İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kişiləri təhsil sahəsinə yenidən qaytarmalıyıq, əks təqdirdə... ”

1751 22.06.2024 08:00 Media A A

Niyə kişilər elm sahəsinə o qədər də maraq göstərmir, bu sahədə sayı getdikcə azalır? 

Azərbaycanda həm fəlsəfə, həm də elmlər doktoru proqramları üzrə dissertasiya işi götürənlərin içərisində qadınlar üstünlük təşkil edir. 2023-cü ildə fəlsəfə doktoru proqramı üzrə 262 dissertant təhkim olunub ki, onların da 73,7 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş 185 dissertantın 100 nəfəri qadınlar olub.

Ümumiyyətlə, Azərbaycan qadın alimlərin faizinə görə dünyada üçüncü yerdədir. Bu barədə ötən il “The Weston Forum” UNESCO-nun məlumatlarına istinadən açıqlamışdı. Məlumatda bildirilirdi ki, Azərbaycanda qadınların elmdəki payı 59 faiz təşkil edir. Elmdəki qadınların nisbəti baxımından lider 75 faizlə Myanmadır, onu 62 faizlə Venesuela müşayiət edir. Azərbaycandan sonra 57 faizlə Monqolustan və 56 faizlə Tunis gəlir. Sayca ən az qadın alim Cənubi, Qərbi Asiyada (19 faiz) və Şərqi Asiya, Sakit Okean regionundadır (24 faiz).

Avropa elmində qadınların payı ortalama səviyyədən bir qədər yüksəkdir: Qərbi Avropada 33 faiz, Orta və Şərqi Avropada 39 faiz.

Avropadakı göstəricilər arasında Almaniya qadınların təxminən 28%-i ilə Fransa, Çexiya və Hollandiyanı qabaqlayaraq, axırdan dördüncü yerdədir.

Əlbəttə ki, Azərbaycanda qadın alimlərin sayının çox olması sevindirici haldır.  Bəs niyə kişilər elm sahəsinə o qədər də maraq göstərmir, bu sahədə sayı getdikcə azalır? 

“Qadınların elmi fəaliyyətdə aktiv iştirakı müsbət haldır və bu birmənalı şəkildə dəstəklənməlidir. Bununla yanaşı, kişilərin elmi fəaliyyətə marağının azalması səbəblərinin də araşdırılmasına ehtiyac var”.

Bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib. Millət vəkili qeyd edib ki, elm və təhsil qurumlarında əmək haqqının yüksək olmaması kişilərin bu sahəyə marağına təsir göstərir:

“Təhlillər göstərir ki, kişilərin elmi fəaliyyətə marağının azalmasının iqtisadi səbəbləri də az deyil. Belə ki, elm və təhsil qurumlarında əmək haqqının yüksək olmaması kişilərin bu sahəyə marağına təsir göstərir. Ötən ilin yekunlarına əsasən, Azərbaycanda təhsil sektorunda orta aylıq əmək haqqı 700 manatdan bir az çox olub. Bu, ölkə üzrə 934 manatlıq orta aylıq əmək haqqından da az maaşdır. Göründüyü kimi, təhsil sferasında maaşların yüksək olmaması kişilərin elmi marağına təsirsiz ötüşmür”.

Vüqar Bayramov həmçinin qeyd edib ki, gender bölgüsü dissertasiya tematik mövzularında da özünü göstərir:

“Ötən il dissertantların əsas hissəsi tibb, biologiya, tarix, fizika, aqrar və filologiya elmləri üzrə təhkim olunub.

Qeyd edək ki, ölkədə bütövlükdə 116 ali təhsil müəssisəsi və elmi təşkilatda 3170 doktorant fəaliyyət göstərir və onların da 52,1 faizi qadındır".

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb: “Son bir neçə ildir ki, qadınlar həm təhsil, elm sahəsində, həm də elmi fəaliyyət istiqamətində dominantlıq təşkil edirlər və bunun da bir çox səbəbləri var. 

Birinci səbəb budur ki, qadınlar arasında təhsilə maraq göstərənlərin çəkisi xeyli artıb. Əvvəllər isə daha çox evdar qadın obrazı dominantlıq təşkil edirdi. Lakin müstəqillik dövründən sonra qadınlar iqtisadi fəal kütləyə çevrildilər, həmçinin qadınlar təhsilə təşviq edilməyə başladı. Beləliklə qadınlar elm sahəsinə maraq göstərib, təhsil almağa, təkcə bakalavr səviyyəsi ilə kifayətlənməyib, magistratura və elmin digər səviyyələrinə yiyələnməyə, inkişaf etdirib, təhsilə bir karyera kimi baxmağa başladılar.

Kişilər isə vəziyyət əksinə oldu. Xüsusən də keçid dövründə kişilər elm sahəsində daha az qazanc əldə etdiklərini görüb, digər sahələrə üz tutmağa başladı. Məlum məsələdir ki,  Azərbaycan cəmiyyəti patriarxat cəmiyyət olduğu üçün, ailənin bütün məsuliyyəti, o cümlədən maliyyə, iqtisadi yükü əsasən kişilərin üzərindədir. Buna görə də kişilər daha çox pul qazanmaq, iqtisadi artım haqqında düşünməyə başladılar. Şübhəsiz ki, Azərbaycanda elm, təhsil sahəsi gəlirli sahə olmadığından kişilər tədricən təhsil sektorundan digər sahələrə, əsasən sahibkarlıq, biznes və digər fəaliyyət növlərinə istiqamətlənmiş oldular.

Elm sahəsində olanların yaşayış şəraiti, imkanlarını ilə hərbi, gömrük sistemi, dövlət qulluğunda çalışanları müqayisə edəndə görürük ki, arada çox böyük həndəsi fərq var. Hətta dövlət qulluğunda çalışmış insanların pensiyaları ilə elm sahəsində olanların aldıqları pensiya arasında da xeyli fərq var. 

Sual olunur ki, necə olur ki, prokuroru, hakimi və  digər yüksək dövlət qulluqçularını hazırlayan müəllim onlarla müqayisə olunmaz dərəcədə az pensiya alır. Sual olunur ki, niyə dövlət qulluqçularının aldığı məvacib, pensiya alimlər ilə müqayisədə çox olmalıdır?

Hesab edirəm ki, kişilərin elm sahəsindən uzaqlaşması Azərbaycan elmi üçün böyük itkidir. Çünki kişi və qadın təfəkkürü bir-birindən fərqlənir. Bunun elm də sübut edib ki, elm sahəsində kişi təfəkkürünün özünə məxsus yeri var, kişi düşüncəsi, məntiqi fərqlidir. 

Bu gün bağçalarda, orta və ali məktəblərdə qadın müəllimlər böyük üstünlük təşkil edir. Oğlan uşaqları gözünü açanda ailədə daha çox ana ilə ünsiyyətdə olur, bağçaya gedəndə yalnız qadın müəllimləri, tərbiyəçiləri görür, həmçinin məktəbdə müəllimlərinin böyük əksəriyyəti qadınlar olur, ali məktəblərdə də vəziyyət eynilə bu cürdür. Nəticədə oğlan uşaqlarının sosiallaşmasında neqativ çalarlar üzə çıxır. 

Bu baxımdan hesab edirəm ki, elm sahəsində motivasiya, dəstək tədbirləri həyata keçirməli, yaşayış şəraitini, gəlir məsələsini tənzimləməliyik ki, kişilər təhsilə, elm sahəsinə yenidən qayıtsınlar. Kişilər bilsələr ki, digər sahələrdə qazanc əldə etdikləri kimi elm sahəsində də qazanc əldə edəcəklər, o zaman yenidən elm sahəsinə geri qayıdacaqlar. Bu zaman elmimiz, təhsilimiz qazanacaq. Hesab edirəm ki, bu istiqamətdə düşünməliyik".

Yazını hazırladı: Xalidə GƏRAY

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR