İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldə saray çevrilişi ola bilərmi?

570 09.06.2023 08:25 Siyasət A A

İlk dəfə Rusiya liderinə öz ölkəsində rəsmi tənqidlər yağdırılıb, iqtidar deputatı məqsədə çata bilmədiklərini deyib; “Putindən hesab soranların sayı artır...” - analitik

Rusiya parlamentindəki hakim Vahid Rusiya Partiyasının deputatı Konstantin Zatulin iqtidarı qınayıb. Zatulin deyib ki, Putin Ukraynaya hərbi müdaxiləyə başlayarkən bəyan etdiyi məqsədlərin heç biri indiyədək yerinə yetirilməyib. O, bugünkü nöqtəyə çatan müharibənin Rusiyanın özü üçün yeni risklər daşıdığını da qeyd edib:

“Prezident Putin Ukrayna əməliyyatına başlayarkən Ukraynanın nasistlərdən təmizlənməsini, Ukraynanın tərk-silah edilməsini, Ukraynanın neytrallığını və Donbas bölgəsində yaşayan rus əhalisinin təhlükəsizliyini hədəfləmişdi. Gördüyümüz kimi, bu bəndlərin heç biri həyata keçirilməyib. İndi içində olduğumuz proses qardaş və bacı hesab etdiyimiz rus və Ukrayna xalqlarını dərhal düşmən etməyə xidmət edir. Təəssüflə etiraf etməliyik ki, biz pis bir dairəyə daxil olmuşuq. Bu, Rusiyanın təhlükəsizliyinə yeni təhdidlər yaradır”.

Bu sayaq açıqlamaları Kreml daxilində həm də Qərb kəşfiyyatının təsirləri ilə dövlət çevrilişinə hazırlıq kimi qiymətləndirmək olarmı? Putinin devrilməsi versiyası nə dərəcədə inandırıcıdır?

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Kreml sahibi Vladimir Putin Rusiya cəmiyyətini inandırmışdı ki, “böyük Rusiya” yaratmaq məqsədilə Krımı ələ keçirib və Ukraynanın şərqini Rusiyaya birləşdirmək istəyir: “Putinin ətrafı və cəmiyyətin əksər hissəsi ona dəstək verdi, düşünürdülər ki, Rusiya ordusu bir neçə həftəyə məsələni həll edəcək və ordu qələbəylə geri qayıdacaq. Həmin tarixdən 15 ay keçib, qələbə əvəzinə Rusiya 200 mindən çox hərbçisini və böyük sayda hərbi texnikasını itirib, iqtisadiyyatı zəifləyib, inflyasiya dərinləşib, Avropaya neft və qaz sata bilmir, üstəgəl müharibə Rusiya ərazisinə keçib. Ona görə də Putindən hesab sormaq istəyənlərin sayı artmağa başlayıb. Putinin dostu Priqojinə Dövlət Dumasının deputatı və hakim partiyanın üzvü Konstantin Zatulin də qoşulub. Zatulin müharibənin Rusiyaya zərər verdiyini etiraf edib. Mövcud vəziyyətin Rusiyanın əleyhinə olduğu aşkardır, başlarını itirdiklərindən insanların və təbiətin fəalakətinə səbəb olan böyük hidroelektrik stansiyasını raket zərbəsiylə dağıdıblar”.

Analitik hesab edir ki, Rusiya 100 ildən sonra ikinci dəfə vətəndaş müharibəsi ilə üzləşib: “100 il əvvəl Rusiya imperiyasının dağıntıları üzərində qırmızılar ağlarla savaşırdılar. Bugünlərdə Ukraynadan Rusiya ərazisinə keçən və özlərini ”Rusiya könüllü korpusunun" döyüşçüləri adlandıran silahlı birliklər Belqorod şəhərinin ətrafındakı müxtəlif məntəqələri ələ keçiriblər. Rusiya ordusu rus könüllüləri qəsəbədən sıxışdırıb çıxara bilməyib. Başqa sözlə, ruslar ruslarla savaşırlar. Rusiya hazırda iki cəbhədə savaşmaq məcburiyyətində qalıb, Ukraynada müharibəni davam etdirərərkən, öz ərazisində də hərbi əməliyyatları genişləndirmək məcburiyyətindədir".

Elxan Şahinoğlu: “Gərək azərbaycanlı nazir orda olardı ki...”

Elxan Şahinoğlu

Bununla belə, E.Şahinoğlu o qənaətdədir ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi şiddətinə görə heç bir sərhəd tanımır: “Rusiya insanların və təbiətin fəlakətinə səbəb olan böyük hidroelektrik stansiyasını raket zərbəsilə dağıdırsa və bu zaman özününkülər də əziyyət çəkirsə, Kreml Ukrayna ordusunun əks-həmləsinin qarşısını almaq məqsədilə başqa təxribatlara da əl ata bilər. Bunlardan birini Rusiyanın ”Vaqner" muzdlu qruplaşmasının rəhbəri Yevgeniy Priqojin səsləndirib. Onun fikrincə, Rusiya hərbçiləri Belqorod vilayətinə nüvə bombası ata bilər. Kreml Rusiya ərazisinə nüvə silahı niyə atsın ki? Priqojin bu sualı bu şəkildə cavablandırıb: “Rusiya öz ərazisinə nüvə bombası ataraq Belqoroda doğru geri çəkildiyimiz təəssüratını yaratmaq istəyəcək”. Priqojin bu cavaba ironik əlavəsini də unutmayıb: “Özümüzə atsaq, ruhi xəstə olduğumuzu göstərəcəyik”. Putin bu ağılda olan şəxsə muzdlu qruplaşma yaratmağı və savaşın ön sıralarında qərar tutmağı necə həvalə edib? Ancaq Putinin digər dostu və Rusiyanın eks-prezidenti Dmitri Medvedyevin daha məntiqsiz açıqlamalar verdiyini nəzərə aldıqda Kremldəkilərin çoxunun düşüncə tərzinin oxşar olduğu qənaətinə gəlmək mümkündür".

Günaydın Azərbaycan : Azad Məsiyevin ABŞ-ın son qətnaməsi ilə bağlı  fikirləri

Azad Məsiyev

Siyasi şərhçi Azad Məsiyevin sözlərinə görə, Kaxovkadakı SES-in partladılmasının kimin marağına uyğun olmasına baxmaq lazımdır. “Əvvəla, Rusiya Xersondan çəkilmək istəmir və belə də həmin strateji obyekt onun gələcək iqtisadi maraqlarına xidmət edir. Üstəlik, stansiyanın partladılması nəticəsində rusların hərbi hissələri suyun altında qalıb. Bu faktlar göstərir ki, Rusiya partlayışda maraqlı tərəf deyil. Ukrayna isə arqument gətirir ki, Rusiya əks-hücumun qarşısını almaq üçün bu partlayışı törədib. Məgər əks-hücum təkcə Xerson istiqamətindədirmi? Axı müxtəlif cəbhələrdə bu hücumlar var. Ona görə rəsmi Kiyevdən açıqlanan bu səbəbin məntiqi görünmür. Sadəcə, baş verən hadisə ilə Qərb koalisiyası psixoloji müharibəni aktivləşdirdi”, - deyə ekspert belə təhlil edir. Onun fikrincə, dünya mediasında Rusiya yenidən ittiham olunmağa başladı: “Artıq məsələ Birləşmiş Ştatların gündəliyinə salınıb. Beləliklə, kollektiv Qərb psixoloji müharibəni gücləndirdi. Xatırladım ki, Ukrayna hərbi qüvvələri S-300 raketi ilə Polşa ərazisini vurmuşdu. Həmin vaxt Rusiyanı ittiham etməyə başladılar. Sonra dəqiqləşdi ki, Kiyevin aksiyası olub. Sadəcə, Rusiyanın üzərinə qoyulması ilə NATO münaqişəyə cəlb oluna bilərdi deyə geri çəkildilər. Ona görə də bu gün baş verənlər növbəti psixoloji müharibədir və Qərbin törətdiyi təxribatdır. Burada əsas hədəf Rusiyanı ittiham etməklə yanaşı yeni sanksiyaların tətbiqinə nail olmaqdır. Kəsəsi, bu gedişlə münaqişənin dayanması yaxın perspektivdə görünmür. Çünki Ukraynanı müdafiə edən müttəfiqləri bunda maraqlı deyil”.

Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma Ermənistanda türk  görmək istəmirlər”

 Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədova Kremldə saray çevrilişini hazırkı mərhələdə istisna edir, lakin post-Putin dövrünə hazırlığın çoxdan başladığını düşünür. Onun sözlərinə görə, bu hazırlıq təkcə Qərbdə deyil, artıq Rusiyanın Federal Təhlükəsizlik Xidmətində, generallar içərisində, Kremldəki ayrı-ayrı siyasi klanlar arasında başlanıb: “Hətta Patruşev və Narışkinin vəziyyətdən narazı olduqlarını sezməmək mümkün deyil. Onlar ilk vaxtdan bunun əleyhinə idilər. Məsələ o deyil ki, Rusiya Ukraynada 100 min kvadrat kilometrdən çox ərazi işğal etməyə müvəffəq olub, məsələ bu ölkənin izqoy vəziyyətinə salınmasıdır. Dünyanın nəhəng bir supergücü olan ölkənin Maliyyə Nazirliyi təsdiqləyir ki, neft-qaz satışı 50 faiz azalıb. Ölkə təcrid olunub - konfranslardan, görüşlərdən, yarışlardan, beynəlxalq aləm ona qarşı birləşib, sanksiyalar altına düşən ölkəyə çevrilib... Və Rusiyanın hakim elitasında düşünən beyinlər özlərinə ritorik sual verirlər - bizə bu lazım idi? Axı qarşılığı nədir? Zatulin dediyi kimi, Ukrayna NATO üzvlüyü istəyindən geri çəkilməyib, Stoltenberq deyir ki, üzv ölkələr Kiyevin qoşulmasına razılaşırlar, demilitarizasiya olmadı, Ordu daha da silahlanır, Donbasın tamamilə tutulması mümkün görünmür, Rusiya hələ neçə il də vuruşmalıdır. Ona görə Kremldə baş qaldıranlar var. Ancaq Putin iradəli liderdir və tezliklə onun devriləcəyinə inanmaq üçün gərək sadəlövh olasan. Amma proses başlanıb və Rusiya prezidenti ölkəsini uğursuz müharibəyə düçar etməklə özünü bitirməkdədir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR