Ermənistanda parlament seçkiləri öncəsi siyasi gərginlik daha da artır və yeni qarşıdurma xətti formalaşır.
Musavat.com xəbər verir ki, “Güclü Ermənistan” partiyası biznesmen Samvel Karapetyanı baş nazirliyə namizəd kimi irəli sürsə də, hakim “Vətəndaş müqaviləsi” partiyası bunun hüquqi baxımdan mümkün olmadığını açıqlayıb.
Partiyanın qurultayı fevralın 11-də keçirilib və burada həm rəhbərlik, həm də siyasi şura seçilib.
Hərəkətin koordinatoru Narek Karapetyan bildirib ki, seçkilərdə qələbə qazanacaqları təqdirdə Konstitusiyanın 148-ci maddəsinə dəyişiklik ediləcək və beləliklə Samvel Karapetyanın baş nazir seçilməsi mümkün olacaq.
Hazırda ev dustaqlığında olan Karapetyan hakimiyyət dəyişikliyinə çağırışlarla bağlı ittiham olunur.
Lakin hakim partiyanın deputatı Vaahn Aleksanyan jurnalistlərlə görüşdə bu planlara sərt münasibət göstərib. O bildirib ki, Karapetyanın namizədliyinin qeydə alınması mümkün deyil, çünki Ermənistan qanunvericiliyi buna imkan vermir. Deputat ironiya ilə əlavə edib ki, “Filipp Kirkorov, Vladimir Solovyov, Maduro və ya İlon Mask da Ermənistanın baş naziri ola bilməz”.
İrəvan kulislərində isə əsas sual belədir: bu təşəbbüs real siyasi layihədirmi, yoxsa seçki öncəsi siyasi təzyiq aləti? Hər halda, qarşıdakı aylar Ermənistan siyasətində gərgin və qalmaqallı müzakirələrin davam edəcəyini göstərir.
Musavat.com






