İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin qaz təhdidi güclənir, Avropa kəskin qənaət rejiminə keçir

679 23.07.2022 10:52 İqtisadiyyat A A

Avropa İttifaqı bütün hallarda Rusiyadan enerji asılılığından qurtulmaq əzmindədir; ekspertlər deyirlər ki...

Rusiyanın “Şimal axını 1" kəməri ilə qaz nəqlini bərpa etməsinə baxmayaraq, Avropa İttifaqı Rusiya qazı olmadan keçiriləcək qışa hazırlıqlarını davam etdirir. Xəbər veridyimiz kimi, iyulun 21-də Avropa Komissiyası (AK) gələn ilin yazına qədər Avropada qaz istifadəsini 15 faiz azaltmaq üçün yeni qanunvericilik aləti və Avropanın Qaz Tələbatının Azaldılması Planını təklif edib.

Bu barədə AK-nin saytında yerləşdirilən məlumatda deyilir.  Komissiya 1 avqust 2022-ci il və 31 mart 2023-cü il tarixləri arasında bütün üzv dövlətlər üçün qaz tələbatını 15 faiz azaltmağı hədəfləyən yeni tənzimləmə təklif edir. “İndi tədbir görmək Avropanın enerji dayanıqlığını gücləndirərək, qaz təchizatınn gələcək və ya tam pozulma halında Avropa üçün həm riski, həm də xərcləri azalda bilər”, - məlumatda bildirilir.

The nomination of von der Leyen – CEPS

Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen bəyan edib ki, Avropa Rusiyadan tam qaz kəsintisinə hazır olmalıdır. Onun sözlərinə görə, Avropa Komissiyası ən pis ssenariyə hazırlaşır: “Biz qənaət üçün qarşıdan gələn qışa qaz istehlakını azaltmalıyıq. Mən anlayıram ki, bu, çox böyük bir istək və çağırışdır, amma bu bizi böhrandan xilas edəcək. Hər bir üzv ölkə qaz istifadəsini azaltmalıdır. Avropa Komissiyası üzv ölkələrdən qaza 15 faizədək qənaət etməyi istəyir. Bu, 45 milyard kub metr qaz deməkdir. Nəticə etibarilə bu o deməkdir ki, biz Rusiya qazı olmadan qarşıdakı qış böhran yaşamayacağıq”.

Rusiyanın “Şimal axını-1” PLANI: “Kəmərin bu həftə yenidən işə salınması…”  – – Yenicag.Az

Avropa İttifaqının enerji komissarı Kadri Simson isə bildirib ki, hazırkı mərhələdə üzv dövlətlər tərəfindən qazdan istifadənin 15 faiz azaldılması təklifi könüllüdür, lakin lazım gələrsə, Avropa Komissiyası bunu məcburi hala gətirəcək.

Avropa Komissiyası AB üzvü olan ölkələrə qaz istehlakının ixtisarı məqsədinə necə çatacaqlarını göstərmək üçün sentyabrın sonunadək fövqəladə hallarda fəaliyyət üzrə milli planlarını yeniləməyi tapşırıb. Üzv ölkələr həmçinin hər 2 aydan bir əldə olunan nəticələrə dair AK qarşısında hesabat verməlidilər: “Qaz təchizatında həmrəylik istəyən üzv dövlətlər ölkə daxilində tələbi azaltmaq üçün həyata keçirdikləri tədbirləri nümayiş etdirməli olacaqlar”.

Hearing of Commissioner-designate Kadri Simson | Aktuelles | Europäisches  Parlament

Kadri Simson 

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fateh Birol isə bildirib ki, istehlakı 15 faiz azaltmasalar, gələn qış Avropa ölkələri ciddi çətinliklərlə üzləşəcəklər: “Rəqəmlərə baxsaq, bizə hələ Avropada qaz istehlakını daha da azaltmaq lazım gələcək. Əks halda, Avropaya bu qış çox çətin olacaq”.

Birolun fikrincə, qaz istehlakına 15 faizlik könüllü qənaət gələn qışdan rahat çıxmağa imkan verəcək: “Lakin mən düşünürəm ki, qışa yaxın daha çox qənaət zərurəti yarana bilər. Qaza qənaətə nə qədər gec başlasaq, qənaət həcmi bir o qədər böyük olacaq. Ona görə də istehlakın azaldılmasına indidən başlanmalıdır. Hətta Rusiyadan ”Şimal axını" ilə qaz nəqli müəyyən həcmdə davam etsə belə yenə də Avropa istehlaka qənaət etməli olacaq. Biz bu problemi Avropada qaz istehlakını azaltmadan həll edə bilməyəcəyik. Norveç, Azərbaycan və ya başqa ölkə olmasından asılı olmayaraq, mümkün əlavə qaz təminatı həcmləri yetərli olmayacaq".

Bununla yanaşı, agentlik rəhbəri Avropa ölkələrini iqlim dəyişikliklərinə qarşı mübarizə hədəflərinə nail olmaq üçün indiki çətin vəziyyətdə belə kömürdən imtinanı davam etdirməyə çağırıb: “Hazırkı böhranla bağlı fəaliyyətlərimiz ənənəvi yanacaq növlərinin hasilatına irihəcmli yatırımlarına gətirib çıxarmamalıdır”.

Qeyd edək ki, Avropa Komissiyasının təklifinə artıq 3 ölkədən etiraz gəlib. İspaniya və Portuqaliya rəsmiləri 15 faiz qənaətin mümkün olmadığını elan ediblər. Daha sonra isə Yunanıstan hökumətinin nümayəndəsi bildirib ki, ölkəsi Avropa Komissiyasının təklifi ilə razı deyil: “Yunanıstan belə bir tövsiyəyə əmə etmək məcburiyyətində qalmamaq üçün əlindən gələni edəcək”. Hökumət təmsilçisi Avropa Birliyinin qənaət rejimi tətbiq etməkdənsə, Birlik ölkələrinin birgə qaz alışı sistemini formalaşdırılması, həmçinin qaz qiymətlərinə məhdudiyyət qoyulması ilə məşğul olmağa çağırıb.

Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek Rusiyadan qaz nəqlini artırmaq üçün “Şimal axını-2"nin istismarına başlanması təklifini qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, bu, Almaniya və Avropanın Rusiya qarşısında ”ağ bayraq qaldırıb təslim olması" demək olar.

ZDF telekanalına müsahibə verən nazir bildirib ki, hətta “Şimal axını-2"nin istismarına icazə verilsə də, bu, vəziyyəti dəyişməyəcək: ”Bu kəmərin işə salınması həll variantı deyil. Rusiya qazından asılılığı daha da artırmaq olmaz. Bu halda Rusiya sanksiyaları pozmaq məqsədinə də nail olar. Bu, Almaniya və Avropanın ağ bayraq qaldırması demək olar. Biz heç bir halda bunu etməməliyik".

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Almaniyanın güclü ölkə olduğunu bildirən Habek “Şimal axını-1"lə Rusiya qazının nəqlinin bərpa olunmasını etibarlılıq hesab etməməyə çağırıb. Bu səbəbdən də nazirin fikrincə, Almaniya qənaətcil olmalı, alternativ mənbələr tapmalıdır.

Rusiyanın “Şimal axını 1"lə tam həcmdə nəqli bərpa etmək üçün Siemens şirkətinin istehsalı olan turbinlərlə bağlı irəli sürdüyü arqumenti Almaniya vitse-kansleri ”uydurma arqument" və Rusiyanın “inandırıcı olmayan oyunu” adlandırıb. Onun sözlərinə görə, “Qazprom”un yetərincə ehtiyat turbinləri var və səs-küy qaldırılan turbinə heç ehtiyacı da yoxdur. Və “Şimal axını 1"də planlı təmir aparıldığı dövrdə belə onunla nəqli 100 faiz davam etdirmək olardı.

Xatırladaq ki, bu həftə Tehrana səfəri zamanı Rusiya prezidenti Vladimir Putin “Şimal axını-2" kəmərini Avropaya qaz nəqlini artırmaq yolu kimi təklif edib. Bu zaman o kəmərlə nəql tam deyil, yarı gücü səviyyəsində mümkün ola bilər. Çünki Avropa İttifaqı onun sertifikatlaşdırılmasını uzatdığına görə kəmər üçün nəzərdə tutulan qaz həcmlərinin yarısı daxili tələbatın ödənməsinə yönəldilib. Putin həmçinin faktiki olaraq, Rusiyanın növbəti addımlarının anonsunu verərək ”Şimal axını-1"in turbini qaytarılmasa, bu kəmərlə qaz nəqlinin indiki gündəlik 67 milyon kubmetrdən 30 milyon kubmetrə qədər azaldılacağını elan edib. Guya həmin turbin olmasa, kəmərlə bu həcmdən artıq qaz ötürmək mümkün olmayacaq. Üstəlik, Putin kəmərin təmir olunmasını da şübhə altına alıb. Bildirib ki, Rusiya şirkəti həmin turbinin Kanadada həqiqətən təmir olunduğuna əmin deyil və bunu müəyyənləşdirmək zaman tələb edəcək.

Proseslər göstərir ki, Putinin dedikləri boşuna deyil. Belə ki, Rusiya tərəfi turbinin Almaniyadan öz ərazisində gətirilməsi üçün zəruri olan sənədləri təqdim etmir. "Reuters"in yaydığı məlumata əsasən, Rusiya turbinin Almaniyadan öz ərazisinə keçirilməsi üçün zəruri olan icazə sənədini təqdim etmir. Agentliyin mənbələri bildiriblər ki, bu səbəbdən də turbinin “Qazprom”a çatdırılması günlər, hətta həftələrlə vaxt apara bilər. Rusiya tərəfi hətta turbinin hansı gömrük postundan və hara çatdırılmasına da aydınlıq gətirməyib.

R.Habek bu məsələyə toxunaraq deyib ki, artıq onlarda Rusiyanın o turbini almaq niyyətində olmadığı qənaəti yaranıb. Bu isə ondan xəbər verir ki, texniki problem əslində bəhanədir, kəmərlə nəqlin azaldılması sırf siyasi təzyiq üsuludur. Nazirin sözlərinə görə, Almaniya hökuməti turbini təmir edən “Siemens” şirkəti ilə daim təmasdadır və şirkət avadanlıq “Qazprom”a çatan kimi onları məlumatlandıracaq.

Əvəzində isə “Qazprom” iki dəfə açıqlama yayaraq, guya turbinlərin təmiri ilə bağlı “Siemens”dən zəruri sənədləri ala bilmədiyini bildirib. Açıq görünür ki, Rusiya həmin turbini qoşaraq Avropaya qaz nəqlini artırmamaq üçün bəhanə tapmağa çalışır.

“Siemens” şirkəti isə açıqlama yayaraq “Qazprom”un bir neçə ehtiyat turbininin olduğunu, reallıqda Kanadada təmirə götürülən turbinə ehtiyac olmadığını açıqlayıb. Şirkət rəsmiləri kəmər işə düşəndən indiyədək təmirə dayandırılan turbinləri əvəzləmək üçün ehtiyat turbinlərin daim hazır saxlandığını, təmir zamanı kəmərlə nəqlin azaldılmadığını bildirərək, “Qazprom”un iddialarının əsassız, Avropaya qaz nəqlini azaltmaq üçün uğursuz bəhanə kimi qiymətləndiriblər.

Ekspert hesablamalarına görə, Rusiya Avropaya qaz nəqlini tamamilə dayandırarsa, birlik 2022-ci ili 2,65 faiz ÜDM itkisi ilə başa vuracaq. Həmçinin alternativ mənbələr olması şəraitində belə Avropa Birliyi daxilində enerji qiymətləri ikiqat arta bilər. Buna görə də Avropa Komissiyası hesab edir ki, belə bir ssenaridə atom və kömür elektrik stansiyalarının fəaliyyətinin davam etdirilməsi lazım gələcək. Bu variantın ən mühüm müsbət tərəfi alternativ enerjinin maya dəyərinin ənənəvi enerji növlərindən daha ucuz olması şəraitində bu sahəyə yatırımların qat-qat artması olacaq.

Rusiya isə Avropaya qaz nəqlini tamamilə dayandırmaqla neft-qaz gəlirlərinin 20 faizindən əlini çəkmək məcburiyyətində qalacaq. Lakin bu itki siyasi baxımdan yaranacaq itki ilə müqayisə olunmazdır. Belə ki, Avropa bu qışı Rusiya qazı olmadan keçirsə, rəsmi Moskva “Qoca qitə”yə qarşı ən böyük təzyiq alətindən məhrum olacaq. Bu baxımdan, hətta Rusiyanın öz ekspertləri belə Putin rejiminin buna getməyəcəyini proqnozlaşdırırlar. Bildirirlər ki, Rusiya indidən Avropaya verilən qazı minimuma endirməklə anbarların doldurulmasının qarşısını almaq, beləliklə, soyuq qış aylarında Aİ-yə təsir imkanlarını daha da artırmaq niyyətindədir. Lakin Aİ-nin indidən Rusiya qazı olmadan yaşamaq planları qurması göstərir ki, artıq Avropa Putinin əlinə təzyiq üçün vasitə vermək niyyətində deyil...

İyulun 10 günü Rusiyadan qaz nəqli tamamilə dayansa da, Aİ anbarlara qaz vurulması prosesini davam etdirib. İyulun əvvəlindən 20-dək anbarların dolumluluq səviyyəsi 60 faizdən 65 faizə çatıb. Yüksək isti və küləksiz hava şəraitində buna nail olunması o deməkdir ki, Aİ anbarların oktyabrın 1-dək nəzərdə tutulan həcmdə doldurulmasını təmin edə biləcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR