İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin Qarabağdakı sonuncu “desantı” – Putinin danışmanı “kartları” açdı

4511 05.11.2022 13:58 Yazarlar A A

Neçə vaxtdır “Vardanyan layihəsi”nin arxasından görünən “uzun qulaqların” kimə məxsus olması “Şeytan yuvası” Xankəndindəki 30 oktyabr mitinqində tam dəqiqləşdi. Ondan cəmi bir gün sonra Soçidə reallaşan üçtərəfli görüşdə Rusiyanın bizə həyasızcasına sırımaq istədiyi ədalətsiz sülh layihəsinin iflas olması axırıncı “i”nin üzərində də nöqtə qoydu.

Bəlli oldu ki, Xankəndindəki təxribatçı aksiyanın 1 nömrəli sifarişçisi Kreml, Putin (bunu dansa da), icraçıları isə - Moskvanın Qarabağdakı təzə “desantı”, erməni əsilli rusiyalı oliqarx Ruben Vardanyan və bir də “sülhməramlı” kontingentin komandanı, Azərbaycana antipatiyası olan general Volkovdur.

“Artsaxın təzə hökumət başçısı” Vardanyan öz “postunu” tutar-tutmaz, Rusiya KİV-lərində Azərbaycan əleyhinə onun geniş təbliğinə başlanması qənaətimizi daşlaşdırdı. Kremlin nəzarətində olan başqa bir milyarder-oliqarxın – Əlişir Usmanovun təsisçisi olduğu “Kommersant” qəzeti Rubendən böyük müsahibə alaraq, onu Azərbaycan dövləti əleyhinə, ərazi bütövlüyümüz əleyhinə hürdürdü.

Bu, sözsüz ki, hər şeydən öncə İlham Əliyevin Soçidə Qarabağla bağlı sərgilədiyi prinsipial mövqeyə, Putinin üzünə dediyi məlum sözlərə Rusiyanın verdiyi növbəti reaksiya idi. Azərbaycan Prezidenti Soçidə demişdi: “Qarabağ münaqişəsi artıq tarixdir. O, iki il əvvəl həll olunub. Ona görə də bu kontekstdə praktiki olaraq müzakirə ediləsi heç nə qalmayıb”.

330c597cd893936fa56497f0756e590c (1).jpg (102 KB)

İlham Əliyev heç şübhəsiz, bununla qarşı tərəfə birmənalı anlatdı ki, Qarabağda Moskvanın “dobrosu” ilə qurulan oyunların hamısından xəbərdardır. Yəni Bakının səbir kasası dolmaq üzrədir və belə davam edərsə, adekvat tədbirlər mütləq görüləcək.

Oyunlara gəlincə, guya separatçı anklavda çəpköz A.Beqlaryanı R.Vardanyanın əvəzləməsi nəyi dəyişəcəkdi ki? Kreml nədən əlüstü bu “rotasiyaya” getsin ki?

Əlbəttə, səbəb var.

Birincisi, Beqlaryandan fərqli olaraq, Vardanyan milyarderdir və çirkli pullarını da məhz Rusiyada qazanıb. Rusiya kimi ölkələrdə isə qanuni yolla bunca varlanmaq mümkünsüz bir iş. Qarabağdakı anklavın hələ ki, Rusiyanın nəzarətində olduğunu da Ruben əla bilir(di). Yoxsa Rusiya vətəndaşlığından imtina edib, Rusiyanın kontrolunda olan anklav əraziyə niyə gəlsin ki? Kimin qulağından əriştə asır Ruben və onun ipini əlində tutanlar?

Məsələ də ondadır ki, Artak Beqlaryan sırf separatçıların yetirdiyi “kadr”dısa, Ruben Vardanyan yüzdə-yüz Kremlə sadiq, ondan asılı adamıdır, zənciri bütünlüklə Putinin əlindədir.

1662189850_ruben-vardanyan-e1562792961160.jpg (54 KB)

Buna da şübhə-yox ki, Moskva Vardanyan layihəsi ilə, Qarabağa belə bir “desant” atmaqla, anklavda hansısa legitim “hökumət”in mövcud olduğu və hətta onun “üzvlərinin” vaxtaşırı dəyişdiyi haqda rəy yaratmaqla Azərbaycana “diş göstərir”, Bakıya təzyiq göstərmək niyyəti güdür. “Statusun” vacibliyinə işarə vurur.

Hədəf şəksiz ki, Bakını öz sülh müqaviləsi variantına razı salmaqdır. Harada ki, artıq bəllidir ki, bir ovuc erməni üçün gələcəkdə siyasi status nəzərdə tutub. Ona görə yox ki, Moskva nankor ermənilərdən ötrü əldən gedir, o səbəbə ki, Qarabağda, Azərbaycanda, bölgədə hərbi mövcudluğunu əbədiyyən sürdürsün.

Kremlin danışmanlarından sayılan ekspert, Rusiya Federasiyası Prezidenti yanında Elm və Təhsil Şurasının Rəyasət Heyətinin üzvü, Rusiya EA-nın Beynəlxalq İqtisadi Münasibətlər İnstitutunun direktoru Fyodor Voytolovski dünən erməni mediasına verdiyi müsahibə bu xüsusda Kremlin bütün “kartlarını” açıb.

Sitat: “ABŞ-ın bu məsələdə mövqeyi birmənalıdır - onlar Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tanıyırlar. Rusiya isə məsələdə daha çevik mövqe tutur. Yəni mən ABŞ və Rusiyanın Qarabağın Azərbaycan torpağı olması haqda eyni mövqeyə malik olması fikri ilə razı deyiləm. DQR-in statusu danışıqlar və Dağlıq Qarabağ ərazisində keçiriləcək referendum (! – Z.S.) yolu ilə həll edilməlibdir. Bu, ABŞ və Avropa İttifaqının mövqeyindən ciddi şəkildə fərqlənir”.

1623485663_qarab-16049132251.jpg (521 KB)

“Dağlıq Qarabağ”, “referendum”... Bu fantazyor deyəsən əməlli-başlı fil qulağında yatıb, dəftər-kitab oxumur. Yoxsa heç olmasa bilərdi ki, Azərbaycanda daha “Dağlıq Qarabağ” adında ərazi bölgüsü yoxdur, Qarabağ iqtisadi zonası var!

İndi “Vardanyan layihəsi”nin, qondarma “Qarabağ Rus icması” layihəsinin arxasında kimin durduğu bir daha aydın oldumu? Rusiya Qarabağdan çıxmamaq üçün bütün rıçaqları, hətta referendum keçirməyi belə hədəfləmiş kimi görünür – bilə-bilə ki, unitar Azərbaycan Respublikasının konstitusiyası buna əsla izn vermir...

Qəribə inadkarlıqdır. Biz 30 illik erməni işğalı dövründə separatçılara bu şansı tanımadıqsa, “Dəmir yumruq” öz işini görəndən sonra buna necə gedə bilərik görəsən? Beləcə, rəsmi Moskva bütün yazılı və yazılmayan qanunlara, götürdüyü şifahi-yazılı öhdəliklərə, o cümlədən V.Putinin imzası duran 22 fevral Moskva Bəyannaməsinə tüpürmək xətti götürüb.

Ancaq nə yaxşı ki, artıq Rusiyanın “qılıncının” heç qabağı da kəsmir. Demək, onun Qarabağdakı “sonuncu desantı” elə Vardanyan olacaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR