İnsanlara hürriyət, millətlərə istiqlal!

Körpə oyunları

2317 26.12.2022 08:30 Yazarlar A A

“Uşaq eldə böyüyər, balıq göldə”
(Azərbaycan ata sözü)

Hökumət həmişə təbliğat aparır ki, guya bizdə sosial dövlətdir. Guya Almaniya dağılır, ancaq biz pensiyaçıları yağ içində böyrək, əlilləri pendirli dürmək, balaca uşaqları da, məsəl üçün, suda ördək kimi saxlayırıq. Deputatlar da adətən hər ilin payızında dövlət büdcəsini müzakirə eləyəndə növbəti ilin hesab-kitabında ən çox xərclərin sosial sahəyə ayrıldığını qırıldadırlar, guya bizim büdcəni faizlə ayıranda ən çox pul sosial şeylərə gedir, nəinki prokurorluğa, orduya və ya misal üçün, icra hakimlərini becərməyə. Lakin vəziyyəti yüngülvari araşdıranda görürsən heç belə deyil. Bizim sosial dövlət adlanmağa qətiyyən haqqımız çatmır. Bunu bu gün çox sadə bir məsələ - uşaq pulu temasında isbat eləməyə çalışacağam.

Bu uşaq pulu mövzusu son illərdə dəfələrlə gündəmə gəlib, müxalifətin mitinq-piketlərinə çıxıb, lakin hər dəfə hökumət xalqa uşaq pulu verməkdən qətiyyətlə imtina etmişdir. Əsaslandırma da belədir ki, guya hamıya uşaq pulu verilsə bu, vəsaitin səmərəli ayrılmasından bizi yayındırar. İndi ünvanlı sosial yardım var, boğazacan bəs edirmiş. Üstəlik, guya hamıya uşaq pulu verilməsi dünyada, xüsusilə kapitalist sistemində yoxdur. Guya Qərbdə vəhşi kapitalizmdir, yalan olmasın, Niderlandda balacaları bişirib yeyirlər.

Ən pisi odur ki, hətta bir ara mütərəqqi sayılan müxalifətçilərin bəziləri də uşaq pulunun əleyhinə çıxırdılar, bunu SSRİ-dən qalma mənasız iş sayırdılar.

Bir-iki ölkənin timsalında bu kimi propaqandaların ağ yalan olduğunu görə bilərik. Almaniyada 1-ci və 2-ci uşağa görə aylıq ödəniş (müavinət sözündən səhləm gedir) 219 avrodur. 3-cü uşaqda 225 avro, 4 və daha sonrakı saylarda isə 250 avro verirlər. Kanadada illik gəliri 33 min dollara qədər olan ailə hər uşağa görə ildə 7 min dollar ödəniş alır. Bu uşağın 6 yaşınacan verilir. 6 yaşdan 17 yaşacan uşaqlarda pul bir az azalır, olur 5903 dollar. Estoniyada (keçmiş SSRİ müttəfiqlərimizdən də örnək göstərək) hər uşağa 16 yaşınacan ayda 60 avro verilir, uşaq sayı artanda pul 100 avro olur.
Şəmkirin Dəllər Cırdaxan kəndində Məmmədovlar ailəsi yaşayır. Onların 3 qızı var, bu yaxınlarda isə üçəmləri doğulub, onların da hamısı qızdır. Ər faktiki işsizdir, maşın yumaq kimi günəmuzd işlərdən çörək pulu qazanmağa çalışır. Ana vəziyyətə görə işləmir, lap işləmək istəsə belə o ucqar kənddə hansı işi tapacağı şübhə altındadır. Mən bu ailədən Azadlıq radiosunun hazırladığı süjetə baxdım, ər-arvadda və uşaqlardakı optimizmə heyrətləndim. O cür problemlər içində bizim hamımızdan nikbin və gözəl görünürdülər! Dövlətimizin borcudur belə insanlara, ailələrə qayğı göstərsin. Xüsusilə qız uşaqlarının şiddətlə qarşılandığı, hələ ana bətnində məhv edildiyi bir regionda bu ailə ibrətamiz ailədir, necə deyərlər, öpülüb göz üstünə qoyulmalıdır. Ancaq belədirmi? Təəssüf ki, yox. Zəruri qeyd edim, mən burada qayğı deyərkən hansısa bambılı telekanala çıxarılıb ağlaşma-şivən, minnət-sünnətlə yardım alınmasını nəzərdə tutmuram. Qanunla, kompleks, sənədli-sünətli, davamlı yardımları istəyirəm.

Təsəvvür edin, üçəmlər payızda doğulub və iki-üç ay ərzində onların dövlətdən gördüyü sosial yardım hər doğulana verilən 300 manatdan başqa heç nə deyil. 900 manat, vəssalam. Bu pulla 6 uşağa yemək, paltar, dərman, pampers və sairə alınmalıdır.

Məsələnin daha absurd tərəfi var. Bizdə qanuna görə 5 yaşdan çox uşağı olanlara ayda hər uşağa görə 70 manat verilir. Məntiqlə, Məmmədovlar ailəsi toplamda ayda 420 manat almalıdır. Necə deyərlər, yoxa lənət, min bərəkət... Ancaq bu ailə həmin pulu gələn ilin payızına qədər ala bilməz.

Sizcə nəyə görə? Yaxın oturun, bizim qanun istehsalçılarının və sosial sahəyə baxanların qanacağından hali olun: uşaqlar 1 yaşa çatmalıdır, yalnız ondan sonra müavinət düşür. Bir az da izah edim. Demək istəyirlər ki, nə olsun sizdə uşaq sayı 6-ya çatıb, 5-i keçib, bəlkə bunlardan bir-ikisi körpə ikən öldü? O zaman uşaq sayı ailədə 5-dən aşağı düşəcək, niyə biz sizə aylıq 70 manatı verək? 1 yaşa qədər sayı saxlayın, bacarsanız pul sizindir.

Bir növ, dövlət vətəndaşına yarışma təklif edir. Son illərin qorxunc seriallarındakı kimi. “Aclıq oyunları”, “Kalmar oyunu” və sairə kimi. Ta bir nəfərin ağlına gəlmir ki, bəlkə o körpələrə 70 manatı bəri başdan verək, 1 yaşa çatsınlar, daha fərəhli, sağlam böyüsünlər.

Yəqin bunun günahkarı Şəmkirin keçmiş başçısı Alimpaşa müəllimdir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR