İnsanlara hürriyət, millətlərə istiqlal!

Kasetin o biri üzü

1897 21.08.2022 19:26 Yazarlar A A

 

“Görənin gözün töküncə, götürənin əlin kəs”
(Azərbaycan ata sözü)

Dövlət idarəsində gizli çəkiliş edib şantajla məşğul olan polkovnikin işdən çıxarılması, üstəlik həbs edilməsi düzgün hərəkətdir, ancaq... Axı oxşar hadisələrə biz yaxın tariximizdə dəfələrlə rastlaşmışıq. İnsanların şəxsi həyatına müdaxilələr, gizli çəkilişlərin yayılması, xüsusilə bunun pornoqrafik materiallar olması hallarını çoxları xatırlayır. Hətta bizdə indi dərin quyuya gömülmüş bir telekanalizasiya vardı, həmin pornoqrafik materialları pik saatlarında, uşaq-muşağın ekran qarşısında olduğu saatlarda efirə verməkdən çəkinmirdi! Bəlkə bu, limit idi? Qətiyyən. Biz Bakı Şəhər İcra Hakimiyyətinə məxsus bilbordlarda, düz paytaxtın göbəyində, Nizami küçəsində və başqa ərazilərdə müxalifətçinin gizli görüntü və səs yazısını izləmişik!

Bütün bu hadisələrə görə heç kim cəzalanmayıb. Adicə pul cəriməsi də edilməyib. Çünki həmin gizli çəkilişlərin subyektləri məhz müxalifətçilər, jurnalistlər olurdu. İndi mən hüquq-mühafizə orqanlarından qanunları hamıya qarşı eyni cür tətbiq etməyi istəsəm, çoxmu gülməli görünərəm? Niyə müxalifətçilərin, jurnalistlərin şəxsi həyatına dair kadrları yayanlar mələksima oldular, eyni işi dövlət idarəsində qurmuş polkovnik cəhənnəmə vasil edilir? Bəlkə burada milli dəyərlərimizə əsaslanmışlar: “Evin ayıbını çölə çıxarmazlar”? Nə biləsən. Hər halda, ümid edirəm son çəkilişlərin “qurbanları” vaxtilə müxaliflərin üzləşdiyi şantaj oyunlarına xısın-xısın gülənlər sırasında olmayıbdır.

Bir məsələ də var ki, belə şeylər bazar iqtisadiyyatının tələb və təklifin balanslaşması qanununa uyğun olaraq ortaya çıxır. Əgər cəmiyyətimizdə başqa şəxslərin şəxsi həyatına burun soxmaq istəyi olmasa, xalqın böyük bir hissəsi qeybət, böhtan, şantajla yaşamasa başabəla  polkovnikin gizli çəkilişləri də yaranmazdı. Buna sifariş var. Necə deyərlər, sosial sifariş.

Özü də maraqlıdır ki, xalq hökumətə nəzarət eləmək yerinə, bir-birinə nəzarət edir, camaat bir-birini güdür. Məsələn, yetimin birinin əlinə hardansa beş manat düşsün, bütün kənd, məhəllə, şəhər beş ay bu temada danışacaq. Toyda, yasda, dəlləkxanada, masaj salonunda, nə bilim, çayxana, teatr və kitabxanalarda. Lakin hansısa məmur beş milyon oğurlasın, o pulla buluddan nəm çəkən saray ucaltsın – heç adını çəkən olmaz. Uzağı “kişiyə halaldı, bu adam bacarır də” deyəcəklər. Bizim düzgünlük, halal-haram, əliəyrilik kimi mövzularda ciddi yenilənməyə, apdeyt olunmağa ehtiyacımız var.

Eyni vaxtda Finlandiyada da hökumət “böhranı” yaşandı. Orda 36 yaşlı gənc xanım dövlətin baş naziridir. İşdən kənar vaxtlarında yanğınsöndürənlə eşq yaşayıb. Yox, bu şit zarafat idi, fin xanımın, baş nazirin günahı bizim anlaya bilməcəyimiz hadisələr kateqoriyasına daxildir. (Uçan boşqablar, Bermud ücbucağı, nə bilim, Marian çökəkliyində yaşayan balıqlar tipində). Xanım baş naziri işdən kənar vaxtlarda ailə və dostlarıyla məclislərdə yeyib-içməkdə, əylənməkdə, rəqs etməkdə suçlayırlar. Onun günahı sadəcə bundadır ki, çox şən görünüb və indi müxalifət tələb edir baş nazir... narkoloji testdən keçsin. Bəlkə nəşəli görünməsi nəşə üzündəndir – məntiq budur.

Yadına gəlir ki, sənin baş nazirin uzun illər elə bir, türkün məsəli, passiv adam idi ki, xalq haqqında zarafat quraşdırmışdı: “Əslində dünyasını dəyişib, özünə demirlər pis olmasın”. Burda isə baş nazir oynayır, xalq deyir xeyir ola, niyə “diri oynayırsan”?

Yazıq Boris Consonu, az qala Çörçill kimi adamı da elə məclislərə görə işdən qovdular. Biz isə korrupsiyaya, oğurluğa məntiqi hal, qanunauyğunluq kimi baxırıq. Bir dövlət qulluqçusu, yarım hökumət məmuru da gəlir deklarasiyası dərc etdirmir, qazancını, xərcini açıqlamır, bunu fikirləşən, müzakirə edən yoxdur.

Hər şeyi tərs salmışıq. Bəs niyə hələ də təpəsi üstdə gəzmirik?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR