İnsanlara hürriyət, millətlərə istiqlal!

Keşiş anti-sülh ssenarisinin pərdəarxası “lideri”ni ifşa etdi

2522 06.06.2024 10:20 Siyasət A A

Rəsmi İrəvanın revanşistlərə meydan tanıması radikalların öz çevrələrini genişləndirməsini stimullaşdırır; Bakının tələbi haqlı; ekspertlərdən baş verənlərə reaksiyalar

Sülh prosesini pozmaq missiyasını boynuna götürən erməni keşiş Baqrat Qalstanyan əslində revanşist siyasətçilərin əlaltısı olduğunu özü də etiraf etmiş olub. “Vətən naminə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan jurnalistlərə açıqlamasında “Keçmiş prezidentlərdən yalnız Serj Sərkisyanla görüşmüşəm” deməklə, de-fakto Serjikin “tulası” olmasını büruzə verib.

“Başqaları ilə görüşməyə heç bir səbəb olmayıb. Onlar da görüşmək istəklərini bildirməyiblər”, - deyə keşiş bildirib. Faktiki olaraq Baqrat məhz pozucu siyasi dairələrin diqtəsi ilə hərəkət etdiyini deyib.

Əslində Ermənistan hakimiyyətinin sülh prosesi ilə bağlı ziddiyyətli mövqeyi, həmçinin təxribatçı keşişin başlatdığı hərəkata meydan tanıması da rəsmi İrəvanın ikili oyunlarından xəbər verir. Sülhə sadiqlik olsaydı, prosesi pozan təxribatçıların ölkə boyunca meymunluq etməsinə şərait yaradılmazdı. 

Xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik aparmaq cəhdi, faktiki destruktiv mövqe sərgiləməsi də radialların çırağına neft tökmüş olub. Ermənistanın Azərbaycanla tezliklə sülh bağlamasını istəməyən qüvvələr Fransa başda olmaqla, Ermənistana “dost” ölkələrdir, eyni zamanda sülh prosesində yuxarı başda oturmağı hədəfləyən qüvvələr, paytaxtlardır. Belə olduğu halda, Mirzoyanın da keşiş Baqratın səsinə səs verməsi əcaibdir. Belə olduğu halda, təbii ki, kilsənin təmsilçisi radialların başında dayanan Qarabağ klanının liderləri ilə birgə fəaliyyətə maraqlı olacaqdı. Antisülh prosesi başlayandan bəri Köçəryandan fərqli olaraq, daha çox kənarda dayanmağa üstünlük verən Serj Sərkisyanın yenidən peyda olması da kənardan verilən stimullaşdırıcı dəstəyin məntiqi nəticəsidir. Eyni zamanda Ermənistan rəhbərliyi də bu prosesə bilərəkdən, bilməyərəkdən dəstək verir...

Sərkisyanın keşişə, kilsəyə təsirləri bu qədər genişdirmi, yoxsa sadəcə Baqrat keşmişdən bəri onun adamıdır? Sərkisyanın deşifrəsindən sonra Paşinyan hökuməti Serjiki məsuliyyətə cəlb etmək fürsəti qazanırmı? Bu addım atılmalıdırmı?

İrəvan bu əraziləri Azərbaycana güzəştə gedir - Elxan Şahinoğlu ilə CANLI  Sitat.info

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Ermənistanın radikal müxalifətinin baş nazir Nikol Paşinyanı devirə bilmədiyini söylədi: “Müxalifətin keşiş Baqrat Qalstanyana olan son ümidləri də doğrulmadı. Keşiş Paşinyana təzyiq etmək üçün bütün vasitələrdən istifadə etdi, ancaq nəticə yoxdur. Erməni keşişə olan dəstək də azalıb. Paşinyana müxalifət olan ermənilər də anladılar ki, keşiş mövcud vəziyyəti dəyişmək iqtidarında deyil. Keşişin keçmiş prezident Serj Sərkisyanla görüş keçirməsi Baqrat Qalstanyanın çarəsiz durumda olduğunu göstərib. Çünki Serj Sərkisyanın Ermənistan cəmiyyətində nüfuzu yoxdur”. 

E.Şahinoğlunun fikrincə, keşiş müxalifətin müxtəlif nümayəndələri ilə ona görə görüşməyə çalışır ki, növbəti addımlarını müəyyənləşdirə bilsin: “Ancaq müxalifət nümayəndələrinin Nikol Paşinyanı zəiflətmək üçün planları olsaydı, keşişə ehtiyac duymadan da hərəkət edə bilərdilər. Hər vasitədən istifadə edilib, Nikol Paşinyan yerindədir. Mümkündür ki, Nikol Paşinyan keşişin fəaliyyətinə özü şərait yaradıb və bu vasitə ilə ona qarşı olan radikalların potensialını müəyyənləşdirməyə çalışır. Paşinyan və hamı gördü ki, keşişin ortaya qoyduğu yeganə nəticə İrəvanda təxminən 20 minlik mitinq təşkil etməsidir. Ancaq sonrakı günlərdə bu say azaldı. Keşişin müxtəlif nazirliklərin qarşısında keçirdiyi etiraz aksiyalarının da nəticəsi olmadı. Ermənistanda radikal müxalifətin etiraz gücünün zəif olması Nikol Paşinyana Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa şərait yaradır. Zəif müxalifət baş nazirin Azərbaycanla sülh sazişi imzalamasında əngəl ola bilməyəcək”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, keşiş Baqratın özünün bir fiqur olmadığı, onu ortaya atanların mövcudluğu əvvəldən də məlum idi: “Sərkisyan-Köçəryan cütlüyü əsas şübhə obyekti idi. Sərkisyan özünü sığortalamaq üçün hadisələr başlayan ərəfədə ölkəni tərk etmişdi. Amma indi hər şey yerini alır. Keşiş avantüranın baş tutmadığını anlamağa başlayıb, ona görə də "podelnik"lərini faş edir ki, sabah məsuliyyətdən yaxa qurtara, heç olmasa bölüşdürə bilsin. Bundan sonra bu cür etirafların miqyası genişlənəcək. Artıq “suyun meymunun boğazına çıxdığı” məqamdır. Yəqin sərkisyanlar keşişi yalanlayacaqlar ki, heç nədən xəbərləri yoxdur. Əlbəttə, Paşinyan da hadisələri diqqətlə izləyir, kimlərin nə dərəcədə rolunun olduğunu aydınlaşdırmağa çalışmamış deyildi. Əllərində yəqin ki, kifayət qədər məlumat, sübut, dəlil var. Onun bu prosesdə bir məqsədi də düşmənlərini dəqiqləşdirmək, onlara qarşı dəlil-sübut toplamaq idi". 

A.Nağı digər məqama da toxundu: “Sərkisyan-Köçəryan cütlüyü son illərdə özlərini çox öyürdülər ki, guya Qarabağda "böyük nəticələrə" nail olmuşdular, Paşinyansa onların “zəhmətlər”ni heçə endirib. İndi məlum oldu ki, bunların heç əməlli-başlı ağılları da yox imiş. Bunu ordusu darmadağın ölkəni müharibəyə çağırmaqla, eyni zamanda “keşiş Baqrat” avantürasına uymaqla bir daha göstərdilər. Bütün bunlardan sonra Sərkisyan, Köçəryan, Ohanyan və digərlərinin həbs olunması üçün kifayət qədər əsas var. Onlar həbs olunmalı və dərhal Azərbaycana təhvil verilməlidirlər! Məntiqlə bu, belə olmalıdır. Paşinyanın buna cəsarəti və qətiyyəti çatacaqmı? Hər halda, o, bu yolda ilk addımlarını atıb, geriyə yolu da yoxdur. Özü də bunu başa düşməmiş deyil".

Tural İsmayılov: “Baş verənlər Ermənistanın layiqli cavab almağını zəruri  edən bir hadisəyə çevrilir” | 1news.az | Xəbərlər

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov isə qeyd etdi ki, əvvəlki dövrdə Nikol Paşinyana qarşı siyasi mübarizənin mərkəzində Robert Köçəryan və Serj Sərkisyana bağlı qüvvələr, eyni zamanda onların xaricdəki havadarları dayanırdı: “Lakin sonrakı dövrdə vəziyyət dəyişməyə başladı. Özəlliklə Ermənistanın Azərbaycanla delimitasiya işində çevik davranmağı və Qazağın dörd kəndinin qaytarılmasından sonra  hərəkatın ortaya çıxması bizdə haqlı şübhələr yaratdı. Bu prosesi dəstəkləyən xarici güc faktorları Azərbaycanla Ermənistanın sülhə doğru addımlamağını istəmirlər”. 

Tural İsmayılova görə, həmin qüvvələr bunu bəhanə edərək Ermənistandakı neofaşistləri və eyni zamanda ölkənin uydurma tarixi keçmiş miflərinə söykənərək Ermənistanın gələcəyini ancaq xaos və qarışıqlıqda görmək istəyən qüvvələri də bu prosesi avanqard kimi cəlb etməyə çalışırlar: “Baqrat Qalstanyan baş nazir postuna iddiasını irəli sürsə də, onun Ermənistanda hansısa bir formada siyasi hakimiyyətin yüksək kürsüsünə gəlmək perspektivi mövcud deyil. Baqrat Qalstanyan bunu  çox gözəl anlayır. Sadəcə olaraq, həmin keşişin vasitəsilə Ermənistan cəmiyyətinin dini duyğularından və xristian təəssübkeşliyindən istifadə edərək Nikol Paşinyanı devirmək istəyirlər”.  Politoloq qeyd etdi ki, əgər bu prosesi gerçəkləşdirsələr, pərdə arxasından yenə Robert Köçəryan və yaxud da hansısa revanşistlərə bağlı olan siyasi namizədin ortaya çıxacağını görəcəyik:  “Bu baxımdan "Vətən naminə Tavuş" hərəkatı daha çox post uğrunda mübarizədir. Eyni zamanda bu, Nikol Paşinyan hakimiyyətinin, Ermənistanda sülh və barışı qəbul etməyən müəyyən güc dairələrinin mübarizəsidir. Paşinyan Sərkisyanla mübarizə aparmayacaq. Çünki onu heç bir halda özünə rəqib görmür".

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR