İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Bakıya niyə gəlir?..

1042 28.02.2023 09:52 Yazarlar A A

Ruben Vardanyan “post”undan getdi. Özü də, necə deyərlər, mədəni formada yox, kobud bir şəkildə - erməni siyasətinin “yeni ulduzu” sözün lap hərfi mənasında vəzifəsindən qovuldu.

İndi çox ehtimallar səslənir. Amma lap əvvəlcə onu deyək ki, Vardanyanın əleyhinə təkcə rəsmi Bakı deyildi, İrəvan rəsmiləri və Qarabağ separatistləri də onun əleyhinə qalxmışdı, çünki Vardanyan erməni siyasətini dəyişmək üçün bölgəyə ezam olunmuşdu, özü də Moskva tərəfindən.

İndi burada bir məsələ var. Vardanyan postundan getdi. Amma bu o anlama gəlirmi ki, Ruben, ümumiyyətlə, siyasətdən gedəcək? Bax, bunu hələ bilmirik.

Bəlli olan budur ki, Ruben Vardanyanın özünün dediyinə görə, o, nə bölgəni, nə də siyasəti tərk etməyəcək, axıra qədər mübarizə aparacaq.

Amma onun Kremldəki ağalarının planları və qərarları bizə məlum deyil. Bir neçə həftə bundan əvvəl bundan əvvəl Vardanyanın liderlik etdiyi reytinq sorğusu açıqlanmışdı. Daha sonra o, Moskvaya çağırıldı və bundan sonra postundan getdi. Bir daha deyirik ki, hələlik həqiqətə oxşayan bir ehtimal var: Moskva Vardanyanı qurban verdi...

Əlbəttə, sonuncu bir ehtimaldır. Ehtimallar isə hələ həqiqət deyil. Həqiqət budur ki, biz bu sətirləri yazanda ölkəmiz Rusiya xarici işlər naziri Sergey Lavrovun bölgəyə səfərini gözləyirdi. Səfərin fevralın 27-28-də baş tutacağı deyilirdi.

Qeyd edək ki, Lavrov cənablarının səfəri Rusiya üçün uğursuz bir duruma təsadüf edir. Birincisi, Ermənistan Moskvanın bölgəyə KTMT-nin xüsusi missiyasını göndərmək haqqında təklifinə məhəl qoymadı, bunun əvəzində xüsusi Avropa missiyasını qəbul etdi. İkincisi, belə xəbərlər yayılıb ki, Brüssel prosesi bərpa edilir. Bu isə o deməkdir ki, danışıqlar prosesi yenidən Rusiyanın nəzarətindən çıxır. Əslində Nikol Paşinyan öz “məşhur təklifi ilə” Brüssel prosesini pozarkən Moskvaya çox böyük xidmət göstərmişdi. Fəqət, Kreml əvvəlcə bu xidməti yetərincə dəyərləndirmədi, Vardanyanı erməni siyasi elitasına qarşı qoydu. Amma indi vəziyyət dəyişib, Vardanyan oyundan kənar edilib. Ona görə də o vaxta qədər ki, Brüssel prosesi baş tutmayıb, biz onun reallığına şübhə edəcəyik.

Hazırda bir çox məsələlərin Lavrovun səfərindən sonra aydınlaşacağı güman edilir. Bir məsələ aydındır ki, mövcud şəraitdə Moskvanın Bakı ilə yaxınlaşmaqdan başqa çarəsi yoxdur. Odur ki, çox maraqlıdır: Kreml Bakıya nə təklif edəcək? Görəsən, Lavrov Bakıya hansı təkliflərlə gəlir? Kreml hansı qarşılıqlı güzəştlər hazırlayır?..

Hələ ki bu sualların cavabını heç kim bilmir. Əlbəttə ki, o kəslərdən başqa ki, onlar real siyasətin sükanı arxasındadırlar. Rusiyanın bir problemi də budur ki, müharibənin ildönümündə Ukrayna cəbhəsində böyük dəyişikliklərin olacağı deyilirdi. Amma olmadı. Rusiyanın hərbi strateqi general Valeriy Gerasimov belə vəziyyəti dəyişə bilmədi. Ona görə də qarşıda gərgin aylar gözlənilir. Daha çox belə təxmin real görünür ki, Moskva gələcəkdə də Ukrayna hərbi teatrında vəziyyəti dəyişə bilməyəcək. Əvəzində Qərbin Ukraynaya dəstəyi artıracağı haqqında, Putinin hakimiyyətinə son qoyacağı barədə xəbərlər gəlir. Əslində Qərb Rusiyaya qarşı müharibəyə girişibdir. Onun döyüşlərdə hətta canlı qüvvələrinin iştirakı haqqında xəbərlər dolaşır. Bir məsələ aydındır ki, Qərb təlimatçıları çoxdan müharibədə iştirak edirlər. Hətta ən müxtəlif vaxtlarda belə xəbərlər səslənirdi ki, Avropa ölkələninin könüllüləri ukraynalılarla birlikdə Rusiyaya qarşı vuruşurlar...

Bir sözlə, vəziyyət olduqca gərgindir. Lavrov da belə durumda Bakıya gəlir. O vaxt ki, Rusiyanın Qafqazlarda da uduzacağı istisna olunmur. O ki qaldı Kremlin yeni manevrlərinə, onun imkanları elə də geniş deyil. Kreml Qarabağda yalnız bir halda uzun müddət qala bilər: əgər bu bölgədə uzun müddət sülh olmasa...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR