İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımoğlunun Azərbaycandan incikliyi və Peyğəmbərin kəlamı

3324 13.11.2022 15:21 Yazarlar A A

“Təəssüf ki, Azərbaycan dövləti Rusiyanı, Putini aqressivləşdirməmək üçün Ukrayna ilə bağlı qərarlarda bitərəf qalır”.

Girişdəki sitat Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Cəmil Krımoğlunun Musavat.com-a bugünkü müsahibəsindəndir.

Mustafa bəy Türkiyənin adını Azərbaycan kimi bitərəflər sırasında çəkməyib, hərgah reallıq elə bu cürdür. Müsahibənin digər yerindən aydın olur ki, səbəbi o, qardaş ölkənin Ukraynaya “Bayraktar B12” PUA-ları verməsinə bağlayıb.

Siyasi dissident Mustafa Krımoğluna Azərbaycanda, Türk dünyasında hamının hörməti-rəğbəti var, əzablı həyat yolu keçmiş, iradəli, prinsipial, vətənpərvər insandır, ancaq onun yuxarıdakı fikri ilə razılaşmaq çətindir. Niyə?

Əvvəla, qos-qoca Türkiyə əgər Rusiya ilə ehtiyatlı davranırsa, Ukraynanın yanında qeyd-şərtsiz yer ala bilmirsə, Rusiyaya qarşı sanksiyalara qoşulmursa, qartımış və yırtıcı bir imperiya ilə çəpər qonşusu olan Azərbaycan Ukraynaya humanitar dəstəkdən artıq nə yaxşılıq edə bilər?

Düzdür, qardaş məmləkət Ukraynaya PUA-lat satır. Lakin bu özəl hərbi şirkətin xətti ilə reallaşan silah tədarüküdür, dövlət səviyyəsində yox. Üstəlik, “Bayraktartar”larla bağlı müqavilə Rusiyanın təcavüzündən xeyli əvvəl imzalanıb. Ankara Ukraynaya hansısa digər hücum silahları satmır. Azərbaycanın hərbi sənayesi isə Türkiyə qədər inkişaf eləməyib.

İkincisi, iqtisadiyyatı sürətlə böyüməkdə olan Türkiyə hazırda Rusiyadan 30 faizlik qaz asılılığındadır. Balaca rəqəm deyil. Bu və başqa səbəbdən Türkiyə də Ukrayna məsələsində Azərbaycanla təxminən eyni - bitərəf mövqedədir. Hərçənd Bakı və Ankara ərazi bütövlüyü və suverenlik məsələsində Ukraynanı qeyd-şərtsiz, açıq dəstəkləyir.

Ötə yandan, Mustafa bəy də bilir ki, bizim Qarabağ məsələmiz hələ tam qapanmayıb. Qarabağda rus hərbçiləri var. Ukraynada isə Rusiya-Qərb (ABŞ) savaşı gedir, Ukrayna-Rusiya müharibəsi yox. Odur ki, daha ölçülü-biçili, daha səliqəli siyasəti tərcih eləmək zorundayıq. Bizim Qərb üçün heç də ürəyimiz getmir və buna əsasımız var.

Yeri gəlmişkən, 44 günlük Vətən savaşı zamanı da, ondan əvvəlki 30 illik işğal dönəmində də indi Ukrayna üçün guya yaxa cıran “ədalətli” Qərbin ərazi bütövlüyümüzə münasibətdə riyakar mövqeyini gördük. Aydındır ki, Rusiyadan tam uzaqlaşıb Qərbin yanında yer almağımız sonuncunun avtomatik şəkildə ermənilərə simpatiyadan imtinasına gətirməyəcək.

Nə tez yaddan çıxdı, Azərbaycana qarşı hələ də ləğv edilməyən ABŞ Konqresinin bədnam “907-ci düzəlişi” məhz qərbyönlü siyasət aparmış Elçibəy hakimiyyəti dönəmində qəbul edilib (1992). Yaxud Baydenin “demokratiya sammitin”ə çağırdığı “demokratik” Ermənistan (Azərbaycan və Türkiyə dəvət almamışdı) Ukrayna məsələsində bəyəm ABŞ-ın yanındadır? Əlbəttə, yox.

Amma günü bu gün də ABŞ, Fransa “Dağlıq Qarabağ konflikti bitməyib” deyə həşir salaraq erməni gündəmini Azərbaycana sırımağa çalışır, gorbagor olmuş Minsk Qrupuna utanmazcasına təzə həmsədrlər təyin edir. Rusiya isə heç olmasa, MQ-dən imtina edib. Azərbaycan Qərbdən nə vaxt ədalətli davranış gördü ki? Həmişə barmağımız “yandı”. Bununla belə Azərbaycan yenə Ukraynaya münasibətdə haqqı, hüququ əzilənin yanındadır.

Yanılmırıqsa, İslam Peyğəmbərinin (s) kəlamıdır, buyurub ki, “Zülmə qarşı çıxın, bunu bacarmırsınızsa sözlə ifadə edin, buna da gücünüz çatmırsa, ürəyinizdə etiraz edin”. İndi Azərbaycan da mümkün olanı edir. Ancaq daha başını da amerikanlara görə “cəllad kötüyü” üstünə qoyan deyil ki.

“Təcrübəmizə əsaslanaraq deyirəm ki, ən vacibi heç vaxt işğalla barışmamaqdır”.

Bu sözləri Azərbaycan Prezidenti 2022-ci il aprelin 29-da (müharibə başlayandan 2 ay sonra) ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda ukraynalı jurnalistin suallnı cavablandırarkən demişdi. İlham Əliyev Ukrayna xalqına məsləhət görmüşdü ki, Azərbaycan kimi heç vaxt işğalla barışmasın, beynəlxalq təşkilatlara, onların sənədlərinə bel bağlamasın və yalnız özünə güvənsin. Qısası, Rusiyanı de-fakto işğalçı adlandırmışdı.

Ukraynanın yanında yer almaq başqa nə cür olur ki...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR