İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin anladığı vətənpərvərlik...

619 31.01.2023 12:42 Yazarlar A A

Yox, dərhal “Vətənpərvərlik siyasi fırıldaqçıların son sığınacağıdır” deməyəcəm. Birinci, ona görə ki, əslində heç də belə deyil və bu, məsələyə primitiv yanaşma olardı, çünki vətənpərvərlik cəmiyyətləri ayaq üstündə saxlayan təməl, dayaq, sütun dəyərlərdən biridir.

Bəli, əgər o, olmasaydı, onda ayrı-ayrı ölkələr-dövlətlər də olmazdı, ayrı-ayrı xalqlar, millətlər yer üzündən tamam silinib gedərdi, yalnız ən güclülər qalardı.  

İkincisi, vətənpərvərlik bir az irrasional anlayışdır, onu formal məntiq çərçivələrinə sığışdırmaq elə də asan məsələ deyil. Baxırsan ki, insan öz vətənində elə də xoşbəxt, hətta rahat deyil, amma buna baxmayraq o, çətin anlarda düşünmədən vətəninin müdafiəsinə qalxır...

Tarix çox belə misallar bilir. Məsələn, böyük Napoleon Bonapart belə axıra qədər anlaya bilmədi ki, niyə görə ruslar onu gül-çiçəklə qarşılamadı, niyə görə onlar yandırılmış Moskvanı ona hədiyyə qoyub getdilər? Bəli, Napoleon rus çarlarından daha mütərəqqi adam idi. O, ruslara azadlıqlar vəd edir, Rusiyadakı spesifik quldarlığa son qoyacağını, təhkimçilik hüququnu ləğv edəcəyini deyirdi. Amma bütün bunlara rəğmən ruslar onu qəbul etmədi. Düzdür, sonradan bonapartizm rus tarixində özünü göstərdi və rus hərbi-siyasi elitası onların çarı fransızların konstitusiyasına toxunmayacağını vəd edəndə, Avropanın gözündə özünü mütərəqqi çar kimi göstərməyə çalışanda, bundan bərk incimişdi və bu incikliyin də təzahürü məşhur Dekabristlər üsyanı oldu.

Daha sonra oxşar hissləri alman faşistləri də yaşadı. Elə onlar da düşünürdü ki, 37-ci ilin repressiyasından, kollektivləşmədən keçmiş, kommunist-ateist dövlətindən cana doymuş ruslar Vermaxtın qoşunlarını gül-çiçəklə qarşılayacaq. Amma bu dəfə də belə olmadı - hətta dindar ruslar belə digər həmvətənliləri ilə birlikdə Rusiyanın və SSRİ-nin müdafiəsinə qalxdılar, almanlara qarşı vuruşdular...

Bütün bunları niyə deyirik? Bilirsiniz, tarix ondan ötrüdür ki, ondan ibrət götürəsən, ondan nəticə çıxarasan. Amma indiki ruslar, xüsusən də onların siyasi-hərbi elitası, necə deyərlər, Kreml əhli bunu etmir, əksinə, onlar da düşünür ki, ukraynalılar onları atəşfəşanlıqla qarşılamalı idilər!

Beləcə, sağlam məntiqi tamam itirmiş ruslar Ukrayna döyüşçülərini “millətçi”lər, “boyevik”lər, “neofaşist”lər adlandırır. Halbuki öz tarixlərinə görə, gərək onlar özləri vaxtilə Napoleonu, daha sonra Hitleri alqışlarla qarşılayaydılar!.. 

Amma bir daha deyirik ki, belə olmamışdı, bunun əksi olmuşdu. O ki qaldı Ukraynaya və ukraynalılara, ruslar buranı Malorossiya adlandıra, qədim Kiyev rus dövlətindən dəm vura, ruslarla ukraynalıların çoxəsrlik “vəhdət”indən danışa bilərlər, amma Ukraynanın bütün tarixi demək olar ki, Rusiyaya qarşı müqavimət tarixidir.

Düzdür, ukraynalıların digər xalqlarla və dövlətlərlə də problemləri olubdur. Burada Polşanın adını çəkmək olar və əgər yaddaşımız bizi aldatmırsa, bunu N.Qoqol özünün “Taras Bulba” əsərində gözəl təsvir edib.

Amma polyaklar ruslardan fərqli olaraq tarixdən nəticə çıxarıblar, indi Polşa Ukraynanın müstəqilliyinə ən çox dəstək verən ölkələrdən biridir.

İnanın, polyakların ukraynalılara və belaruslara necə bir sevgi ilə yanaşdıqlarını öz gözlərimizlə görmüşük, baxmayaraq ki, Ukraynanın və Belarusun torpaqlarının böyük bir hissəsi qədim Polşa ərazilərdir. Amma Varşavanın Kiyevə və Minskə qarşı hər hansı ərazi iddiası yoxdur...

Kreml əhlini “başa düşmək” olar. Onlara cəmiyyətlərinin dəstəyi lazımdır ki, Ukraynada müharibələrini apara bilsinlər. Prezident Vladimir Putin ikinci böyük səfərbərliyi elan edəndə ruslar bu dəstəyi göstərmədilər ona, minlərlə rus ölkəni tərk etdi, çünki onlar Ukraynaya qarşı vuruşmaq istəmirlər. İndi hökumət üçüncü hərbi səfərbərlikdən danışır, amma qorxa-qorxa, ehtiyatla, çünki bilir ki, bu dəfə etiraz edən insanların sayı daha çox olacaq...

Qarşıdan isə fevral gəlir. Xüsusi hərbi əməliyyatların, daha doğrusu isə, Ukraynaya qarşı total müharibənin biri ili tamam olur. Amma ruslar bu bir ildə Ukraynanı qətiyyən ram edə bilmədilər, çünki azadlığa can atan ölkə rusları gül-çiçəklə qarşılamadı - bir vaxtlar ruslar özləri Hapoleonu, Hitleri qarşılamadıqları kimi...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR