İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə Yanukoviç, Bakıda Arifoğlu ...

6297 02.12.2013 14:36 Yazarlar A A


Bədxahlarım, xüsusi ilə müxalifətin AXCP cinahının keçmiş və indiki funksionerləri günlərdir ki, barəmizdə “qara piar” aparırlar. Mövzunun fərqi yoxdur - nə gəldi, bunların qaralama kampaniyasına malzəmə ola bilər. Məsələn, günlərdir iddia edirlər ki, “Rauf Arifoğlu getdi prezidenti jurnalistlərin dostu seçdi, daha bundan müxalifətçi olmaz”, ““Yeni Müsavat” qəzeti də düşərgəsini dəyişdi.”  Hansı ki, İlham Əliyevin “Jurnalistlərin dostu”  nominasiyasında qalib gəlməsi və bu barədə məlumatlar hələ 2 ay öncədən hər kəsə məlum idi. Bu barədə mediada, radio və televiziyada dəfələrlə məlumat verilmişdi.  “Yeni Müsavat” sadəcə, 24 noyabrda bu mükafatın təqdimetmə  mərasiminə dəvət alıb və bu dəvəti qəzetin redaktor korpusunda müzakirə edərək, baş redaktorun orada iştirakına mandat verib. Kollektivin seçim imkanı var idi -  təmsil olunmaya da bilərdik. Amma niyə? Kimin və nəyin naminə bu cür fürsəti buraxmalı idik? Bu suala ittihamçı tərəf ötən müddətdə bir tutarlı cavab verə bilməyib. 

2010-cu ilin dekabrında da analoji dəvət almışdıq və orada da iştirak etmişdik. 3 il öncə tədbir “Gülüstan” sarayında idi, təntənəli və həcmli təşkil olunmuşdu. Nazirlər, deputatlar, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət təmsilçiləri də dəvət edilmişdilər. O zaman danışmaq fürsəti olmadı. Ortam uyğun deyildi. Bu dəfə fərq bu idi ki, tədbir 50 nəfərlik bir heyətlə keçirildi; bu heyətdəki hər kəs KİV rəhbəri idi. Ortam müsait oldu, “Yeni Müsavat”ın baş redaktoru da çıxış etdi, mətbuatın əsas problemlərdən birini prezidentin diqqətinə çatdırdı və ona cavab aldı. Ola bilər, həmin görüş və prezidentlə baş redaktorun faktiki olaraq dialoq və yaxınlaşmasından kimlərsə uduzdu, məyus oldu, kiçildi. Lakin o görüşdən  “Yeni Müsavat” böyümüş və uduşlu çıxdı. Zatən bizim mandat və missiyamız da bu yöndədir. 

2 ay öncədən məlum olan bir sorğunun nəticəsinə görə “Yeni Müsavat”ın baş redaktorunu suçlamaq, ittiham etmək və onun üzərində “qara piar” aparmaq nə dərəcədə məntiqli və ağıllıdırsa, bunu edənlərin də məntiq və ağılı o qədərdir.

İndi də başlayıblar AXCP sədrinin sabiq müavini Asəf Quliyevin təxminən eyni məntiqli açıqlamaları ilə üstümüzə gəlməyə. Nə deyir Asəf  bəy? Deyir ki, AXCP və Milli Şuradan Arif Hacılı, Pənah Hüseyn və Rauf Arifoğluna görə istefa verib. Onların fəaliyyət və açıqlamaları AXCP-nin sədr müavininin xoşuna gəlməyib və qəfildən, seçki kampaniyasının ən qızğın çağında istefa verib. Üstəlik, bütün bunları da indi -  seçkidən 2 ay keçəndən sonra açıqlayır. AXCP-çi dostlara da malzəmə lazımmış. Bunu əsas götürüb, yenidən öz aləmlərində “hücuma keçiblər”. Bu xəstə, məntiqdən və ağıldan kənar iddialara nə cavab versək də, yenə onlara öyüd olmayacaq, fərq etməyəcək. Bunların mərəzi var -  Rauf Arifoğlunu hər fürsətdə, hər imkanda, hər cür gülünc motivlə vurmalı, gözdən salmağa cəhd edilməlidir. Məsələnin maraqlı tərəfi də budur ki, istər indiki, istərsə sabiq funksionerlər eyni mərkəzdən idarə olunurlar və onların hədəflərində, bir birinə pas ötürmələrində ciddi koordinasiyalılıq müşahidə olunur.   

Daha bir mövzu -  Milli Şura cəhənnəmlik, yoxsa cənnətlik olsun... Mətbuat təmsilçiləri məndən Milli Şuranı soruşurlar. Hər dəfəsində “məni maraqlandırmır, mən bu qurumu mövcud olan bir təşkilat kimi görmürəm, gedin kim görür ondan soruşun”  deyirəm. Bu gün bir müxbir də soruşdu ki, “Milli Şura dağılır...” Müxbirə replikam – “İndi mən nə edim, dağılır, cəhənnəmə dağılsın, məni ilgiləndirmir, mənim problemim “Yeni Müsavat” qəzetidir...” şəklində olur. Gerçəkdən də, məni ilgiləndirmir. Sadəcə, oradakı dəyərli insanların, dostların zamanına, faydalı iş əmsalına heyfim gəlir. Boşuna əmək sərf edirlər. 


Mənim müxbirə özəl replikamdan və bu mövzuda danışmaq istəməməyim haqda dediklərimdən xəbər düzəldən qəzetçiləri də qınamıram. Ukrayna müxalifəti və mediası xalqını növbəti dəfə böyük hədəflərə yönləndirib meydanlara çıxardığı halda, Azərbaycan müxalifətinin əhəmiyyətli hesab olunan kəsimi  və onun bəzi liderləri elektoratı “Yeni Müsavat” qəzetinin üstünə qaldırır. Bu məqamda da təbii ki, Azərbaycan siyasətinin TƏRƏFLƏRİ barədə hər şey maraqlıdır.
Beləcə, AXCP-nin keçmiş və indiki funksionerləri ölkə gündəmini inqilab və kütləvi aksiyalar ilə deyil, “Yeni Müsavat” qəzetinə qarşı “qara piar” kampaniyası ilə məşğul edirlər.   

Ukraynanın radikal müxalifəti və mediası Yanukoviçi, Azərbaycanın “radikal” təşkilatı və onun funksioner-müxbirləri isə “Yeni Müsavat” qəzetini hədəfə alıb. Artıq qəzetlərində ölkə prezidentindən də yazmağa imkanları yoxdursa, görəcəkli günlərimiz varmış...


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR