İnsanlara hürriyət, millətlərə istiqlal!

“Laçın blokadasını” yarmaq üçün Avropadan gəldi

9341 23.06.2023 08:22 Siyasət A A

Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının rəhbəri Natali Luazo qatı ermənipərəst mövqeyi ilə seçilir

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter və Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının rəhbəri Natali Luazo Laçın dəhlizinə gedəcəklərini bəyan ediblər. Ritter və Aİ-nın Ermənistandakı səfiri Andrea Viktorin Luazo və onun nümayəndə heyətini Zəngəzur vilayətinin Qarakilsə şəhəri yaxınlığındakı hava limanında qarşılayıb.

Onlar Aİ missiyasının müşahidəçiləri ilə birlikdə Laçın dəhlizi istiqamətindəki patrul missiyasına baş çəkəcəklər.

Qeyd edək ki, Natali Luazonun erməni canfəşanlığı onun Fransanın Avropa Parlamentindəki təmsilçisi olması ilə bağlıdır.(Cebhe.info)

Avropa Parlamentində erməni lobbisinin əsas nümayəndələrindən biri Luazo əvvəllər Fransa Xarici İşlər Nazirliyində mühüm postlarda çalışıb. 2019-cu ildə bu postu tərk edən Luazo Avropa Parlamentinə üzv seçilib.

Luazo Avropa Parlamentində Azərbaycanın əleyhinə kəskin bəyanatları və ermənilərin müdafiəçisi kimi etdiyi çıxışları ilə tanınıb. Bu dəfə də fransalı deputat yenidən ermənilərin harayına gəlib. O, İrəvanda Ermənistan rəhbərliyi ilə keçirdiyi görüşlərdə Laçın-Xankəndi yolunun bağlanması ilə əlaqədar yaranmış vəziyyəti müzakirə edib.

Ermənilərin sözçüsü sayılan Natali Luazonun təcili İrəvana səfəri də məhz bu məqsədə xidmət edir. Hətta Luazo erməniləri əmin etmək və vəziyyəti “yerində öyrənmək” üçün Laçın dəhlizinə, yəni Laçın şəhərindən yan keçməklə Xankəndi ilə Ermənistan arasında nəqliyyat əlaqəsini təmin edən yola səfər etmək iddiasına düşüb.

Amma Natali Luazo Laçın-Xankəndi yolunda vəziyyəti öyrənmək üçün həmin bölgəyə yalnız Azərbaycan ərazisindən keçib gedə bilər. Bundan başqa, o, səfərinin məqsədilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə, Azərbaycan Dövlət Sərhəd Xidmətinə və digər rəsmi orqanlara müraciət etməlidir.

Əgər Luazonun Avropa Parlamentinin üzvü kimi müşahidə aparmaq məqsədilə Laçın-Xankəndi yoluna səfər etməsinə icazə verilsə, bu halda o, xüsusi razılıq əsasında öz istəyini həyata keçirə bilər.   

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bu mövzuda çox maraqlı bir nüansa toxundu: “Öncəliklə bu sualı verək. Natali Luazo kimdir? O bölgəyə gələndən sonra, yaxud gəlmə ərəfəsində bölgədə böyük qarşıdurma yaşanır, silahlar susmur. Məqsəd də məlumdur. Azərbaycan tərəfi üzərində bir neçə istiqamətdən təzyiq formalaşdırmağa çalışırlar. Bununla həm də Laçın yolunu açmağa nail olmaq istəyirlər. Eyni zamanda ekoloji məsələlər üzərindən də ölkəmizə qarşı təzyiqləri artırmağa cəhdlər olunur. Digər tərəfdən, nə qədər qəribə görünsə də, Natali Luazonun gəlişi ərəfəsində ekologiya sahəsində Söyüdlüdə böyük bir problemlər yaşandı. Burada bir maraqlı nüans da var ki, Söyüdlüdə olan qızıl mədənindən biri də Kəlbəcərdə var. Zod yataqlarını nəzərdə tuturam. Burada təbii ki, təsadüfi heç nə yoxdur. Azərbaycanda həmin mədəndən narazı qalan şəxslərin mütləq şəkildə hüquqları qorunmalıdır. Amma informasiya savaşında buraxılan səhv heç zaman kompensasiya edilmir. Sizlər də şahidsiniz ki, bizim ekologiya üzərindən, Qarabağdakı mədənlər üzərindən apardığımız siyasətə Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələr ciddi problemlər yarada bilər. Maraqlıdır ki, Natali Luazonun gündəliyində bu məsələ çox geniş yer tutdu. Natali Luazo nəinki ikili standartlardan çıxış edir, onun açıqlamaları birmənalı şəkildə Azərbaycan əleyhinədir. Bir dəfə fevral ayında qaldırdığı məsələdə Qarabağa jandarma göndərmək lazım olduğunu qeyd etdi. Sonrakı periodda da bu məsələni qaldırdı ki, Qarabağda Azərbaycan erməniləri genosidə uğradır, biz mütləq ora hərbi silahlı qüvvələr yeritməliyik. Bu mövqeyi hər cür danışan adamdır. Onun adamlığından və siyasi kimliyindən daha çox mənsub olduğu komandaya baxın. Avropa İttifaqında bəlli bir çevrənin daşıyıcılarıdır. Bu şəxs anti-Azərbaycan mövqeyini Fransada sərgiləyən tanınmış simalardan biridir. Onlar həm Hindistan, həm də İranla birlikdə Azərbaycan əleyhinə kampaniya fəaliyyət aparan qrupa aiddir”.

Rəşad Bayramov: “AZAL İrana uçuşları dayandırmalıdır, çünki...” » Ovqat.com

Rəşad Bayramov

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov isə Luazonun zatən kimliyinin hər kəsə məlum olduğunu söylədi: “Əvvəla onu qeyd edim ki, nə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının, nə də Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının, yəni daha konkret desək, Avropa institutlarının məqsədi heç də sərhəddə monitorinq aparmaq və ya iki ölkə arasında sabitlik yaratmaqdan ibarət deyil.

Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının rəhbəri Natali Luazoya gəldikdə isə onun kim olduğu, hansı dairələrin sifarişlərini yerinə yetirdiyi məlumdur. Fransadan Avropa Parlamentinə seçilən deputat kimi onun dəfələrlə Azərbaycan əleyhinə mövqe sərgilədiyinin şahidi olmuşuq. Hələ Fransa Xarici İşlər Nazirliyində işlədiyi dövrdən erməni lobbisi ilə kifayət qədər isti münasibətlər quran Luazo indi də həm onların, həm də hər addımda erməni maraqlarının müdafiəçisi qismində çıxış edən Fransanın rəsmi dairələrinin mövqeyini müdafiə edir. Odur ki, belə bir şəxsin bitərəf mövqe sərgiləməsini gözləmək özü sadəlövlük olardı.

Ermənistana səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında “mən Avropa Parlamentinin mövqeyini ifadə etmək istəyirəm” deyərək “Laçın dəhlizinin bağlanması qanunsuzdur və buna son qoyulmalıdır. Dağlıq Qarabağ ermənilərinin hüquqları və rifahı qorunmalı, Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir” bəyanatı ilə çıxış edən Luazo əslində təkcə elə bu bəyanatı ilə haralara xidmət etdiyini açıq şəkildə ortaya qoymuş olur.

Təbii ki, nə Avropa İttifaqı müşahidə missiyasının rəhbəri Markus Ritterin, nə də Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının rəhbəri Natali Luazonun Azərbaycan tərəfinin razılığı olmadan Laçın dəhlizinə daxil olaraq hər hansı monitorinq aparması mümkündür. Çox güman ki, onlar Ermənistan tərəfdən Azərbaycan-Ermənistan sərhədinə yaxın bir əraziyə qədər gələrək oradan müşahidə aparmaqla geri qayıdacaqlar. Amma bu halın özü belə onların bəyanatlarının birtərəfli informasiyalar əsasında verildiyinin sübutudur. Əgər belə olmasaydı, Avropa Parlamenti bu və ya digər bəyanatla çıxış etməzdən əvvəl hər iki tərəflə görüşlər keçirər və yalnız bundan sonra dəhlizin bağlanmasının qanunsuz olub-olmaması ilə bağlı bəyanat verərdi. Amma nə olur-olsun ermənilərin maraqlarını qorumağı qarşılarına məqsəd qoyduqları üçün ədalətin nədən ibarət olduğu onlar üçün əhəmiyyətli deyil.

Əslində isə kifayət qədər normal qaydada fəaliyyət göstərən və ermənilərin təhlükəsiz şəkildə giriş-çıxışını təmin edən sərhəd-buraxılış məntəqəsinin bağlanması məhz elə Luazonun canfəşanlıqla müdafiə etdiyi ermənilərin təhlükəsizliyini təmin etməyə xidmət edir. Belə ki, Azərbaycan sərhədçiləri və rus “sülhməramlı” kontingentinin əsgərlərini hədəfə alan erməni hərbi birləşmələrinin sabah daha böyük təxribatlar törədərək oradan keçən mülki əhalini də hədəfə almayacağına dair heç bir təminat yoxdur. İmzalanmış üçtərəfli bəyanata görə, Azərbaycan həmin yoldan erməni vətəndaşlarımızın sərbəst və təhlükəsiz gediş-gəlişinə zəmanət verib. Odur ki, indi də məhz bu mövqedən çıxış edərək onların təhlükəsizliyi istiqamətində addımlar atır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR