İnsanlara hürriyət, millətlərə istiqlal!

Komitə sədri: “Strateji valyuta ehtiyatlarımız 5.1 faiz artaraq, 56 milyard dollara çatıb”  

824 16.11.2022 12:27 İqtisadiyyat A A

“Bu ilin əvvəlində COVİD-19 pandemiyasının neqativ təsirlərinin zəifləyəcəyi nəticəsində 2022-ci ilin iqtisadi cəhətdən dünya üçün uğurlu bir il olacağı gözlənilsə də, Rusiya-Ukrayna arasında hərbi əməliyyatların başlaması, qarşılıqlı iqtisadi sanksiyaların sayının artması, dünyada etimad mühitinin zəifləməsi dünyanın iqtisadi mənzərəsini xeyli çətinləşdirib”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisdəki büdcə müzakirələrində komitə sədri Tahir Mirkişili deyib. Onun sözlərinə görə, cari ildə qiymət artımları mürəkkəb qlobal iqtisadi konyunkturun əsas elementinə çevrilib, dünya iqtisadiyyatında uzun illərdir qeydə alınmayan inflyasiya qeydə alınıb: “Müharibə və tətbiq edilən qarşılıqlı sanksiyalar istehsalda çətinliklərə, ixrac kanallarının məhdudlaşmasına, xammal qiymətlərinin xeyli artımına səbəb olub. Uzun illərdir tələbin məhdudlaşmasının təsirindən yaranan böhranlarla üzləşən dünya iqtisadiyyatı, bu dəfə əksinə, ilk dəfə olaraq təklifin süni şəkildə məhdudlaşdırılmasından vərdiş etmədiyi böhranla üzə-üzə qalıb. Bir tərəfdən inflyasiya, digər tərəfdən zəif iqtisadi artım dünya iqtisadiyyatını staqflyasiya riski ilə üz-üzə qoyub. Dünya iqtisadiyyatı yüksək inflyasiya, yoxsa sərt iqtisadi böhran arasında seçim etmək məcburiyyətində qalıb, və görünən odur ki, seçim birincinin xeyrinə olub. Makroiqtisadi mühitin pisləşməsi nəticəsində Dünya Bankı 2022-ci il üçün qlobal iqtisadi artım proqnozunu 4.1%-dən 2.9%-ə qədər azalıb. Hazırda müşahidə edilən ABŞ və Avropa Mərkəzi banklarının uçot dərəcələrini qaldırmaqla fiskal fəzanı sıxması siyasəti klassik antiinflyasiya tədbirləri sayılsa da, fiskal və monetar siyasətin sinxron qaydada sərtləşdirilməsi dünya iqtisadiyyatı üçün heç də yaxşı bir şey vəd etmir. Əksinə, dünya iqtisadiyyatının təklifin böyüməsini dəstəkləyəcək, istehlakı cilovlayacaq yeni çevik iqtisadi alətlərə ehtiyacı yaranmaqdadır”. 

Komitə sədri bildirib ki, bütün bu çağırışlar fonunda Azərbaycan iqtisadiyyatı 2022-ci ildə davamlı iqtisadi artım nümayiş etdirib: “Belə ki, Bu ilin 9 ayı ərzində ölkədə Ümumi Daxili Məhsul 5.6% artaraq 98 mlrd manatı, qeyri-neft-qaz Ümumi Daxili Məhsulu 10.1% artaraq 50 mlrd manatı keçmiş, o cümlədən kənd təsərrüfatı sahəsində məhsul istehsal 3% artaraq 9 milyard manata yaxınlaşıb. Bu dövrdə ümumi ixrac idxalı 19 mlrd dollar üstələyib, qeyri-neft-qaz ixracı faktiki qiymətlərlə 19%, qaz ixracı 11%, əhalinin nominal gəlirləri 20.2%, orta aylıq əmək haqqı isə 14.3% artıb”. T.Mirkişili çətinliklərdən də bəhs edib: “Eyni zamanda, bu ilin 9 ayı ərzində orta illik inflyasiyanın səviyyəsi 13.4% olub, idxal məhsullarının qiymət indeksi isə 21.9% bahalaşıb”.

Bununla belə, əlavə edib ki, carin ilin 8 ayı ərzində strateji valyuta ehtiyatlarımız 5.1% artaraq, 56 mlrd dollara çatıb. “İl ərzində xarici dövlət borcu 253.3 mln dollar azaldılaraq, ÜDM-də payı 14.9%-dən 11.7%-ə dək endirilib”-komitə rəhbəri əlavə edib. Komitə sədrinin sözlərinə görə, 2022-ci ildə Büdcə gəlirlərinin artması cari ilin dövlət büdcəsinin dürüstləşməsini labüd edib, nəticədə büdcənin gəlir və xərcləri təqribən 2.4 mlrd manat artırılıb: “Cari ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilmiş, sosial-iqtisadi hədəflər müəyyən edilib. Nazirlər Kabineti tərəfindən antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib. Mərkəzi Bank tərəfindən uçot dərəcələri artırılmış, ölkədə manatla pul bazası ilin əvvəlinə nisbətən azalıb. “Açıq Büdcə İndeksi-2021” hesabatında Azərbaycan 100 mümkün baldan 57 bal toplamaqla 120 ölkə arasında mövqeyini 81-ci yerdən 44-cü yerə yüksəlib. Azərbaycan Açıq Büdcə İndeksi reytinqi üzrə ən çox irəliləyən ölkələr sırasında olub. Ümumiyyətlə, 2022-ci il üzrə dinamik artım tempinin qorunub saxlanması, büdcə gəlirlərinin və xərclərinin icrasında qarşılıqlı nisbətin əsasən qorunub saxlanmsı, büdcə kəsirinin proqnozlaşdırılan səviyyədən xeyli aşağı olması, tədiyyə balansı hesablarında müsbət dinamikanın qorunması, qeyri neft ixracının və qeyri-neft vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artması, əldə olunan makro-iqtisadi sabitlik 2023-ci ilin dövlət büdcəsinin planlaşdırılmasında mühüm baza rolunu oynayıb”.

E.Paşasoy,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR