İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT-nin Azərbaycanla təhlükəli qonşuluq planı

3448 30.08.2023 12:12 Siyasət A A

Rusiyanın KTMT-nin monitorinq missiyasının Ermənistana yerləşdirilməsi təklifi qüvvədə qalır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) İranı təşkilatın “Döyüş Qardaşlığı - 2023" təlimlərinə müşahidəçi qismində dəvət edib. Bunu KTMT-nin Birgə Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov avqustun 28-də keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, təlimlərə həmçinin Çin, Səudiyyə Ərəbistanı və Monqolustan hərbi müşahidəçiləri də qatılacaq.

A.Sidorov təlimlərin planını açıqlamayıb, lakin aviasiya komponentinə və xüsusən də çoxlu sayda pilotsuz uçuş aparatlarının istifadəsinə ciddi diqqət yetiriləcəyini vurğulayıb.

Qeyd edək ki, “Döyüş Qardaşlığı-2023" təlimləri sentyabrın 1-dən 6-dək Belarusda keçiriləcək.

Xatırladaq ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir. Rusiyanın əsas söz sahibi olduğu KTMT ilə əməkdaşlığa xüsusilə İranın cəlb edilməsi və Azərbaycan ətrafında hərbi blokun gücləndirilməsi niyyəti Bakını narahat etməlidrmi? İranın KTMT-yə qəbul edilməsi mümkündürmü?

Ermənilərdən yeni təxribatlar: Xocavənddə “PUA emalatxanası” açılıb

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, KTMT-nin təlimlərinə qurumunun rəsmi üzvlərindən başqa adətən müşahidəçi kimi İran, Çin, Monqolustan və digər bəzi dövlətlər də dəvət olunur. Şübhəsiz ki, Azərbaycanı narahat edən məsələlərdən biri İranın oraya cəlb edilməsi və İranın statusunda asılı olmayaraq orada iştirakıdır. Ona görə də Azərbaycan İran-Ermənistan-Rusiya üçlüsünün KTMT təlimlərində bir araya gəlməsini müşahidə etməli və prosesi nəzarətdə saxlamalıdır: “Həm də dəqiqləşdirməliyik ki, bu hərbi təlimlərdə İran silahları və texnikaları istifadə olunurmu. Rusiyanın silahları, texnikaları hazırda Rusiya-Ukrayna müharibəsi zonasındadır. 9 may qələbə paradında ağır silahlarını çıxarda bilməyən Rusiya KTMT təlimlərinə haradan silah cəlb edəcək? Bu maraqlıdır. İstisna deyil ki, İranda istehsal olunmuş silahlardan istifadə olunacaq. KTMT üzvü olan dövlətlərlə sərhəddə olan dövlət kimi Azərbaycana maraqlıdır ki, bu qurumun təlimlərində hansı silahlardan istifadə olunacaq. 2020-ci ildə 44 günlük müharibədə Ermənistan ordusunun silahlarının 70 faizini məhv etmişik. Ermənistan son zamanlar Hindistan və başqa dövlətlərlə silah alışı üçün müqavilələr bağlayıb. Biz Ermənistanın KTMT təlimlərində hansı silahları istifadə etməsini də bilməliyik. Müşahidələrimiz nəticəsində əldə etdiyimiz məlumatlara uyğun da gələcək planlarımızı qurmalıyıq ki, həmin silahlar gələcəkdə sərhədimizdə bizə qarşı istifadə olunduğu halda qarşısını necə almalıyıq. Ermənistan Hindistandan silahlar alır, İrandan PUA-lar əldə edir. Azərbaycan bu məsələləri dəqiq izləməli və gərəkən planlarını qurmalıdır”.

Ekspert qeyd etdi ki, İranın gələcəkdə KTMT-yə üzv olması da mümkündür, lakin yaxın zamanda bunun baş verməsi mümkün deyil: “İranın KTMT üzvü olması daha çox Ermənistan üçün xüsusi arzu olunandır. Rusiya hökumətində bəzi qüvvələr düşdükləri indiki ağır durumda bunda maraqlı ola bilərlər. İran da sanksiyalar altında olan müttəfiqsiz ölkə kimi KTMT üzvlüyündə maraqlı ola bilər. Ona görə də Azərbaycan KTMT-nin üzvü olan qardaş Qazaxıstan və Qırğızıstan respublikaları, eləcə də Tacikistanla, Belarusla, hətta Rusiya ilə müəyyən iş aparmalıdır. İranın KTMT üzvlü məsələsinin reallaşmaması üçün addımlar atmalıdır. Dost ölkələrə izah edilməlidir ki, İran hər an ABŞ və müttəfiqləri ilə, İsraillə müharibəyə cəlb olunacaq dövlətdir. Belə bir dövləti KTMT-yə qəbul etmək müharibə zamanı KTMT üzvü olan dövlətlərin marağına ciddi təhlükə vəd edər, KTMT faktiki olaraq müharibəyə cəlb edilmiş olar. İran istəyər ki, KTMT-yə üzv olsun və başqa dövlətləri də müttəfiqi kimi müharibəyə cəlb edərək tək qalmasın. Belə bir perspektiv isə KTMT üzvü olan dövlətlər üçün fəlakətlər gətirər”. 

Yeri gəlmişkən, Rusiyanın Ermənistanın Azərbaycanla sərhədində KTMT-nin monitorinq missiyasının yerləşdirilməsi təklifi qüvvədə qalır. Bu barədə Rusiya Təhlükəsizlik Şurasından (TŞ) bildirilib.

Həmçinin vurğulanıb ki, Rusiya ABŞ, Aİ və ayrı-ayrı Qərb ölkələrinin regiondakı vəziyyətin nizamlanmasına müdaxilə etmək cəhdlərini qeydə alır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR