İnsanlara hürriyət, millətlərə istiqlal!

Keyfiyyətsiz xidmət göstərən internet provayderlər - cəza tətbiq olunmalıdırmı...

2140 30.05.2024 08:12 Texnologiya A A

Gələn il Azərbaycanda internetin sürəti 50 Mbit/s-yə çatacaq, hədəflər bəllidir, reallıq isə..; ekspert: "Cəza mexanizmi tətbiq olunsa, provayderlər məsuliyyət hiss edəcəklər"

“2 aydır "Sazz" zəif işləyir. 25 azn vurmağıma baxmayaraq heç 5 azn qədər işləmir. 191 nömrəsinə zəng edib şikayətimizi bildirdik, dedilər peyklə əlaqədardır. Dedim onda modemi qaytarmaq istəyirəm, dedilər olmaz, problem modemdə deyil, peykdədir".

“Ailəm Beyləqan rayonunda yaşayır. İnternet yox dərəcəsindədir. Qaynar xəttə zəng edirsən, heç bir nəticəsi yoxdur. Heç kim məsuliyyət daşımır”. 

“Artıq 2 ilə yaxındır ki, "Flexnet" çox keyfiyyətsiz fəaliyyət göstərir. Hər ay 30 azn ödəməyimizə baxmayaraq üst-üstə toplasaq, ayın 5 günü normal işləyir. Digər günlər ya, ümumiyyətlə internet olmur, ya da daxil olmaq çətinləşir. Özlərinə müraciət etdikdə də bir usta göndərirlər..."

“Bir neçə ay öncə "Citynet"ə qoşulmuşam, amma peşmanam. Hər ay boşuna ödəniş edirəm. Bundan öncə “Ailətv”ə qoşulmuşdum. Ondan da narazı qaldım". 

Bunlar Bakı əhalisinin “Yeni Müsavat”ın əməkdaşına “Hansı provayderdən istifadə edirsiniz? Xidmətin keyfiyyətindən razısınızmı” suallarına verilən cavablardan sadəcə bir qismidir. Hər kəsin ətrafında internetin keyfiyyətindən şikayət edən ən azı bir neçə nəfər var. Bəs Azərbaycanda internet provayderlərin keyfiyyəti niyə narazılıq yaradır?  

Xatırladaq ki, ötən ilin dekabr ayında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” nin təsdiq edilməsi barədə qərar qəbul edib. Bəs o zamandan bu günə nə dəyişib?

Qeyd edək ki, ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi həyata keçirir. Bu yaxınlarda İKTA bir sıra internet provayderləri ilə görüş keçirib. Görüşün məqsədi Azərbaycanın dünyada internetin sürətinə görə reytinqinin yüksəlməsi üçün xidmət keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərin müzakirəsi və istehlakçı şikayətlərinin azalmasının təmin olunmasıdır. Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində ölkəmizdə sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən orta istifadə sürətinin 2025-ci ildə 50 Mbit/s-ə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması hədəf indikatoru olaraq müəyyən edilib. Bu hədəfə çatmaq məqsədilə operator və provayderlərin təqdim etdikləri internet xidmətlərinin sürətlərinin artırılması üçün tədbirlərin görülməsinə dair tövsiyələr verilib. Qeyd olunub ki, optik şəbəkə və eləcə də operator və provayderlərin istifadə etdikləri texniki vasitələr sürət artımına tam olaraq uyğundur. Sürət artımının pilot olaraq sınaqdan çıxarılması, nəticələrin İKTA ilə təkrar müzakirə edilməsi təklif olunub.

Görüşdə çıxış edən internet provayderlərin nümayəndələri son zamanlar daşınma xərclərinin, avadanlıqların dəyərinin və infrastruktur qiymətlərinin artırılmasının xərclərin də artmasına səbəb olduğunu qeyd ediblər. Sürət artımının qiymət artımına təsir etməsi ehtimalının obyektiv araşdırılması məqsədilə operator və provayderlər tərəfindən internet xidmətlərinin tariflərinin necə formalaşması barədə agentliyə məlumat verilməsi də müzakirə olunub.

Görüşdə həmçinin telekommunikasiya şəbəkələrinin genişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsində dövlət-özəl tərəfdaşlığı alətlərindən istifadə perspektivləri barədə də danışılıb. 

Elvin Abbasov bu birliyə rəhbər seçilib » BAKU.NEWS

Elvin Abbasov

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri ekspert Elvin Abbasov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda rəqəmsallaşmanın və İKT-nin inkişafı birmənalı şəkildə fundamental məsələlərdən başlamalıdır. Ekspert bunun üçün tələb olunan amillərə aydınlıq gətirib: “Azərbaycanda sürətli internet, mütəxəssislər olmalıdır. Dövlət qurumları xidmətləri rəqəmsallaşdırmalıdır. Təbii ki, müasir dövrdə internet kommunal infrastrukturun tərkib hissəsidir. Odur ki, internet infrastrukturunun inkişafı zəruri məsələlərdən birinə çevrilib. Bu nöqteyi-nəzərdən ölkə üzrə fiberoptik xətlərin çəkilişi prosesi davam edir. Hazırda "Onlayn Azərbaycan" layihəsi çərçivəsində son mərhələ bitmək üzrədir. Azərbaycanın ucqar rayon və kəndləri sürətli internetlə təmin olunur. Lakin bu məsələnin yalnız bir tərəfidir. Digər tərəfdən, subprovayderlər vətəndaşlara sürətli interneti düzgün şəkildə təmin etməlidirlər. Vətəndaşların rəqəmsallıq üzərində qurulan sosial, biznes əlaqələri, startaplar, rəqəmsal həllərə əlçatanlığı və s. istehlak etdiyi internetlə əlaqəlidir. Fundamental infrastruktur qaydasında olsa da, subprovayderlərin təqdim etdiyi xidmət internetin keyfiyyətinə təsir edir. Əvvəllər vətəndaşların şikayətlərinə baxılmaması, subprovayderlərlə bağlı tənzimləmənin olmaması, cəza mexanizminin tətbiq edilməməsi ilə əlaqədar narazılıq çox idi. Lakin artıq İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) bu məsələlərlə bağlı tənzimləyici gücünü göstərməyə başlayıb. Məsələn, əvvəllər avadanlıqların qeydə alınmaması, subprovayderlərin mənşəyi bəlli olmayan avadanlıqlardan istifadə etməsi ilə bağlı narazılıqlar çox idi. İstismar müddəti bitmiş, nəzərdə tutulmuş sahəni tam əhatə etməyən  avadanlıqların istifadəsi ilə bağlı məsələlər artıq həlli tapıb. Yəni rəqəmsal mühit formalaşıb. Artıq provayderlər öz avadanlıqlarını İKTA-ya təqdim edirlər. Agentlik ən azından nəzarəti ələ ala bilib".

Ekspert cəza mexanizminin zəruriliyinə diqqət çəkib: “Provayderlərin vətəndaşlara daha yaxşı   xidmət etmə məsuliyyətini dərk etməsi üçün cəza mexanizmi olmalıdr. Təəssüf ki, cəza mexanizmi məhkəmə yolu ilə tətbiq olunur. Hesab edirəm ki, bu İKTA-nın öz səlahiyyətində olmalıdır. Qayda pozuntusu aşkarlandıqda qanunla tənzimlənmiş cəza tətbiq olunmalıdır. Belə olan halda provayderlər məsuliyyət hiss edəcəklər. Hələ ki bu məsələ öz həllini tapmayıb. Avadanlıqlar üçün standartların tətbiq olunması da arzuolunan məsələlərdəndir. Söhbət lisenziyaların alınmasından getmir. Sadəcə, Azərbaycana gətirilən avadanlıqlar beynəlxalq standartlara görə zəmanətli olmalıdır ki, vətəndaşlara ucuz və keyfiyyətsiz məhsullarla xidmət verilməsin. Dövlət Gömrük Komitəsi və digər qurumlar da bu prosesin içində olmalıdır. İndiki mərhələdə avadanlıqlar bəyan edilir, lakin standartlara uyğunluq hələ ki yoxdur. Hər bir halda müsbət siqnallar var. Çağrı mərkəzləri fəaliyyət göstərir. Şikayət məsələləri vahid portal üzərindən öz həllini tapıb”.

Elvin Abbasov provayderlərin kabel xətlərini vətəndaşların mülkiyyətinə müdaxilə edərək çəkmələri ilə bağlı şikayətlərə də münasibət bildirib: “Düşünürəm ki, tənzimləyici orqanın bu məsələ ilə bağlı da qaydaları olmalıdır. Vətəndaşa aid olmayan internet infrastrukturu onun evindən keçirsə və vətəndaş o xətti dəyişmək istəyirsə, bu vətəndaşın öz hesabına həyata keçirilir. Bu, qəbuledilməzdir. Dövlətin infrastrukturu vətəndaşın mülkü olan ərazidən keçirsə, maddi xərci dövlət çəkməlidir. Bir sözlə, bir çox məsələdə təkmilləşməyə ehtiyac var. Dövlət qurumunun səlahiyyətlərinin daha da  genişləndirilməsi zəruridir”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR