İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən nüvə təhdidi - qadağa sazişindən çıxmağın anlamı...

559 19.10.2023 08:13 Siyasət A A

Bu addım Rusiyanın bir müddət səngiyən nüvə şantajının yeni mərhələyə qədəm qoymasından xəbər verir; hərbi analitik: “Şantaja oxşar addımlar atırlar - müqavilədən çıxmırlar, amma fəaliyyəti dayandırırlar”

Rusiya Dövlət Duması Rusiya Federasiyasının Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasının geri çağırılması haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Bu barədə oktyabrın 18-də dumanın plenar iclasında qərar qəbul olunub.

“Yeni Müsavat” bildirir ki, sözügedən sənəd dumanın spikeri Vyaçeslav Volodinin göstərişi ilə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin iclasında hazırlanıb və oktyabrın 13-də Dövlət Dumasına təqdim edilib. Layihədə “Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilənin ratifikasiyası haqqında” qanunun birinci maddəsinin ləğv edilməsi təklif edilir.

Rusiya 2000-ci ildə Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini ratifikasiya edib. Bəzi ölkələr, o cümlədən ABŞ və Çin hələ də sənədi ratifikasiya etməyib. Eyni zamanda nüvə silahına malik olan dövlətlər belə sınaqlar keçirməmək üçün könüllü öhdəliklər götürüblər. “Vaşinqton nəhayət başa düşməlidir ki, onların hegemonluğu yaxşı heç nəyə gətirib çıxarmır. Qarşılıqlı hörmət, ikili standartların olmaması, suveren dövlətlərin işlərinə qarışmamaq prinsipləri əsasında dialoqa ehtiyac var.

Rusiya Federasiyası vətəndaşlarını qorumaq və qlobal strateji paritetin qorunub saxlanmasını təmin etmək üçün hər şeyi edəcək", - deyə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin məlum qanun layihəsi ilə bağlı “Telegram” kanalında yazıb. Ukrayna-Rusiya müharibəsi başlayandan indiyədək Rusiya bir neçə dəfə dünyanı nüvə silahı ilə təhdid edib. Eyni zamanda Qərb də buna dərhal adekvat cavab veriləcəyini dolayı və bəzən açıq şəkildə bildirib. Faktiki olaraq son iki ildə atom təhlükəsi dünyanı təhdid edir. Rusiyanın son qərarı isə bu təhlükəni daha da artırmış olurmu? Bu, nüvə silahı tətbiqinə hazırlıq kimi qiymətləndirilə bilərmi?

Bu mövzuda Azpolitika.info yazır ki, bu addım Kremlin göstərişi əsasında atılıb və Rusiyanın bir müddət səngiyən nüvə şantajının yeni mərhələyə qədəm qoymasından xəbər verir. Xatırladaq ki, müharibənin ilk günlərindən Putin qəzəbli şəkildə Qərbi “qarışacağı halda” nüvə zərbəsi ilə açıq şəkildə təhdid etdi. Buna baxmayaraq, Qərb “qarışdı” və artıq Ukraynaya nüvə silahından başqa hər şey verməyə razılaşıb. Bunun ardınca, Dmitri Medvedyev dəfələrlə özünəməxsus, eybəcər ədalarla dünyanı nüvə apokalipsisi ilə təhdid etməyə başladı. Son olaraq, iyul ayında Medvedyev bildirdi ki, əgər Ukraynanın əks-hücumu uğurlu alınsa və Ukrayna qoşunları Rusiya ərazilərinə (?) daxil olsa, Kreml nüvə silahından istifadə edəcək. Ancaq onun “Rusiya ərazisi” deyərkən, artıq Rusiyanın öz konstitusiyası əsasında bu ölkənin ərazisi hesab etdiyi Ukraynanın işğal olunmuş torpaqlarını da nəzərdə tutub-tutmadığı bəlli deyil. Hər halda, həmin bəyanatdan sonra Ukrayna qoşunları bir neçə yaşayış məntəqəsini azad edib, lakin Rusiya buna görə nüvə silahına əl atmayıb. Medvedyevin “əqidə yoldaşı” Marqarita Simonyan Rusiyanı Sibirdə nüvə sınağı keçirərək, yəni nüvə partlayışı törədərək, “Qərbi qorxutmağa” çağırdı. Rusiya nüvə sınaqlarından imtina barədə sazişdən çıxsa da, Qərb dövlətləri sınaqlara birinci başlamasalar, özünün heç bir nüvə sınağı keçirməyəcəyinə dair vədlər verir. Lakin dünyada Moskvanın sözünə inananlar çoxdurmu?

Azad İsazadə: Müharibə iştirakçılarının əsas şikayəti belədir: "Bizi  dinləmək istəmirlər"

 Azad İsazadə

Hərbi ekspert Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyanın nüvə silahından istifadə etmək təhlükəsi həmişə var, amma indisə nisbətən aşağıdır. Hərbi analitikin fikrincə, ötən il nüvə silahından istifadə ehtimalı daha yüksək idi: “Hazırda Rusiya yeni nüvə silahlarını yoxlamaq konvensiyasından çıxmır, amma oradakı fəaliyyətini dayandırır. Maraqlı məqam odur ki, SSRİ vaxtilə bu müqaviləni ratifikasiya edib, ABŞ isə qol çəkib, amma ratifikasiya etməyib. Rusiya isə indi hoqqa çıxarıb ki, biz müqavilədən çıxmırıq, sadəcə, onun ratifikasiyasını dayandırırıq. Yəni sabah ABŞ nüvə təlimlərinə başlasa, yaxud hansısa qaydaları pozsa, biz də edəcəyik. Buna güzgülü cavab deyilir. Bir növ nüvə silahı ilə şantaj kimi qiymətləndirmək də olar. Sadəcə, ABŞ çoxdandır ki, nüvə silahı təlimini keçirmir, Rusiya da heç keçirmir. Ona görə ziddiyyətli, şantaja oxşar addımlar atırlar - müqavilədən çıxmırlar, amma fəaliyyəti dayandırırlar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR