İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın Fəth günü və Laçın sərhəd qapısının açarını istəyənlər üçün əbədi dərs(lik)

1491 26.08.2023 11:46 Siyasət A A

Bu ildən, elə bu gündən avqustun 26-sı Azərbaycanda Laçın şəhəri günü kimi qeyd olunacaq. Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb və bu, mübarək günlərin qeyd olunması bugünki Azərbaycanın sərhəd qapısından Laçından başlanır. Mübarək bir gündür. Həm də Laçına böyük qayıdışla bəzənən, müşayiət olunan tarixi günlərdir! Qısa müddət ərzində artıq yenidən qurulan Laçın şəhərinə minə yaxın sakin qayıdıb, 30 ildən sonra şükranlıq edə-edə öz evində-eşiyində rahat həyatlını yaşamağa başlayıb. Ötən günsə Laçın rayonunun Zabux kəndinin bir qrup sakini mənzillərinin açarlarını aldı. Möhtəşəm tarixi günlərə şahidlik edirik.

Ermənistan Laçının azad edilməsi üçün Azərbaycandan vaxt istəmişdi, ancaq bu vaxtadək də sözünə əməl etmədi və yalnız ordumuzun lokal əməliyyatından sonra özünün tör-töküntülərini rədd elədi ərazilərimizdən. Beləliklə, düz bir il əvvəl, 2022-ci ilin 26 avqustunda  Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri Azərbaycanın nəzarəti altında keçdi, bayrağımız qaldırıldı Azad Laçının mərkəzində, faktiki olaraq 30 il 3 ay işğal altında qaldıqdan sonra! Az qala bir qərinə boyunca işğal altında saxladığı cənnət bölgəmizi viran qoyan düşməndən azad olunandan sonra, çox qısa müddətdə Laçın hər kəsi heyran edəcək qədər yenidən quruldu, öz doğma adamlarını qəbul etdi, artıq həyat qaynayır orada.

Baş nazirdən “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə bağlı - Ayna.az

Bu, Ermənistan və Azərbaycan fərqidir, Laçın tərəfə binoklla baxan ermənilərə, dünyanın ayrı-ayrı ölkələrindən gəlmiş ermənipərəst və ermənisifətlilərə də cavabdır. Laçının işğal dönəmindəki görkəmi ilə indiki libasını müqayisə etsinlər, vicdanları olsa, binoklu dayandıqları təpənin başında qoyub, əbədi rədd olarlar, bir daha oralara hərlənməzlər! Laçın sərhəd buraxılış məntəqəsinin daşı düşüb bu “pərəst”lərin başına. Min oyundan çıxırlar, ancaq hələ də anlamaq istəmirlər ki, artıq qatar gedib...

Bu ilin aprelində, Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin  qurulması mühüm tarixi hadisə oldu. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı, bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu, Azərbaycan dövlətçilik tarixində bir ilkdir, şərəf tariximizin olduqca önəmli səhifəsidir! Laçın rayonunun girişində sərhəd qapımızın qoyulması ilə suveren ərazi bütövlüyümüz bərpa edildi. 

 Orkhan Mammadov Twitterren: "Ötən ilin bu günü #Laçın erməni işğalından azad  edildi. #LaçınAzərbaycandır #MüzəffərAliBaşKomandan  #RəşadətliAzərbaycanOrdusu #DəmirYumruq #VətənMüharibəsi  https://t.co/P6eZ1r4rqV" / Twitter

Ancaq işğal illərində belə, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən paytaxtlar 23 apreldən əndişə içərisindədirlər, emisarları Laçınla sərhəddə vurnuxurlar, absurd, anormal mövqe sərgiləyərək. Ermənistan hökuməti belə, Qarabağ daxil, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini ifadə edib, 86,6 min kv.km-lik torpaq bütünlüyümüzü tanıdığını baş nazir səviyyəsində bildirib, amma ardınca yenə də məkrli siyasət yürütməkdən əl çəkmir. Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Amma bütün bu cəhdlər mənasızdır, iflasa məhkumdur. Hansı ölkənin sərhəd qapısı istənilən yüklər və vətəndaşlar üçün taybatay açıqdır ki, bunu Azərbaycandan tələb edirlər? Özü də söhbət 30 il müddətində qonşusunun torpaqlarını işğalda saxlayan, onun insanlarına olmazın dəhşətlər yaşadan, soyqırıma məruz qoyan, hətta bu günlərdə də xəbis niyyətlərindən əl çəkməyən bədnam “qonşu”dan gedirsə...Heç bir normal ölkə belə tezliklə ona düşmən olana qapı açmaz, amma bunu Azərbaycandan tələb edir özünü “ağıllı” göstərən dairələr. Lakin keçməz!

 Azərbaycan “Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillərin hərəkətini  tam dayandırıb

Laçın şəhərinin Azərbaycanın taleyində nə qədər önəmli rola sahib olduğunu biz də yaxşı bilirik, elə düşmənlərimiz də. Hətta bu, yeni məsələ də deyil, hələ keçən əsrin əvvəllərində Laçın uğrunda daşnak Andanikin dəstəsi ilə ağır döyüşlər də məhz bu ərazinin əvəzsiz strateji üstünlüyə malik olmasının məntiqi nəticəsiydi. Daşnakların başçısı bu torpaqlar uğrunda savaşdan qulağıkəsik döndü, amma əsrin sonunda növbəti dəfə xəyanətlərdən, Azərbaycan əleyhinə olan qüvvələrdən yararlanıb növbəti dəfə Laçına sahiblənə bildilər. 44 günlük müharibənin yekununda növbəti dəfə burunları ovuldu və rədd oldular. Amma hesab edirlər ki, Laçın yolu “karvansaray qapısı” kimi taybatay açıq olmalı, bunlarsa istədikləri hərbi yükləri, silah-sursat, minaları Qarabağa rahat şəkildə daşıyıb Azərbaycana meydan oxumaq fürsəti qazanmalıdırlar. Olmayacaq! Qarşılarında Azərbaycan sərhədçisi, ordusu, dövləti var! “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir, bunu Ermənistan da, onun Avropa İttifaqından, ATƏT-dən və digər beynəlxalq qurumlardan gəlmiş “pərəst”ləri, ermənilərin çirkli pullarında üzən emisarları da qulaqlarından sırğa eləməlidir!

 Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin  açarlarını onlara təqdim edib - FOTO | 1news.az | Xəbərlər

Hər kəs birdəfəlik bilməlidir, sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. Sərhədlərin toxunulmazlığı beynəlxalq hüquqla təsbit olunduğu halda, biriləri hansı haqq və əsasla Azərbaycana qarşı belə sərsəm iddialar səsləndirirlər?! Azərbaycan dövlətinə qarşı mina terroru nəticəsində təkcə 44 günlük müharibədən sonra 300-ədək vətəndaşımız, hərbçimiz həlak olub, xəsarətlər alıb! Lokal əməliyyatlar zamanı azad edilən ərazilərdə aşkarlanan minaların böyük əksəriyyətinin 2021-ci il Ermənistan istehsalı olduğu ortaya çıxıb! Bu faktın özü kifayət edərdi Ermənistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamaq üçün. Hələ şükür eləsinlər ki, Azərbaycan özünə qarşı təhlükələrin qarşılığında hərbi əməliyyatları bərpa etmir, özü də şərti sərhədlərin o üzündə, qondarma Ermənistan dövləti, özlində tarixi Azərbaycan ərazilərində! Dünyanın “ədalət beşiyi” adlandırılan ABŞ terrorçuların ardınca İraqa gəlib, bu ölkəni başdan-ayağa “şumlamadımı?” O məntiqlə Azərbaycanın da tam hüququ və əsası var ki, ona qarşı mina terrorunu davam etdirən Ermənistanın mina istehsal edən zavodlarını yer üzündən silsin, problemi kökündən həll eləsin. Dövlətimiz bunu etməyibsə, məsələlərin sülh yolu ilə həllini məqbul sayıbsa, ermənilər və onların havadarları lal olsunlar!

Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin  açarlarını onlara təqdim edib - ÇIXIŞIN TAM MƏTNİ Pravda.az

Azərbaycan əhalisi Laçın rayonuna qayıdır, həyat bərpa olunur. Əhali qayıdırsa, orada sakit, hüzurlu ömrünü yaşamalıdır, bunu beynəlxalq hüquq da, Azərbaycan qanunları da tələb edir. Amma Laçın sərhəd qapısının davasını aparanların məntiqinə görə, Azərbaycan dövləti əhalisini yerləşdirdiyi ərazidən erməni terrorçuların yenə də at oynatmasına şərait yaratmalıdır. Məsələn, qapı olmamalıydı və Meşəli soyqırımında dinc sakinlərin qanını içmiş Vaqif Xaçatryan kimi cəllad qollarını sallayıb Gorus tərəfə keçməliydi, ünvanımıza söyə-söyə...Hələ belə cəlladlardan minlərlə var Qarabağda...

Onların zərərsizləşdirilməsi baxımından da Laçın sərhəd-buraxılış məntəqəsinin strateji əhəmiyyəti danılmazdır. Bu məntəqənin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Heç şübhəsiz, on illər boyunca erməni canilərinə havadarlıq edənlər, onları bəsləyənlər və bu qatillərin əli ilə Azərbaycana qarşı olmazın alçaqlıqları reallaşdıranlar bəslədikləri ilanların ələ keçirilməsini istəmir. Axı, cəllad Vaqif kimi Laçın qapısında qandallanandan sonra ədalət məhkəməsinə çəkiləcəklər, onlar da “bülbül kimi” ötəcəklər, kimlər onları himayə edib, hansı cinayətlərdə ortaq olublar, hamısını açıb tökəcəklər, odur ki, “ATƏT canişini” Kasprşikdən tutmuş, Avropa İttifaqının cəsuslarına qədər hamı narahatlıqla izləyir bu prosesləri...

 Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb

Hələ də doğru-düzgün dərk edə bilmirlər qarşısındakı dövlətin, liderin gücünü. Adi bir nümunə: Belçikanın xarici işlər naziri İrəvanda Azərbaycanın Laçın yoluna “burun soxmağa” çalışdı, cavabını Bakıda aldı, dövlətimizin başçısı onu qəbuldan imtina etdi! İkinci nümunə: Kasprşik Ararat Mirzoyanın hərzə-mərzə Laçın yolu söhbətlərinə qulaq asandan sonra binoklunu götürüb Laçın yolu tərəflərə gəldi və...cavabında Azərbaycan dövləti onu Bakıda görmək istəmədi! Ermənistan TIR-larını, erməni canilərini Laçın yolu ilə “maneəsiz” (?!-E.P.) keçirmək üçün canfəşanlıq edənlər, həmçinin işğal illərində olduğu kimi, Gorus-Xankəndi marşrutu ilə “at oynatmağı” xəyal edənlər hətta Azərbaycan paytaxtında da “arzuolunmaz” şəxslərə çevrilməkdədirlər. Cavablarını artıqlaması ilə alırlar və alacaqlar! Dövlətimizin başçısı milli maraqların qorunması naminə siyasi iradəsini qətiyyətli şəkildə nümayiş etdirməkdədir, bunu qəti şəkildə unutmasınlar! Yaddaşı zəif olanlara xatırlatma edək: Prezident İlham Əliyev 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Laçın mövzusuna nöqtə qoydu. Sitat: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib... Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir... Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”. Artıq mövzu bitib, dövlətin qərarı dəyişməzdir! “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayırlar, onların sərbəst hərəkətini təmin edirlər, qanunlar çərçivəsində! Azərbaycanın üstünə gəlməyə səy göstərənlərə belə bir atmosfer sərfəli deyil, görünən budur. Onlara qan, savaş, qarışıqlıq lazımdır, öz “vasitəçilik missiyalarını” təqdim etmək, yenidən Qarabağda sülənməkdən ötrü...

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava  Limanında tikinti işlərinin gedişi ilə tanış olublar » Azərbaycan  Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan dövləti isə BMT TŞ-nin 4 qətnaməsini təkbaşına icra etdiyi kimi, bundan sonrakı prosedurların da öhdəsindən öz gücü, qüvvəsi ilə gəlmək iqtidarında olduğunu təsdiqləməkdədir. Eyni zamanda Qarabağ ermənilərinə Ağdam-Xankəndi humanitar yolunu təklif edir. Amma baxın, ermənilər üçün “yas quran” havadarları bircə dəfə Azərbaycanın bu humanizmini dəyərləndirmək istəmirlər. “Laçın” sərhəd-buraxılış məntəqəsinin beynəlxalq legitimliyi artıq çoxlarında şübhə doğurmur. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. Bundan sonra hətta bəzi erməni ekspertlər belə, “miatsum”, “artsax” nağıllarının bitdiyini etiraf etməyə başlayıblar, amma ermənidən çox erməni olanlar hələ də məşhur misaldakı kimi, əl çəkmək istəmirlər üfunət dolu iddialarından. Bu mərhələ də ötüb keçəcək, geri dönüş mümkün deyil. Azərbaycan dövləti vətəndaşlarının taleyini havadan asılı qoyası deyil ki...

Prezident İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə birgə illər öncə Laçın sakinləri ilə Taxtakörpü qəsəbəsində görüşərkən onların tezliklə öz yurdlarına qayıdacağını əminliklə bildirmişdi. Budur, onlar Kəlbəcər səfərindən sonra Laçına gediblər. Qürurlandıran, duyğulandıran kadrları izləyirik. Laçınlı qızcığaz Prezidentə və doğum gününü Qarabağda, Azərbaycanın sərhəd qapısı olan Laçında qeyd edən Birinci xanıma “gedək bizim evimizdə bir çay içək”-deyib. Təkrar-təkrar oxumaq, izləmək istəyir adam bu sözləri! 30 ildən sonra yenidən qurulan Laçında ilk dəfə olan uşağın “gedək bizim evimizə...” deməsindən gözəl nə var ki? Və Prezident, Laçın Fatehinin cavabı “Sağ ol, bala, çox sağ ol. Hələ çox gələcəyik...” Laçınlı balasına deyilən bu sözlər əslində çox mətləblərdən xəbər verir, geniş auditoriyalara ünvanlanıb. Bu, həm də Fəthi mübarək olan Laçın qapısının açarını bizdən istəyənlərə tutarlı cavabdır, dərsdir, dərslikdir! Əbədi bizim olacaq Laçın, onun qapı-pəncərəsinin açarı da bizdə olacaq, qanmayanlar qansınlar!!! Dövlət başçımız bununla sanki demək istəyir ki, ay beynəlxalq aləmin özünü yekə-yekə aparan adamları, körpə uşağın belə əxz etdiyi həqiqəti siz də anlayın birdəfəlik və susun, bir də Laçın söhbəti eləməyin!

Elşad Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR