İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Vardanyandan əlini üzür, yoxsa öz marionetinin ipini uzadır?

1476 24.12.2022 12:23 Yazarlar A A

Rəsmi Bakı erməni oliqarx-dələduz Ruben Vardanyan haqda son sözünü dedi, “möhürünü” də basdı. Xarici işlər naziri Ceyhun Bayramov dünən açıq mətnlə bəyan elədi ki, bu zat Qarabağdan rədd olub getməlidir. Onu da vurğuladı ki, nə qədər tez cəhənnəm olsa, bir o qədər ordakı erməni əhali üçün yaxşı olar. Yəni Bakı mesajı həm də Azərbaycan vətəndaşları olan dinc ermənilərə ünvanladı ki, getməsə, bu çaqqalı özləri qovsunlar.


Özü də nazir bunu ilk dəfə Moskvada, rusiyalı həmkarı Sergey Lavrovun yanında, birgə mətbuat konfransında söylədi. Həm də rusca, Rubenin yaxşı anladığı bir dildə izhar elədi. Yəni ermənicəyə tərcüməyə lüzum yox!

Az öncə Azərbaycan Prezidenti murdar məxluqla bağlı öz mövqeyini ifadə eləmişdi. Söyləmişdi ki, Rusiyadan konkret gündəliklə Qarabağa göndərilən bu şərəfsizlə Bakı heç bir danışıq aparmayacaq.

Maraqlıdır ki, Bayramov-Lavrov görüşündən cəmi bir gün qabaq V.Putin R. Vardanyanın Rusiya vətəndaşlığını ləğv elədi. Sanki azərbaycanlı nazirin onun haqqında nə deyəcəyini öncədən bilirmiş kimi.

Beləcə, Kreml ilk baxışda öz tulasına sahib çıxmadı. Hətta Sergey Lavrov mətbuat konfransında israr elədi ki, bəs Vardanyanın Rusiyaya hər hansı dəxli yoxdur və Qarabağa da o, guya sırf öz təşəbbüsü ilə gedib. Ancaq əksər müşahidəçilər əmindir ki, o, məhz Rusiyanın itidir, üstəlik də sadiq itidir və məhz Kremlin Qarabağa göndərdiyi təxribatçı-desantdır. Rusiya durub indi bunu açıq etiraf edəsi deyil ki...

Volkov-Vardanyan tandemində

“Vardanyan prohesi”ndə Moskvanın hədəfləri isə ən azı, ikidir: 1. Qarabağda aranı qarışdırmaqla, separatçı ovqatı gücləndirməklə (sülhməramlıların köməyi ilə təşkil olunan təxribatçı 30 oktyabr “mitinq”ini yada salın) Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləmək. Hansı müqavilə ki, Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha təsbit edəcək. 2. İmkan olsa, Ermənistanda “qərbçi” Nikol Paşinyanı devirib hakimiyyəti ələ keçirmək – Kremlin proksi kadrı olaraq.

Özünü hələ də utanmazcasına olmayan bir dövlətin “dövlət naziri” sayan R.Vardanyanın Azərbaycan XİN başçısının tələbinə dünənki reaksiyası qənaətimizi gücləndirir, onun hələ də Rusiyaya güvəndiyinə şübhə saxlamır. Yoxsa ənənəvi sırtıq ritorikasını özünə arxayın şəkildə davam etdirməzdi. Sitat: “Sevinirəm ki, mənim şəxsim ətrafında belə bir maraq var. Bu o deməkdir ki, mən artsax xalqı və ölkəmiz üçün hər şeyi düzgün edirəm. Bütün bunlara son qoymağın vaxtıdır. Artıq yolu açmaq və artsax hakimiyyəti ilə danışıqlar masasına oturmağın vaxtıdır”.

Bunu o, Facebook səhifəsində yazıb.

Kremlin “Vardanyan layihesi”: ​ Rusiya Gürcüstanda etdiklərini Ermənistanda  təkrarlamaq istəyir - TƏHLİL

Nə deyəsən indi bu sürtüyə? Bir üzünə tüpürürsən, o birini çevirir. Hansı “artsax xalqı”, hansı “artsax ölkəsi”, hansı “artsax hakimiyyəti”? Dörd bir yandan xüsusi təyinatlılarımızın nişangahında olan bu tulanın ağzından çıxanını doğrudanmı qulaqları duymur? Nə qədər gec deyil, nə qədər başı çiyni üstündədir, dabanına tüpürüb gəldiyi yolla geri qaçmaq əvəzinə, həqiqətənmi o, bayırda 2022-ci ilin olduğundan bixəbərdir? Yoxsa həyatdan bezib? Axı deyilənlərə görə, Ruben ləzzətli yeməkləri, rahat, qayğısız yaşamağı çox sevir! O zaman bu təhlükəli oyunlar onun nəyinə lazım? Moskvamı məcbur edir? Ya bəlkə özünü Serj Sərkisyandan, Robert Köçəryandan da hiyləgər sayır?

O zaman onu xəyal dünyasından ayırıb neytrallaşdırmaq, dərsini vermək komandoslarımız üçün “su içmək” kimi bir şey! Görünür, proses buna doğru gedir. Madam ki, Rusiya da ondan imtina edib.

Odur ki, Vardanyan taxta başı ilə yaxşı-yaxşı düşünsün və unutmasın ki, pul heç də bu dünyada hər şeyi həll eləmir. Hələ vaxtı var. Hələ ki, “sülhməramlıların” köməyi ilə aradan cırmaq şansı qalır.

İstənilən halda, tezliklə yerdə qalan “i”lərin də üzərinə nöqtə qoyulacaq. O sırada bəlli olacaq ki, Kreml Vardanyandan həqiqətən əlini üzüb, yoxsa sadəcə, öz itinin ipini uzadıb...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR