəm. Pomidorun kilosu 30 manat, balığın kilosu 300 manatdır. Ədədi 20 manata başa gələn ekzotik meyvələrdən də görürəm. Hətta feyxoa belə var. Əlimə aldığım meyvələrin, gördüyüm məhsulların qiymətləri məni təəccübləndirmir. Hər nə də olsa, dünyanın ən bahalı şəhərlərindən birində, Londonun ən bahalı alış-veriş mərkəzindəyəm. Bura “Harrods”dur - Londona yolu düşənlərin mütləq baş çəkməli olduğu, bahalı ətirlərin, minlərlə funt sterlinq qiyməti olan malların baş gicəlləndirici ab-havası ilə insanı ağuşuna alan bir məkandır. Yeddi mərtəbəli univermaq 2 hektar ərazini əhatə edir və burada təxminən 330 mağaza var.

Qiyməti 18 funt sterlinq olan kokos suyunu əlimə alıb, heyrətlə baxıram. Kokosun Britaniyaya gətirildiyi Hindistan, Sri-Lanka sakinləri bu qiymətləri görsələr, nə fikirləşərdilər görəsən? Əlimdəkini yerinə, rəfə qoyuram. Elə bu vaxt 35 yaşlarında, bahalı geyimdə bir qadın kokos şirəsini götürüb, qiymətinə baxır və saymazyana əlindəki zənbilin içinə atır.

“Harrods”un hər mərtəbəsində müxtəlif növ məhsullar satılır. Məsələn univermağa girər-girməz sizi bahalı brendlərin olduğu geyimlər qarşılayır, daha sonra parfümeriya bölməsindən düz yeriyib, mənim indi olduğum meyvə-tərəvəz bölməsinə çata bilərsiniz. Digər bir tərəfdə isə şokoladlara ayrılmış xüsusi bir hissə, otaq var. Univermağın hər yeri insanla qaynayır, hamı məşğuldur, hamı nəsə alır. Ancaq mənim kimi baxanlar da çoxdur.

Bu univermaq Londonun mərkəzində, ən bahalı ərazilərindən biri olan “Knighstbridge”də yerləşir. Bura şəhərin “Big Ben”, “London Eye” kimi ikonik turistik gəzinti yerlərindən biri sayılır. Bahalı nəsə almasanız da buraya gəlib univermağın digər bir bölməsində təzə-təzə bişirilən çörəyin qoxusunu duya bilərsiniz, ya da yuxarı mərtəbələrdə ev əşya və mebellərinin satıldığı bölmədəki 80-90 min manatlıq çilçıraqların bahalı daşları gözlərinizə işıq saça bilər.

Bunlara pulunuz çatmasa heyifsilənməyin, suvenirlərin satıldığı mərtəbədə 15-20 manatlıq stəkan və ya üstündə “Harrods” yazan qələm alıb özünüzə toxtaqlıq verə bilərsiniz.

Burada daha çox ərəblər, asiyalılar və digər xarici turistlər müşahidə olunur. “Harrods” 1849-cu ildə ərzaq mağazası kimi Henry Çarlz Harrod tərəfindən qurulub. 1800-cü illərin sonlarında genişləndirilib və bir çox yeni şöbələr əlavə edilib. 1985-ci ildə misirli Mohamed əl-Fayed “Harrods”u alıb və 2010-cu ildə onu Qətərin kral ailəsinə 1.5 milyard funt sterlinqə satmaq qərarına gəlib.

“Harrods” haqqında maraqlı faktlardan biri odur ki, İngiltərənin ilk eskalatoru burada quraşdırılıb. Təsəvvür edin ki, 1898-ci ildir; siz həyatınızda heç vaxt eskalator görməmisiniz və “Harrods”a gələndə bu yeriyən pilləkənlər sizi təəccübləndirir. O zamanlar “Harrods” işçiləri eskalatorun yuxarısında dayanıb “travma almış” müştərilərə içki təklif etmək üçün gözləyirdilər. Hazırkı “Misir Eskalator”u adlanan eskalator isə “Harrods”un keçmiş sahibi Əl-Fayed tərəfindən özünün mədəni irsinə istinad etmək üçün yaradılıb.

Univermaqda turumu davam etdirirəm. Yuxarı mərtəbələrdəki şöbələrdə 30 min funtluq mətbəx masasından tutmuş, 120 min funtluq “Buqatti”yə, butulkası 7-8 min funt sterlinqdən başlayan şərablara qədər, nə desəniz tapmaq mümkündür.

Yenidən ərzaqların olduğu mərtəbəyə enirəm. Gördüklərim məni acdırır. “Harrods”da tapdığım qiyməti ən münasib yeməyi sifariş edirəm: 12 funta göbələk supu və 6 funta kofe. Hər şey adətən ultra zənginlər üçün nəzərdə tutulsa da, kiçik büdcəyə uyğun kiçik şeylər tapmaq da mümkündür: “Bir gün buraya gəlib istədiyimi qiymətinə baxmadan alacam” - xəyalları ilə gələn-gedənə baxa-baxa kofemi içirəm...

Aytən Abbaslı,
AZƏRTAC-ın xüsusi müxbiri
London

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR