İnsanlara hürriyət, millətlərə istiqlal!

Katolikoslardan erməni xalqına Yeni il “arzuları” – qan, müharibə, terror...

2355 02.01.2023 15:35 Yazarlar A A

İstənilən toplumun nüfuzlu din xadimi, ruhanisi adətən öz soydaşları arasında sözükeçən, ictimai fikrə təsir gücünə malik şəxs sayılır. Səmavi dinlərin hamısı, o sırada xristianlıq isə xeyirxahlıq, sevgi, yardımlaşma, əxlaqlı davranış kimi dəyərlərə söykənir, nəinki zorakılığın, zülmün, kin-nifrətin təbliğinə; “Qanı qanla yox, su ilə yuyarlar” barış fəlsəfəsindən qaynaqlanır, nəinki başqa millətə qarşı soyqırımı çağırışlarından yoğurulan heyvani hisslərdən.

Əfsus ki, boyunlarından “xaç” assalar da, hər addımda “xristianlığı ilk biz qəbul eləmişik” deyib lovğalansalar da, ermənilərin xristian dəyərlərinə ən axırıncı dəxli var, o da əgər varsa. Yoxsa ki, ikinci əsrdir onların ruhani liderləri - katolikoslar din çuxasına bürünüb özlərini terrorçu kimi aparmaz, din libası altında silah gəzdirməz, daima öz xalqını qonşularına qarşı nifrətə kökləyib bəşəriyyət əleyhinə vəhşiliklərin önündə getməzdilər. Ən əsası, soydaşlarını yeni-yeni fəlakətlərə, dərd-bəlalara tuş eləməzdilər. Ermənilərə doğrudan da düşmən gərək deyil!

Erməni katolikosların 2023-ci illə bağlı təbrikləri, əslində isə qarğışları bu xüsusda istisna olmadı.

Məsələn, 25 ildir qədim Türk yurdu Eçmiədzində (əsl adı Üçmüəzzin) oturan katolikos II Qaregin Ermənistana, diaspora və “atsax”a ünvanlandığı müraciətində deyir: “Ötən il də xalqımız üçün bəlasız ötüşmədi. Yeni qurbanlarımız, itkilərimiz oldu. Vətən hələ də təhlükəsizlik problemləri ilə üz-üzədir. Sərhədlərimiz, dinc yaşayış məntəqələrimiz düşmən gülləsi altındadır. Artsaxlı oğullarımız bir çox çətinlikləri, o sırada Laçın yolunun bağlanması nəticəsində yaranan çətinlikləri dəf edərək, müstəqil yaşamaq hüququ uğrunda dönməz ruhla döyüşməyə davam edirlər”.

Göründüyü kimi, on illərdir Ermənistanın Azərbaycan qarşı işğalçı siyasətinə dəstək verən II Qaregin 44 günlük müharibədən sonra da ağıllanmayıb, bəd əməllərindən əl çəkməyib. Öz xəbis tayfasını, o sırada Qarabağdakı bir ovuc separatçını təzədən “müstəqillik” uğrunda qana, terrora, əslində isə növbəti dəfə qurbanlıq olmağa səsləyir. “Böyük Ermənistan”a, “miatsum” xülyasına işarə vurur. Barı indi dilindən “barışıq”, “dinc birgə yaşayış” sözləri süzülmək əvəzinə, yenə zəhər tökülür...

İqamətgahı Livanda yerləşən, dünyadakı ikinci böyük erməni katolikosluğunun – “Böyük Kilikiya Evi”nin başçısı birinci Aram da II Qaregindən geri qalmır. Onun da öz soydaşlarına Yeni il təbriki, yaxud bədduası qan qoxusu verir.

Sitat: “Düşmən Artsaxı blokadaya alıb, beynəlxalq hüquqa və humanitar normalara məhəl qoymadan Ermənistanın suveren ərazisinə girib. Əziz xalqım, faktiki bizim həqiqi dostlarımız yoxdur, milli strategiyamız, birləşmiş cəbhəmiz yoxdur ki, millətimizin dərdlərinə qarşı birgə duraq. Qalib Artsax azad elədiyi torpaqlarının (?! – Z.S.) çoxunu itirdi və indi cekzistensial problemlə üzləşib. Ermənistan da suverenliyini itirmək təhlükəsi ilə üz-üzədir. Mövcud ümidsiz vəziyyətdə biz yalnız öz gücümüzə güvənməliyik. Qurtuluşumuzun yeganə yolu budur, başqa çıxış yolumuz yox”.

Beləcə, xristianlığın üz qarası olan dünya erməni kilsəsi, mənfur toplumun mənfur “din xadimləri” erməni xalqını 2023-də də qırğına, müharibəyə sürükləyir. Ondansa yaxşı olmazdımı ikinci qareginlər, birinci aramlar, elə lap Nikol Paşinyanın özü olmayan papaqlarını qarşılarına qoyub, “biz nədən dost-müttəfiqsiz qalmışıq, niyə faciələrimiz bitmir” sualı üzərində baş sındıraydılar? Əgər başları qalıbsa təbii ki...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR