İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kreml istənilən an təxribat törədə bilər”- Partiya sədrindən XƏBƏRDARLIQ

837 07.06.2023 16:34 Siyasət A A

“Ümumi təəssürat ondan ibarətdir ki, Qərb təşəbbüs baxımından Rusiyanı üstələyir. Danışıqlar daha çox Qərbin himayəsi altında davam etdirilir”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bu fikirləri Azərbaycan-Ermənistan danışıqlarını Musavat.com-a şərh edərkən söyləyib.

arzu.jpg (147 KB)

Partiya rəhbəri hesab edir ki, qarşıdakı Vaşinqton danışıqlarında, daha sonar keçiriləcək Brüssel görüşündə nəticənin əldə olunacağına ümidlər çoxdur: “Vaşinqton görüşünə son dövrdə əldə olunanlara baxış və Brüssel danışıqlarına hazırlıq mərhələsi kimi baxmaq olar. Ola bilər ki, sülh müqaviləsinin ilkin variantı Vaşinqtonda razılaşdırılsın. XİN rəhbəri Ceyhun Bayramovun son açıqlamaları, erməni tərəfinin faktiki olaraq 10 noyabr razılaşmasının 9-cu bəndindən imtina etməsi, əslində, bununla Rusiyaya dirsək göstərməsi, Arazdəyən – Culfa – Ordubad - Mehri - Horadiz dəmir yolu ilə bağlı müsbət xəbərlərin yayılması və digər hadisələr tərəflərin sülhə yaxın olduqlarını göstərir”.

Akif Nağının fikrincə, sülhə yaxın olmaq hələ nəticə əldə etmək mənasını vermir: “Maneələr çoxdur. Azərbaycan ABŞ tərəfindən hansısa şərtin, məsələn, Qarabağda yaşayan ermənilərin “hüquq və təhlükəsizliyinə beynəlxalq təminat” şərtini qətiyyətlə rədd etməlidir. Bu, Azərbaycan üçün “bir müddət sonra partlayacaq mina” rolunu oynaya bilər. Eyni zamanda, qoşunların güzgüvari geriçəkilmə təklifinə imkan verməməlidir”.

Partiya sədri şübhə etmir ki, sülh üçün daha ciddi təhlükələr Rusiya ilə bağlıdır: “Kreml “sülhməramlı kontingent” və bölgədəki 10 minlik qanunsuz hərbi birləşmələr vasitəsi ilə istənilən təxribatı törədə bilər. Üstəlik, Ermənistan da sülh müqaviləsinin imzalanmasında maraqlı görünmür. Məncə, hazırda ABŞ və Rusiya da daxil, tərəflərin daha çox razılığa gəldikləri məsələ Naxçıvanla Azərbaycanın digər əraziləri arasında dəmir yolunun açılması ilə bağlıdır. Fikir verdinizsə, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Klaarın Ermənistana səfəri zamanı həmin yolun detalları müzakirə olundu. Bu, Qərb üçün Rusiyanın regiondan uzaqlaşdırılması baxımından da maraqlıdır. Azərbaycan və Ermənistan bu yolda hərəkətin təşkilinə dair Rusiyanın xidmətindən imtina etsə, bu, Kremlin Cənubi Qafqazdan çıxarılmasının başlanğıcı ola bilər. Başqa sözlə, yolun açılması ilə sülh prosesinin başlaması mümkündür. Böyük ehtimalla, Zəngəzur dəhlizi ilə hərəkətə başlayacaq qatarlar “sülh lokomotivi” rolunu oynayacaq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR