İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlə qarşı sanksiyalar bumeranq effekti verir: Avropa Birliyi də “Rusiya tələ”sinə düşür

3181 06.04.2022 19:25 Analitika A A

Rusiya əleyhinə sanksiyalar Qərb ölkələrinə də sarsıdıcı zərbələr vurmaqdadır və bəzi Avropa Birliyi dövlətləri artıq buna tab gətirməkdə açıq-aşkar çətinlik çəkirlər; Əgər, Almaniya və Fransa Rusiya enerji resurslarından asılılığın yaratdığı təzyiqlərə duruş gətirə bilməzsə, yaxın vaxtlarda Kreml əleyhinə beynəlxalq koalisiyanın parçalanması da qaçılmaz ola bilər...

Ukrayna savaşı Rusiya əleyhinə beynəlxalq koalisiyanın yaranmasına səbəb olmuşdu. ABŞ və Avropa Birliyi arasında olan bütün ziddiyyətlər arxa plana keçirilmişdi. Və Kremlin gözləmədiyi səviyyədə Rusiya ilə mübarizəyə qərar vermiş beynəlxalq düşərgə yaradılmışdı.

Onu da qeyd edək ki, Rusiyaya qarşı belə beynəlxalq birliyin mövcudluğu həm ABŞ, həm də bəzi Qərb dövlətləri tərəfindən xüsusi məmnuniyyətlə qabardılmaqdaydı. Xüsusilə də, ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson Kremlin Qərb dövlətləri arasında parçalanma yarada bilmədiyini dəfələrlə vurğulayıblar. Və Rusiyaya qarşı beynəlxalq koalisiya ABŞ-ın ətrafında formalaşdığından, bu, Ağ Evin Kreml ilə qarşıdurmasında əsas nailiyyət hesab olunur.

Ancaq ABŞ-ın Rusiya əleyhinə qurduğu beynəlxalq koalisiyanın möhkəm olduğuna əmin olmaq bir qədər çətindir. Hər halda, son vaxtlar baş verən hadisələr tamamilə fərqli təsəvvürlərə də əsas verir. Yəni, bu koalissiyanın hansısa mərhələdə dağıla biləcəyi qətiyyən istisna deyil.

orban.jpg (162 KB)

Məsələ ondadır ki, son vaxtlar Rusiya əleyhinə beynəlxalq koalissiyada “çatların əmələ gəldiyi” müşahidə olunur. Birincisi, Macarıstan Rusiyaya qarşı mübarizədə iştirak etməyə o qədər də həvəsli deyil. Belə ki, Macarıstanın baş naziri Viktor Orban ölkəsinin Rusiya ilə qarşıdurmada heç bir halda, iştirak etməyəcəyini açıq mətnlə vurğulayır. Macar baş nazir əvvəlcə bəyan etmişdi ki, Ukraynaya silah-sursat dəstəyi verməyəəcək və bunu edən ölkələr üçün də öz sərhədlərini açmayacaq.

Təbii ki, Macarıstan baş nazirinin bu mövqeyi ABŞ və bəzi Qərb siyasi dairələrində qəzəblə qarşılanmaqdaydı. Hətta Ağ Evin birbaşa təlimatları ilə ABŞ-ın “Soros” Fonduna başlı Macarıstan müxalifəti bu ölkədə hakimiyyət dəyişikliyi üçün hərəkətə gətirilmişdi. Və ABŞ hakimiyyət dəyişikliyindən sonra Macarıstanın Ağ Evin təlimatlarına daha həssas yanaşacağına ümid bəsləyirdi.

Ancaq Ağ Evin bu ümidləri özünün doğrultmadı. Baş nazir V.Orbanın rəhbərlik etdiyi siyasi qüvvələr “sorosçu” müxalifət düşərgəsinə əzici üstünlüklə qalib gəldi. Hakimiyyətini qorumağı bacarmış baş nazir V.Orban qazandığı parlaq siyasi qələbənin Macarıstanı kənardan idarə etmək istəyənlərə xalqın verdiyi qətiyyətli cavab olduğunu vurğuladı: “Seçkilərdə elə üstünlüklə qalib gəldik ki, hətta Marsdan baxsalar belə, görə bilərlər. Yəqin ki, Brüsseldə və Macarıstanı öz maraqlarına alət etmək istəyən digər paytaxtlarda da bunu görürlər. Onlar anlamalıdırlar ki, biz rus deyilik. Eyni zamanda biz ukraynalı da deyilik. Biz macarıq və yalnız Macarıstanın milli maraqlarını qoruyuruq”.

Digər tərəfdən, Macarıstan bir neçə Şərqi Avropa dövləti ilə birlikdə Rusiya əleyhinə sanksiyalara qoşulmaqdan da imtina edib. İndi baş nazir V.Orban bəyan edib ki, Macarıstan enerji resurslarını belə, Rusiya hansı valyutada satırsa, həmin valyutada alacaq. Nəhayət, baş nazir V.Orban Rusiya ilə sülh danışıqları prosesində də iştirak etmək qərarı verib.

Maraqlıdır ki, baş nazir V.Orban Rusiya prezidenti Vladimir Putini Ukrayna, Fransa və Almaniya liderlərinin də iştirakı ilə Macarıstanda keçirilə biləcək sülh danışıqlarına dəvət etdiyini bildirib: “Prezident V.Putin bu dəvəti qəbul edib. Ancaq prezident V.Putinin də öz şərtləri var. Əgər, həmin şərtlər qəbul edilərsə, sülh danışıqları baş tuta bilər”.

scholz-macron-putin-1786358_2.jpg (35 KB)

Göründüyü kimi, ABŞ-ın qurduğu Rusiya əleyhinə koalisiyada müəyyən çatlar, hətta parçalanma meyilləri müşahidə olunur. Hətta Ukrayna belə, Macarıstanda keçiriləcək sülh danışıqlarında iştirakdan imtina etmək niyyətində deyil. Eyni zamanda, vaxtaşırı Rusiya əleyhinə müxtəlif bəyanatlar versələr də, əslində, Almaniya və Fransa da Kremllə anlaşmağa can atır.

Məsələ ondadır ki, Almaniya demək olar, tamamilə Rusiya enerji rusurslarından asılı vəziyyətdədir. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ucbatından Almaniyada enerji resurslarının qiyməti bahalaşmağa başlayıb. Ona görə də, son vaxtlar Almaniya cəmiyyətində federal hökumətə qarşı ciddi etiraz dalğasının baş qaldırdığı da çüşahidə edilir. Bu təhlükədən yayınmaq üçün Almaniya Avropa Birliyindən Rusiyaya qarşı yeni sanksiyalar paketinə enerji resursları sahəsini salmamağı tələb edir.

Onu da qeyd edək ki, hazırda Fransa da Almaniyanın bu mövqeyini eyni israrla müdafiə edir. Prezident Emmanuel Makron açıq-aşkar sürüşkən “Rusiya siyasəti” ilə diqqəti çəkir. O, hərdən Kremli sərt tənqid etsə də, tez-tez Rusiya prezidentinə zəng edir. Prezident V.Putinlə enerji resurslarının dollarla satılmasında anlaşmağa çalışır. Və bu, Rusiyanın beynəlxalq rəqibləri arasında parçalanma şansı qazanmaq baxımından, Kreml üçün olduqca sərfəlidir.

Belə anlaşılır ki, Avropa Birliyinin iki önəmli dövləti – Almaniya və Fransa öz davranışları ilə bütövlükdə ABŞ-ın Rusiyaya qarşı yaratdığı beynəlxalq koalisiyanın gələcək fəaliyyətini ciddi təhlükə altında buraxmağa başlayıb. Əgər, Almaniya və Fransa Rusiya enerji resursları qarşısındakı asılılığın yaratdığı təzyiqlərə tab gətirə bilməzsə, yaxın vaxtlarda beynəlxalq koalisiyanın parçalanması da qaçılmaz olacaq. Və bu halda, Rusiyanın tədricən Avropa Birliyinə təzyiqlərini artırmaq şansları artmağa başlayacaq.

59ccd203f93033ad15819b1dd60c3a15.jpg (332 KB)

Bəzi məlumatlara görə, Ukrayna savaşı başlandıqdan sonrakı mərhələdə Rusiya dünya bazarına 50 milyard dollara yaxın dəyərdə enerji resursları çıxarıb. Əsas alıcılar isə məhz Rusiyaya qarşı sanksiyalar tətbiq etmiş Avropa Birliyi ölkələri olub. Bu, Ağ Evdə ciddi narazılıq doğurub və ABŞ Avropa Birliyi ölkələrinə siyasi təzyiqləri gücləndirib.

Ancaq Ağ Evin Avropa Birliyi ölkələrinə siyasi təzyiqlərlə real nəticələr əldə edəcəyi də artıq o qədər də inandırıcı görünmür. Belə ki, Rusiya enerji resurslarının əsas alıcısı olan Avropa Birıiyi ölkələri ABŞ qarşısına iki alternativ arqument çıxartmağa çalışırlar. Birinci arqument ondan ibarətdir ki, Avropa Birliyi dövlətləri üçün Rusiya enerji resurslarından imtina baxımından, alternativ qaynaq mövcud deyil. Və yaxın bir neçə ildə belə bir yeni qaynağın yaradılması da mümkün olmayacaq.

Digər arqument isə Avropa Birliyi ölkələrindən Rusiya enerji resurslarından imtina olunmasını tələb edən ABŞ-ın davranışları ilə bağlıdır. Belə ki, məlum olub ki, son bir neçə həftə ərzində, nə qədər qəribə olsa da, ABŞ-ın özü də Rusiyadan neft alışını rekord həcmdə artırıb. İndi ABŞ-ın bu məsələ ilə bağlı sərt təzyiqlərinə məruz qalan Avropa Birliyi ölkələri də Ağ Evdən Rusiya neftinin idxalını artırmasına izahat verilməsini tələb edirlər.

Bütün bunları nəzərə aldıqda, ABŞ və Qərbin də tədricən Rusiyaya qurulan “tələ”yə düşməkdə olduğu müşahidə edilir. Rusiya əleyhinə sanksiyalar Qərb ölkələrinə də ağır zərbələr vurmaqdadır. Bəzi ölkələrin bu zərbələrə tab gətirə bilməməsi Rusiya əleyhinə koalisiyada çatlar yaradaraq, hətta onun parçalanması ilə bağlı təhlükəni ciddiləşdirir. Və bu, Qərb ölkələrini də yaxın aylarda Rusiyaya tətbiq olunan sanksiyaların girovuna çevirə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR