İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin Bakıya qarşı iflas olan “V planı” - Vardanyan “kaput”!

3548 25.02.2023 10:51 Siyasət A A

Rusiyanın “desantı” neytrallaşdırılsa da, zəhərli projeləri bitməyib; Moskva sülhə əngəl olmağa davam edəcək; İrəvan isə “X günü”nü gözləyir...

Azərbaycanın Ermənistana son xoşməramlı jestlərini də kapitulyant ölkənin rəhbərliyi tərs başa düşüb. Hətta özünü qalib ədası ilə apararaq (sanki 44 günlük müharibə heç olmayıb və 27 sentyabr 2020-ci ildə zaman rəsmi İrəvan üçün dayanıb!) Bakı ilə şərt dilində danışmağa çalışır. 

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində elədiyi çıxışı zamanı Laçın yolunun girişində, Zəngəzur dəhlizinin isə giriş-çıxışında nəzarət-buraxılış postları qurmağı rəsmən təklif eləmiş, Qarabağdakı erməni icması ilə dialoqu mümkün saymışdı - lakin Vardanyan kimi kənardan göndərilən biri ilə yox, yerli ermənilərlə.

Legitim, sırf beynəlxalq hüquqa söykənən hər iki xoş niyyətli təşəbbüsə İrəvan öz destruktiv yanaşmasını sərgiləyib. Xarici işlər naziri Ararat Mirzəyan nəzarət-buraxılış məntəqələri haqda təklifi 10 noyabr (2020) sənədinə istinad eləməklə (6-cı bənd) qəbuledilməz adlandırıb. “Orada Laçın dəhlizinin statusu ilə bağlı hər şey yazılıb” deyib (Sanki Ermənistan özü bu sənədin bütün bəndlərinin hərifbəhərif riayət edir. Bu günədək icra edilməmiş qalan 4-cü və 9-cu bəndləri yada salmaq yetər).

Mirzəyan habelə Bakının Qarabağdakı erməni icması ilə dialoq niyyətini sanki bizim zəifliyimiz kimi qəbul və təhrif edərək, hansısa “beynəlxalq mexanizm”dən dəm vurub. Bununla da İrəvanın ölkəmizə qarşı ərazi iddiasını növbəti dəfə və həyasızcasına ortaya qoyub.

Erməni rəsmisinin sayıqlamasına Azərbaycan XIN-i artıq arqumentli və kifayət qədər sərt tonda cavab verib.

Bir daha aydın olur ki, kapitulyant ölkənin hakimiyyəti yalnız özünə sərfəli sülhdə maraqlıdır və xəyallarla yaşayır. Hansısa “X günü”ndə regional və qlobal şərtlərin guya onun xeyrinə dəyişəcəyinə ümid bəsləyir. O sırada Ukrayna konfliktinin bitməsini gözləyir ki, özünü qalib tərəfin qucağına atsın. Həmçinin, Türkiyədəki prezident seçkilərində R.T.Ərdoğanın məğlubiyyətinə bel bağlayır. Ona qədər isə var gücü ilə Azərbaycanın 2-ci Qarabağ savaşındakı halal qələbəsini beynəlxalq miqyasda nüfuzdan salmaq və bu zəfərin siyasi, geosiyasi nəticələrini sıfılrlamaq üçün əlindən gələni eləməkdədir.

Babalı öz boyunlarına. Bəs bundan sonra nə olacaq?

Варданян ответил на требование Баку покинуть Нагорный Карабах — РБК

O olacaq ki, Bakı özünün sülh gündəliyini ənənəvi prinsipiallıqla irəli aparmağa davam edəcək. Əslində Azərbaycanın tələsməyə bir yeri yox. Qoy ermənilər narahat olsunlar və Bakının təkliflərini vaxtında ciddiyə alsınlar. Çünki uzağı, 2025-ci ildə Rusiya sülhməramlı qüvvələri Qarabağdan çıxacaq və Laçın yolu ilə bağlı Mirzəyanın indi istinad elədiyi 6-cı bənd qüvvədən düşmüş olacaq - Rusiya sülhməramlıları Qarabağdan getməli olacaq. O zaman biz həm bu yolu tam nəzarətə götürəcəyik - yolun girişində, Ermənistanla sərhəddə nəzarət-buraxılış postu da daxil olmaqla! Zəngəzur dəhlizi ilə bağlı bənd isə (9) müddətsizdir və maneəsiz hərəkəti nəzərdə tutur.

Bu mənada ermənilərin ağlı olsaydı, nəzarət məntəqələri ilə bağlı Bakının təklifi ilə əlüstü razı olardılar. Amma ola bilmirlər, çünki birincisi, Laçın yolu hələ də başqa bəd məqsədlər üçün istifadə eləmək niyyətindədirlər; ikincisi isə Rusiya sülhməramlılarının guya Qarabağda 5 ildən də çox qalacağını, yaxud onların beynəlxalq missiya ilə əvəzlənəcəyini zənn edirlər. Ermənistanda Avropa İttifaqının təzəcə işə başlayan 2 illik yarım-hərbi missiyasında bir hədəf də budur - belə bir missiyanın Qarabağda da yerləşməsinə nail olmaq. Ən pis halda, Rusiya ilə birgə.

Ancaq ermənilər yenə yanılırlar. 30 ildə yanıldıqları kimi. Ona görə ki, Azərbaycan bunların heç birinə icazə verməyəcək. Biz “banan ölkəsi” deyilik...

Sülh müqaviləsinin perspektivinə gəlincə, hələ ki, bu prosesə ən böyük maneə qismində Rusiya görünür, nəinki Qərb. Özünün “Rus icması” layihəsi, təxribatçı “Vardanyan projesi” ilə, imzalanacaq sülh müqaviləsinin mətninə əlavə eləmək istədiyi “Dağlıq Qarabağın statusu sonrakı nəsillərə saxlanılır” provokasion bəndi ilə və s.

Lakin Kremlin “V(ardanyan) planı” artıq iflas sayıla bilər. Xüsusi qeyd edək: bu, lap əvvəldən Azərbaycan Prezidentinin sərt tələbi idi ki, Rusiyadan təlimatla göndərilən Vardanyanla heç bir danışıq olmayacaq və o, Qarabağı tərk eləməlidir. Yəni dövlətimizin iradəsinin təntənəsi. Erməni mediası da yazıb ki, Vardanyanın getməsi Bakının Laçın dəhlizinin açılması və Dağlıq Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələsi ilə bağlı Xankəndi ilə danışıqlara başlaması üçün şərtlərdən biri olub.

Kreml: Moskva İrəvana və Bakıdan cavab gözləyir - AÇIQLAMA

Hərçənd olayı izafi böyütməyə lüzum yox, çünki bir separatçının yerinə digəri gəlib, ərazimizdə oyuncaq qurumun “dövlətcik” oyunu davam edir. Üstəlik, Vardanyan “istefa”dan sonra bəyan edib ki, Qarabağı tərk eləməyə hazırlaşmır. Demək, onun Azərbaycan əleyhinə yeni təxribatları, o sırada mədənlərimizin qanunsuz istismarı davam edə bilər. Təbii ki, Moskvanın, sülhməramlı kontingentin “dobro”su ilə. Odur ki, bizim onun ağası ilə - Rusiya ilə hələ işimiz çox olacaq. Bu da növbəti sübut.

Rusiyalı politoloq Vladimir Lepexin deyib ki, Rusiya Vardanyanın oyundan tam çıxarılmasını istəmir: “Ona görə də Moskva şəxsən ona müəyyən dəstək verəcək, heç olmasa, onu kənar təsirlərdən qoruyacaq”, - deyə qeyd edib.

Deməli, bir daha Bakı öz sərt üzünü göstərməli olacaq.

Zaur Məmmədov: Azərbaycanın növbəti peykinin orbitə buraxılması ölkəmizə  mühüm üstünlüklər verəcək - AZƏRTAC

Zaur Məmmədov 

Politoloq Zaur Məmmədov isə hesab edir ki, Vardanyanın getməsi Azərbaycanın Qarabağdakı ermənilərlə danışıqlara start verməsi demək olacaq.  “Vardanyana qədər bir neçə dəfə müəyyən cəhdlər və dialoq olub - Sərsəng su anbarı ilə bağlı və s. Ruben Vardanyanın gəlişi vəziyyəti gərginləşdirmişdi. Amma o da nəzərə alınmalıdır ki, onun Qarabağ separatçılarına təsir və təzyiq imkanları bir çox hallarda Nikol Paşinyandan daha çoxdur. Ona görə də müxtəlif təxribatların baş tutması mövzu predmeti ola bilər. Vardanyanın gedişi çox vacib idi. Lakin onun gedişi o demək deyil ki, hər şey çox asanlıqla baş tutacaq, müəyyən təxribatçı qüvvələr yenə də həm Xankəndidə, həm Ermənistanda, həm də regiondan kənarda öz fəaliyyətlərini davam etdirirlər”, - politoloq vurğulayıb.

Onu da unutmaq olmaz ki, “Vardanyan layihəsinin” iflası birbaşa Rusiyanın fiaskosudur və Moskva bunu hansısa şəkildə kompensasiya eləməyə çalışacaq. Nə ilə? Bir azdan görəcəyik...   

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR