İnsanlara hürriyət, millətlərə istiqlal!

Lalə Azərtaş “qadın kişinin ayağını yuyub, suyunu içməlidir” dedi, ara qarışdı REAKSİYALAR

1661 25.05.2022 21:51 Gündəm A A

 

 

Aydın Xan Əbilov: “Əgər bu cür fikirləri dəstəkləsək, onda gərək feodalizm, ibtidai icma dövrünə qayıdaq”

Mehriban Zeynalova: “Televiziya məkanında köhnə adətləri bu cür təbliğ etmək  yaxşı hal deyil”

Bir neçə gün öncə “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində aparıcı Lalə Azərtaşın verdiyi açıqlama cəmiyyətdə müzakirələrə səbəb olub. Aparıcı verilişdə boşananlar barədə deyib: “Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən”.

Azərbaycanda tanınmış aparıcı işdən çıxarıldı - FOTO

Aparıcının bu fikirləri birmənalı qarşılanmayıb. Hətta həmkarları tərəfindən də sərt fikirlər səsləndirilib. Məsələn, tanınmış tele-aparıcı Rövşanə Ağasəfqızı publika.az-a açıqlamasında deyib:

"Kimsə kişi ilə münasibətini bu cür qurursa, öz işidir. Lakin bu fikir bütün xanımlara şamil olunmur və digər xanımlar da bu cür yaşamalıdır deyə bir qayda yoxdur. Bunu insanların öz seçimlərinə buraxaq, hər kəs yaşam tərzində azaddır.

Nə üçün bir şəxs belə yaşayırsa, digəri də o şəkildə yaşamalıdır?! Hər kəs yaşam tərzində, münasibətlərini qurmaqda azaddır. İnsanı şəxsi düşüncəsinə görə linç etməyi doğru hesab etmirəm, xüsusilə məişət təfəkkürunə görə. Əgər bu fikirdə olan şəxslər iddia etsələr ki, hamı onun dediyi tərzdə yaşamalıdır, biz onda münasibət bildirə bilərik.

Yeri gəlmişkən, mən də bu fikirlə razı deyiləm və bu cür yanaşmanı özüm üçün qəbul etmirəm. Fikrimcə, münasibətlər rahat, azad, sevgi ortamında olmalı, qarşılıqlı hörmət əsasında qurulmalıdır. Kiməsə pərəstiş, sitayiş formasında münasibət qurulmamalıdır. İstər qadına, istərsə də kişiyə”.

İradə İsak jurnalistikadan getdi

Tele-jurnalist İradə İsaq qeyd edib:
“Mən kişinin ayağını yumuram, anam da atamın ayağını yumayıb. Atam deyirdi ki, qadına ayaq yudurtmağın tərbiyə ilə əlaqəsi yoxdur. Dünyanın ən nadan işidir. Biz yumamışıq, bəs siz?

Atasının, babasının ayağını yuyanlar yazdı. Hələ ki, yoldaşımın ayağını yuyuram yazan yoxdur. Nənəmin sözü olmasın, deyirdi qardaşım dədəmin oğludur, ona canım qurban, kişiyə borcum yoxdur”.  

Oxu.az - İlhamiyyə Rzanı aldatdılar?

Tele-aparıcı İlhamiyyə Rza isə həmkarını sərt tənqid edənləri qınayıb. O, bu barədə sosial şəbəkədə qeyd edib:

"Əvvəla, onu deyim ki, Lalənin dediyi sözün bu qədər rezonans doğurması, onun diqqət mərkəzində olmasının göstəricisidir. Diqqət mərkəzində olması isə sevilməsi anlamına gəlir həm də. Odur ki, hər deyilən sözün şişirdilmiş, neqativ tərəfini görməkdənsə, pozitiv tərəfini görməyə çalışaq. Ələlxüsus da rəğbət bəslədiyiniz  şəxsin. Yəni, deyirəm kj, gəlin  onu sevgi ilə dinləyək.

O ki qaldı ayaq yumaq məsələsinə, indi ayaq yumaq kimi bir problem yoxdur. Hamının evində duş var, özü yuyuna bilər. "Ayaq yumaq", indi daha çox frazeologizm kimi işlənir. İlkin mənasından daha çox, qulluq etmək, nazını çəkmək, xidmətində durmaq mənasında işlədilir.

Sevgi, sayğı, anlaşma mühitinin hakim kəsildiyi ailə ortamında, sevdiyin hər kəsin qulluğunda dura bilərsən, yorulub, xəstələnibsə, ayağını suya da qoya bilərsən. Fərqi yoxdur, bu sənin anandır, həyat yoldaşındır, ya balandır. Əsas odur ki, sevdiyin adamdır. Qayğısına qalmalısan. Yəni ər arvadın, arvad da ərin qayğısına qalmırsa, ailə bağları zəifləyəcək, hətta qırıla da bilər".

İlhamiyyə Rza ayaq yumağı "hörmət əlaməti" adlandırıb: "Bir də xahiş edirəm, bunu gender bərabərliyi müstəvisinə gətirənlər unutmasınlar ki, ayaq yumaq həm də hörmət əlamətidir. İsa peyğəmbərin ayaq yumaq ənənəsini də yadınıza salmaq istəyirəm. Hazırda Roma Papaları da bu ənənəyə sadiq qalır. Ayaq yumaq, insanlıqdır. Halına yandığın, sevdiyin, dəyər verdiyin adama hislərinin ifadəsidir. Söhbəti qadın kişi müstəvisinə salmayın. Azərbaycanda və türk dünyasında kişi qadına Xanım, Bəyim deyib, bütün vacib qərarlarını qadını ilə birgə qəbul edib.

Mən atamın da, babamın da, həyat yoldaşımın da, anamın da, oğlumun da ayağını yumuşam (yorğun, xəstə olarkən, ayaqlarını isti suya qoymuşam sevə-sevə suya duz ya soda əlavə etmişəm və s.). Çox zövqlü prosesdir. Eləcə də mənə lazım olanda bunu özümə qarşı da görmüşəm.

Bir sözlə, məsələni böyütməyək. Deyirəm ki, Lalənin şəxsi həyatını sorğulayacaq qədər xırdaçılıqlara enməyək. Məlumdur ki, o nə demək istəyib. Bir qədər qeyri-estetik səslənsə də...”

Bəs Lalə Azərtaşın ayaq yumaqla bağlı dedikləri niyə bu qədər ajiotaj doğurdu? Bundan öncə də mürəbbə mövzusunda ictimai qınağa tuş gəlmişdi. Aparıcının sözləri nədən bu qədər qəzəblə qarşılanır? 

Aydın Xan Əbilov: “Novruz adi bayramlardan deyil”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, tanınmış kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Əvvəllər Azərbaycanda Televiziya və Radio Şurası, indi bu Audiovizual Şura adlanır, bu cür məsələləri tənzimləyirdi. İndi də mütləq şəkildə hər şey tənzimlənməlidir. Televiziya kanallarında nəzarətsizlik, ictimai nəzarətin olmaması, Bədii Şura adı altında qohum-əqrəbaların ora yığılması, nəticədə hərəkətsizlik ona gətirib çıxarıb ki, aparıcılar efir məkanında istədiklərini edir. 

Lalə Azərtaşın proqramına baxmıram, lakin onun son fikirləri ilə tanışam. Həmin fikirlər ilk baxışdan müsbət qarşılanmalıdır, çünki aparıcı ailələrin dağılmasının qəti əleyhinə olduğunu deyir. Əlbəttə ki, biz hamımız istəyirik ki, ailələr dağılmasın, boşanmalar azalsın, uşaqlar ata-anasız qalmasın, ailələrdə konfliktlər olmasına, kişi küçədə keçmiş arvadını bıçaqlamasın və sairə. Lakin istənilən halda bunu normal, sivil qaydada, dünyanın qəbul etdiyi formatda təbliğ etmək lazımdır. Yoxsa ki, “sən qadınsansa kişinin ayağının suyunu da içməlisən” kimi absurd, feodalizm dövrünün fikrini səsləndirmək nə deməkdir?! İndi neçənci əsrdir? Bu sözü deyən aparıcının özü belə bir şey edərmi? Və yaxud digər televiziyalarda da görürük ki, bu cür əndrabadi verilişlər yayımlanır, orada əsassız, mənasız fikirlər səsləndirilir. Bu da istər-istəməz televiziyalarımızın səviyyəsini aşağı endirmiş olur. Belə məsələlərə qarşı çox  sərt reaksiya, ictimai qınaq olmalıdır. Azərbaycanda sərt mövqe ortaya qoyub, ictimai tənqidi fikirlər səsləndirən şəxslər telekanallardan  uzaqlaşdırılıblar. Diqqət edəndə görürük ki, onlar artıq verilişlərə dəvət olunmur. AzTV və İTV-ni çıxmaq şərti ilə bu məsələ bütün kanallara aiddir. Xüsusən də sosial verilişlərin ekspertləri ya pullu insanlar, biznesmenlər, həkimlər, müğənnilər, ya da ki, müəyyən mənada  aparıcıların marağını ifadə edən hər hansı bir imkanları olan şəxslərdir. Yalançı hüquqşünasların, vəkillərin, həkimlərin fırıldaqlarından insanlar artıq beziblər. Onlar ancaq televiziya vasitəsi ilə “qaz vurub, qazan doldurmağa” çalışırlar. Eləcə də efirə dəvət alan müğənnilərin əksəriyyətinin ailəsinə baxanda görürük ki, cəmiyyət üçün nümunə deyillər, amma cəmiyyətə ağıl öyrətməyə çalışır. 

Lakin Türkiyə, Rusiya və digər qonşu dövlətlərin televiziyasına baxanda görürük ki, onların aparıcı ilə bizim aparıcıların arasında çox böyük fərq var. Bizdə dəhşətli dərəcədə səviyyəsizlik, bayağılıq hökm sürür. Aparıcılar ekran məkanında “ağızlarına gələni” deyir, amma bununla bağlı ölçü götürən yoxdur. Sivil ölkələrdə bu tipli açıqlamalar verən aparıcını, eyni zamanda həmin telekanalı məhkəməyə verirlər. Həmin insanlar millətin dəyərinə vurduğu ziyana görə məsuliyyət daşıyırlar. 

Azərbaycanda isə belə deyil. Bəs onda yaradılan Audiovizual Şura hara baxır? 

O ki qaldı kiminsə “ayaq yumaq” məsələni dəstəkləməsi, əlbəttə ki, hər kəsin fikrinə hörmətlə yanaşırıq. Lakin bu mövqe yanlış olanda, dövrün tələblərinə cavab verməyəndə mütləq ictimai tənqidə məruz qalmalıdır. Qədim Roma, qədim Şərq, Yunanıstan, Misir cəmiyyətlərində  o qədər mənasız, ağlasığmaz, indiki dövrün dəyərlərinə əks olan adət-ənənələr var ki, biz onları dirçəltməklə bağlı çalışsaq və yaxud  kimsə qədim dövrün adət-ənənələrinə uyğun fikir, mövqe ortaya qoyanda onu dəstəkləsək, onda gərək biz feodalizm, ibtidai icma dövrünə qayıdaq”.

Mehriban Zeynalova: “Kəramət Böyükçöl istəyir ki, mən də təhqir edim”

 “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə deyib: “Qadının ərinin ayaq yuması seçim məsələsidir. Vaxtilə mən də atamın ayağını yumuşam. Bunu ona görə etmişəm ki, atam yorğun gələndə onu əzizləyim, yorğunluğunu çıxartmağa çalışım. Amma bu norma, məcburiyyət kimi, aşağılamaq məqsədi ilə edilə bilməz, yolverilməzdir. Xatırlayıram ki, bir dəfə müəllimlər arasında təlim keçəndə onlardan biri qeyd etdi ki, ərinin ayağını çox sevə-sevə yuyur və bunu onu çox sevdiyindən edir. Amma düşünürəm ki, Lalə Azərtaşın daha çox “qadın kişinin ayağını yuyub, suyunu içməlidir” ifadəsi ajiotaj doğurub, cəmiyyətdə qıcıqla qarşılanıb. Azərbaycan xalqı çox təmizkar xalqdır, ona görə də “ayaq suyunu içmək” ifadəsi ifrat dərəcədə iyrənc görünür. Elə atalar sözləri  var ki, artıq zamanla fikrini dəyişib. Məsələn, bir atalar məsəli var idi ki “şərikli malım olunca, şərikli arvadım olsun”. Sonra müzakirələrdə məlum oldu ki, həmin məsələ ilkin versiyası tamamilə başqa məsələ olub. Ona görə də indiki dövrdə bu cür sözləri işlətməyə çox ehtiyatla yanaşmalıyıq. Bir televiziya kanalında belə bir fikir səsləndirmək ki “vaxtilə belə olub, indi də belə etməliyik”, bu qəbuledilməzdir. İnsanlar müxtəlifdir, hazırda da görürük ki, insanlar cahilləşməyə doğru gedir və belə bir fikirləri televiziyadan eşidən kimi onu tətbiq etməyə cəhd edirlər. 

Bir daha qeyd edirəm, bu seçim məsələsidir, kim istəsə atasının, ərinin ayağını yuya bilər və yaxud əri qadının ayağını yumaq istəyər, burada problem yoxdur. Hər halda  televiziya məkanında köhnə adətləri bu cür təbliğ etmək  yaxşı hal deyil”.

Xalidə Gəray,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR