İnsanlara hürriyət, millətlərə istiqlal!

Kaspşik “Laçın” postuna gəlir: ATƏT-in, nəhayət, bir faydalı işini görəcəyikmi?

577 25.08.2023 09:02 Siyasət A A

 

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan avqustun 23-də İrəvanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. Bu barədə Ermənistan XİN-dən məlumat verilib. Məlumata görə, tərəflər Laçın yolundakı vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, bir qədər öncə ATƏT sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan-Azərbaycan şərti sərhədindəkii vəziyyətlə tanış olmaq məqsədilə sərhədə gələcəyini anons etmişdi. Osmani demişdi ki, o, bu qərarı Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqlarından sonra verib. “Laçın dəhlizi”ndən sərbəst keçidlə bağlı çağırışımı bir daha təkrar edirəm. Digər marşrutlar paralel olaraq açılmalıdır. Humanitar aspektlər həmişə üstünlük təşkil etməlidir. Siyasi məsələlər üzrə dialoq davam etməlidir və ATƏT buna kömək etməyə hazırdır", - deyə Osmani qeyd etmişdi.

Bakıdan isə bu açıqlamaya cavab gecikməmişdi. “Hər gün Laçın sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətdə Azərbaycanın onlarla erməni sakini keçir. Cənab nazir, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəd keçidi yaxşı tənzimlənir və ”sərbəst keçid" anlayışı heç yerdə yoxdur. Bölgəyə böyük həcmdə yüklərin çatdırılmasına gəlincə, Azərbaycan bu məqsədlə Ağdam-Xankəndi yolunu ayırdı. Əgər on gün əvvəl ermənilər tərəfindən razılaşma pozulmasaydı, Ağdam-Xankəndi yolundan istifadə oluna bilərdi".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə “X”də Kaspşikin regiona səfərinə münasibət bildirərkən yazmışdı.

Məlumdur ki, Kaspşikin adı ATƏT-in bədnam Minsk Qrupunu (MQ) yada salır. Bu da təbiidir. Biz 27-28 ildə ATƏT-dən və onun erməni işğalını rəsmiləşdirməyə çalışan MQ-dən Azərbaycana münasibətdə heç bir yaxşılıq görmədik. Odur ki, narahatlıq qalır: Kaspşikin budəfəki səfərinin Azərbaycana nə faydası olacaq?

a92cfe2b-aa29-43e3-a527-44000a7131cb_850.jpg (50 KB)

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov ATƏT kimi təşkilatların səmiyyətinin olmadığını qeyd etdi: “ATƏT Qarabağ torpaqlarımızın 30 illik işğalı dövründə hansı faydalı işi görə bildi ki? Bu təşkilatın Minsk Qrupu fəaliyyət göstərdiyi dövrdə görüntü yaratmaqdan başqa heç nə etmədi və çəkinmədən demək lazımdır ki, etmək istəmədi. Azərbaycan hökumətinin ATƏT kimi adı böyük, lakin fəaliyyəti ikili standartlar üzərində qurulmuş bir təşkilatdan ciddi bir gözləntisi də yox idi. Sadəcə, beynəlxalq ictimaiyyət qarşısında biz bu məsələnin sülh yolu ilə həlli üçün şərait yaratmalı idik və bunu etdik. Ancaq Minsk Qrupu 30 ildə işğalçı ilə işğala məruz qalmış tərəf arasında fərqi belə görməzdən gəldi. Bu qədər müddət ərzində işğalçı dövlətə qarşı sanksiyalar tətbiq olunması ilə bağlı təşəbbüs belə göstərilmədi. Belə bir ölü təşkilatın bundan sonra mövcud məsələlərin həllində hər hansı bir iş görə biləcəyinə inanmaq sadəlövhlükdür.

ATƏT rəhbərliyinin bu təşəbbüsü daha çox erməni təbliğatı ilə ATƏT-in yeni oyunlar oynamaq cəhdi kimi dəyərləndirilməlidir. Ermənilər məhz ATƏT kimi təşkilatların dəstəyinə söykənərək torpaqlarımızı 30 il işğal altında saxlaya bildilər. Bütün bunlardan sonra bu kimi təşkilatların səmimiyyəti qəbuledilməzdir. Onların etmək istədikləri səfərin qarşısına da çıxmaq lazım deyil. Qoy gəlib getsinlər. Bu gəliş-gedişlə onsuz da hər hansı bir məsələnin həllinə yardımçı olmayacaqlar. Belə səfərlər onlara daha çox varlıqlarını göstərmək və ermənilərə “biz çalışırıq” demək üçün lazımdır.

ATƏT-in 44 günlük İkinci Qarabağ savaşında məğlub olmuş ermənilərə yenidən qahmar çıxmaq, ermənilərin təhriki ilə Minsk Qrupunun fəaliyyətini yenidən bərpa etmək arzularını Azərbaycan Prezidenti - “ATƏT-dən mandat alan Minsk Qrupu 28 il ərzində heç bir nəticə əldə etmədi. Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk Qrupuna ehtiyac qalmayıb” deyərək puç etdi. İndi ATƏT yenidən bu məsələdə canfəşanlıq etmək istəyir. Biz artıq belə gedişlərə inanmaqdan çox uzağıq. Laçın yolu məsələsini də öz diplomatik səylərimizlə həll etdik. Erməni silahlı birləşmələrinin Qarabağ torpaqlarımızdan çıxarılması və Qarabağda yaşayan sadə ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edərək qanunlarımızın tələbləri altında yaşamaq kimi problemləri də Azərbaycan hökuməti, onun Prezidenti - Ali Baş Komandan İlham Əliyev həll edəcək.

Bu gün artıq Qarabağ torpaqlarımızdan ermənilərin köç etməsi bu prosesin başlandığından xəbər verir. Oranı tərk edənlər Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən, separatçıları dəstəkləyən toplumdur. Belələri sonlarının yaxşı olmayacağını anlayıb, indidən işlərini “etibarlı” görürlər. Bizim Qarabağdan qanunsuz erməni silahlı birləşmələrindən, separatçılardan başqa erməni millətindən olan heç kimi qovmaq niyyətimiz yoxdur. Kim bizimlə yaşamaq istəyirsə, buyursun. Lakin belələrinin Azərbaycan vətəndaşlarına qarşı təxribatlarda əlinin olmadığı aydınlaşmalıdır. Azərbaycan çox millətlərin yaşadığı tolerant bir ölkədir. Bizə xəyanət etməyən hər kəs bu torpaqlarda sülh və əmin-amanlıq şəraitində yaşaya bilər. Bu, dövlətimizin seçimidir. Bu yolda bizə ağıl öyrədən hər hansı bir beynəlxalq təsisata da ehtiyacımız yoxdur".

 

ali_orucov.jpg (171 KB)

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov da ATƏT-i faydasız bir qurum kimi qəbul edir: “44 günlük müharibədə Azərbaycanın parlaq qələbəsindən sonra regionda və regiona marağı olan güclərin mövqelərində ciddi dəyişikliklər baş verdi. Müharibədən sonra yeni reallıqları düzgün realizə edənlər bölgədə sülhün və təhlükəsizliyin qorunması üçün fəaliyyətlərini davam etdirməkdədir. Fransa kimi bəzi dövlətlər isə hələ də köhnə stereotiplərdən çıxa bilməyərək, konkret olaraq tərəfkeşliyini və təzyiqlər vasitəsilə güzəştlər qopara biləcəyi düşüncəsini davam etdirməkdədir. Yaxud hansısa forma və ya ad altında maraqlarını təmin etməyə səy göstərir.

Bu baxımdan ATƏT və onun keçmiş Minsk Qrupunun canfəşanlıqları diqqət çəkir. Halbuki ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində üzərinə götürdüyü missiyanı yerinə yetirə bilmədi. Həm də münaqişəni daha da mürəkkəbləşdirdi. Saysız-hesabsız müxtəlif səviyyəli görüşlər, aparılan danışıqlar, həyata keçirilən səfərlər uğursuz olmaqla bahəm 30 il işğalçını himayə etdilər. Nəticədə ermənilər Azərbaycana qarşı qəbulolunmaz iddiada bulundular, hətta yeni təcavüzkar planlarını açıq şəkildə bəyan edərək rəsmi Bakını qorxutmaqla istədikləri güzəştlərə məcbur etmək qədər avantüraya yuvarlandılar. Nəhayət, Azərbaycan özü məcbur oldu ki, həm havadan asılı qalan BMT qətnamələrini yerinə yetirsin, həm də heç bir işə yaramayan ATƏT-in Minsk Qrupunu tarixin arxivinə göndərsin. Prezident demişkən, gorbagor oldu.

Lakin buna baxmayaraq, 10 noyabr Bəyanatının ardından lazımsız və dişsiz olan bir qurum kimi hansısa formatda və ad altında davam etdirmə anonsu verildi. Həmsədr dövlətlər ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni qiyafədə və yeni ad altında üzə çıxdı. Görünən o ki, ATƏT yenidən təzahür edərək hələ də geosiyasi proseslərdə mövcud olduğunu göstərmək istəyir. Amma reallıqları görmədən, obyektiv yanaşma sərgiləmədən çətin onun özünün təklifi cəlbedici olsun.

ATƏT-in fəaliyyətdə olan sədri deyir ki, Laçın dəhlizi sərbəst giriş-çıxış üçün açıq olmalıdır. Bu yanaşmanın özü kifayət edir ki, dürüst və beynəlxalq hüquqi mövqeyə əsaslanmayan ATƏT Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırma sürəcinə müsbət reaksiya verəcəyinə ciddi şübhələr yaratsın. Sədrin şəxsi nümayəndəsinin regiona səfəri də formalizmdən o yana, çətin ki, getsin. Digər tərəfdən, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh sazişinin imzalanması məsələsinə artıq Avropa İttifaqı Şurası fəal dəstək verir və bu formatda hər iki lider 6 görüş keçirib. Ləng və çətinliklə də olsa prinsipial məsələlərdə dövlətlərin ərazi bütövlüyü qarşılıqlı olaraq tanınıb. ATƏT-in burda hansı sifətdə qoşulacağı məlum deyil və rəsmi Bakı bu qurumun iştirakının qəbulunu istəməz. Bakı açıq şəkildə bəyan edib ki, ATƏT effektiv vasitəçilik missiyasını yerinə yetirə bilmir. Odur ki, bu təşkilatın nə Azərbaycana, nə də ümumilikdə sülh danışıqlarına heç bir faydası yoxdur və olmayacaq da. Əksinə, Ermənistanın istəyidir ki, daha çox dövlət və daha çox beynəlxalq qurumları prosesə cəlb edərək mürəkkəb və qarışıq bir vəziyyət yaratsın. Və hansısa bəhanələrlə, uydurma iddia, eləcə də təbliğat kampaniyası ilə rəsmi Bakıya beynəlxalq təzyiqləri artırsın və diqqəti üzərinə götürdüyü öhdəliklərdən yayındırsın".

Cavanşir ABBASLI,“

Yeni Müsavat”

 

 

 

 

 

 

 

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR