İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremllə İrəvanın “düşmən kimi görünüb, dost olaq” oyunu

543 08.03.2023 12:29 Siyasət A A

Ekspertlərə görə, münasibətlər böhran mərhələsindədir, amma bunun şişirdilmiş olduğunu iddia edənlər də var; analitik: “Putinin Paşinyandan xoşu gəlmir, ancaq bu, Ermənistandan imtina demək deyil”

Robert Köçəryan və Serj Sərkisyanın 20 illik hakimiyyəti dövründə bütün sahələrdə Ermənistanla Rusiya dərin əlaqələrə malik idi. İkinci Qarabağ müharibəsindən sonra Moskvanın Cənubi Qafqaz siyasətinin dəyişməsi nəticəsində İrəvan hökuməti Rusiya ilə münasibətlərin bərabərhüquqlu olmadığını, müttəfiqliyin tamamilə birtərəfli şəkildə bu dövlətin geosiyasi maraqlarına xidmət etdiyini anlayaraq fərqli, alternativ təhlükəsizlik təminatları axtarışına çıxdı.

“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Avropa İttifaqının müşahidə missiyası Ermənistan üçün möhkəm təhlükəsizlik təminatı yaratmasa da, hər halda bu istiqamətdə müvəqqəti çözümlərdən biri sayıla bilər. Türkiyə ilə münasibətlərin qurulması istiqamətində atılan addımlar da ilk növbədə Ermənistan üçün təhlükəsizlik mühitini yaxşılaşdırmağa hesablanıb.

Ermənistanın Rusiyadan qopmasından danışmaq hələ tezdir, amma bəzi ekspertlərə görə, müttəfiqlik münasibətləri hüquqi məcrada davam etsə belə, faktiki olaraq, böhran mərhələsinə daxil olub. Ermənilər artıq bu ölkəni müttəfiq kimi deyil, təhlükə kimi görməyə başlayıblar. Rusiya Ermənistanda nüfuzunu itirir, yaxın gələcəkdə hətta bunun ciddi geostrateji nəticələri ola biləcəyi deyilir. Ermənistanın Qərblə münasibətlərini sıxlaşdırması, KTMT, Avropa İttifaqı seçimində ikinciyə üstünlük verməsi, habelə sülh danışıqlarında Moskvanın arbitr rolundan imtina etməsi Kremli qəzəbləndirə biləcək faktorlar sırasındadır. Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən həftə yalnız Bakıda olması, ənənəvi qaydada buradan Ermənistan paytaxtına getməməsi də bu narazılığın ifadəsi kimi izah olunur. 

Düzdür, Bakıdan Hindistana gedən Lavrov İrəvan səfərinə getməməsini tez bir zamanda “kompensasiya etdi”, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdü. Rəsmi məlumata görə, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin aktuallığı qeyd edilib. Məlumatda vurğulanıb ki, danışıqlar dostluq və etimad mühitində keçib. Gələcək diplomatik təmaslar barədə razılıq əldə olunub. Amma münasibətlərdə soyuqluq göz qabağındadır.

Halbuki bəzi ekspertlərə görə, Kreml-İrəvan gərginliyi, hətta qırılma nöqtəsinə gəlindiyi haqda iddialar şişirdilib. Belə ki, Ermənistan zaman-zaman buna cəhd göstərsə də, Rusiyanın təsir orbitindən çıxa bilməyib, bəlkə də heç çıxmaq istəməyib. Çünki Ermənistan anlayır ki, Qərbə üz tutma prosesi birdən-birə və bu tezliklə baş tuta bilməz. Əks halda, Ermənistanı Gürcüstanın, Paşinyanı da Saakaşvilinin aqibəti gözləyə bilər. Hətta Ermənistan Qərbə doğru özbaşına əhəmiyyətli qərar qəbul edərsə, onun aqibəti Ukraynanın aqibəti kimi də olar. Bu səbəblərdən də Rusiya və Ermənistan arasında ciddi bir gərginlik yoxdur, hətta bu, görüntü naminə, aldadıcı manevrlər ola bilər. 

İnanıram ki, dövlət öz sözünü deyəcək” – Elxan Şahinoğlu | Hafta.az

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun bildirdiyinə görə, Rusiyanın xarici işlər naziri adətən bölgəyə səfər edəndə balans naminə Azərbaycanda və Ermənistanda ola bilərdi: “Lavrov bu dəfə ancaq Azərbaycana səfər etdi, Ermənistana getmədi, bəziləri bunun Moskvanın İrəvanı cəzalandırması anlamına gəldiyini bildirdi. Lavrovun və onun Kremldəki sahibinin Ermənistanın baş naziri Nikol Paşinyandan və onun siyasətindən xoşları gəlmir. Ancaq bu, Kremlin Ermənistandan imtinası demək deyil. Belə də oldu. Lavrov İrəvana getməsə də erməni həmkarı Mirzoyanla uzaq Hindistanda görüşdü. Dehlidə görüş təsadüfə oxşamırdı. Sergey Lavrov Hindistanda G20 XİN rəhbərlərinin görüşündə iştirak edirdi, Ararat Mirzoyan isə "Risin dialoqu" konfransında iştirak etmək üçün Dehlidə işgüzar səfərdə idi və necə oldusa iki nazir bir-birini uzaq ölkədə tapdı. Lavrovla Mirzoyanın görüşü əvvəlcədən planlaşdılmışdı. Əgər Lavrov Paşinyanın siyasətindən və komandasından narazıdırsa, İrəvana getmədiyi kimi, Mirzoyanla uzaq Dehlidə görüşməməli idi. Ancaq bu bizim yaxşı tanıdığımız Lavrovdur..."

Oxu.az - Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə  ekstradisiya edilən terrorçu görünmür” - MÜSAHİBƏ

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Rusiya-Ermənistan əlaqələri 5 ilə yaxındır ki, mehriban düşmən səviyyəsindədir: “Bunu belə izah etmək olar ki, Rusiya Ermənistanı itirmək istəmir, amma İrəvandakı iqtidarla arası yoxdur. Putin Paşinyanı devirməyə bir neçə dəfə cəhd edib. Amma amerikalılar onu müdafiə edirlər. Pelosinin səfəri də buna işarə idi. Qərbdən Paşinyan administrasiyasına ciddi dəstək var. Təsadüfi deyil ki, ABŞ-ın İraqdan sonra ikinci ən böyük diplomatik korpusu Ermənistandadır. Ona görə də Ermənistan uğrunda didişmə gedir və nəticə etibarı ilə Rusiya İrəvanla "qamçı-kökə" siyasəti yürüdür. Yəni həm onu sıxışdırır, həm də tam peykindən uzaqlaşmaması üçün tumarlayır. Ermənilər Rusiyadan küskündürlər. 44 günlük müharibədə gözləyirdilər ki, rus ordusu onların yerinə yenə döyüşəcək. Ona görə müharibədəki rəzil məğlubiyyətdən sonra Paşinyan ölkədə antirus əhvalını bir qədər də gücləndirib. Bunu da Moskva görməzdən gəlmir. Nikolun komandası təbliğat aparır ki, “Rusiya müttəfiq deyil, bizi satıb, müharibədə tək qoyub, dəfələrlə xahiş etsək də, KTMT yardıma gəlməyib, ona görə Qərbə inteqrasiya etməliyik”. Bax, bu piar xeyli təsirlərini göstərib. Ona görə Rusiya Ermənistanı itirmək niyyətində deyil, bu ölkəni ondan uzaqlaşdıran Paşinyanın axırına çıxmaq istəyir. Hələlik bunun üçün ssenarilər alınmayıb, amma Putinin onun yerinə öz adamını hakimiyyətə gətirmək hədəfi dəyişməyib. Bu mənada nə qədər ki, Paşinyan hakimiyyətdədir, Rusiya-Ermənistan əlaqələri bir gün soyuq, bir gün isti olacaq".

Ekspertin fikrincə, Rusiyanın Ermənistandan tələbləri var: “Bu istəklər sadə və dəyişməzdir - onun sözünə baxsın, nökəri olmağa davam eləsin, Moskvanın siyasi təsirləri Ermənistanda artsın, avrointeqrasiya bu şəkildə getməsin, avropalı müşahidəçilərin sərhəddə patrul xidmətinə son qoyulsun. Ancaq İrəvan bu arzularını həyata keçirsə, Moskva onun tələblərini yerinə yetirəcəkmi? Məncə, yox. Ermənistan Rusiyadan Azərbaycana təzyiq göstərməyi tələb edəcək, Qarabağ ermənilərinə status verilməsi üçün Kremldən Bakını sıxışdırmasını istəyəcək. Azərbaycan Ordusunun olduğu mövqelərdən geri çəkilməsi, Fərrux dağı və digər strateji hakim yüksəklikləri tərk etməsini gözləyəcək və bu yöndə Putinin bizə təzyiqləri gücləndirməsini tələb edəcək. Amma Moskva Bakı ilə əlaqələri korlamaq istəməz. Üstəlik, Türkiyə faktoru var. Eyni zamanda Paşinyan da Rusiyanın orbitinə qayıtmağı istəmir. O, buna uçurum kimi baxır, üstəgəl, Avropadakı tərəfdaşları ona diktə edirlər ki, bacardığın qədər Rusiyadan ayrıl. Hətta ABŞ rəsmiləri Ermənistanı müdafiə etmək üçün şərtlər irəli sürüblər: Gümrüdəki rus hərbi bazasını çıxar, KTMT-ni tərk elə, o zaman sərhədləri avropalılar qorusun. Yəni Paşinyan iqtidarda olduğu müddətdə Rusiya ilə Ermənistanın ulduzu tam barışmayacaq”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR