İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalist Fərhad Məmmədovun oğlunu bıçaqlayanlar hələ də azadlıqdadır

919 07.02.2023 12:22 Kriminal A A

Haqqin.az saytının əməkdaşı, jurnalist Fərhad Məmmədovun 17 yaşlı tələbə oğluna yanvarın 28-də Bakının Bülbülə qəsəbəsində, zərərçəkənin yaşadığı ərazidə hücum edərək ağır xəsarətlər yetirən, özlərini Bakıxanov qəsəbəsində fəaliyyət göstərən hansısa kriminal qruplaşmanın üzvləri kimi təqdim edən şəxslər hələ də azadlıqdadır. Onlardan ikisi-zərərçəkənə bilavasitə bıçaq zərbəsi endirən Murad adlı şəxs və hücumun Adəm adlı digər iştirakçısı və təşkilatçısı həmin gün Suraxanı 31-ci polis bölməsinin əməliyyatçıları tərəfindən saxlanılsa da ertəsi gün sərbəst buraxılıblar.

Bu barədə Musavat.com-a açıqlama verən F.Məmmədovun sözlərinə görə, hadisə ilə bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanılıb və istintaq aparılır. Murad və Adəm adlı həmin şəxslər istintaqda dindirilib, amma hələlik onların barəsində cinayət işi qaldırılmayıb və həbs qətimkan tədbiri seçilməyib. Üstəlik, onlar sosial şəbəkələ üzərindən kriminal jarqonlardan istifadə etməklə zərərçəkənə “üzbəüz söhbət etmək” barədə mesajlar da ünvanlayırlar. Digər cinayətkarın kimliyi zərərçəkənin köməyi ilə müəyyən olunub və istintaqa cəlb edilib, lakin dördüncü şəxsin kimliyi hələ müəyyən olunmayıb.

F.Məmmədov deyir ki, bıçaqla xəsarət yetirilməsi faktı və digər xəsarətlər aşkar ortada olsa da istintaq hələ də cinayətkaları məsuliyyətə cəlb etməyib və onların barəsində cinayət işi qaldırmayıb.

Qeyd edək ki, hadisədən təxminən iki həftə əvvəl zərərçəkənin əvvəllər heç vaxt görmədiyi, tanımadığı Murad adlı şəxs onun telefonuna mesaj yazaraq özünü zərərçəkənin qonşuluğunda yaşayan, onunla paralel oxumuş qızın bacısının keçmiş sevgilisi kimi təqdim edib. Həmin şəxs bildirib ki, qız 8 aydır onu atıb və zərərçəkəndən xahiş edib ki, qızın böyük bacısı vasitəsilə onun hazırda kiminlə münasibətinin olduğunu dəqiqləşdirib desin. Zərərçəkən tanımadığı şəxsin bu istəyini rədd edib, bir daha onu narahat etməməsi üçün telefon nömrəsini bloklayıb. Lakin yanvarın 27-də axşam həmin şəxs bu dəfə başqa nömrədən zərərçəkənə səsli mesaj ataraq onun nömrəsini blokdan çıxarmağı xahiş edib, “vacib məsələ barədə danışmaq istədiyini” bildirib.

Zərərçəkən onun nömrəsini blokdan çıxarıb, bu şəxs bildirib ki, ertəsi üçün zərərçəkənin yaşadığı əraziyə “öz işləri ilə bağlı” gələcək və onunla görüşüb “qardaşcasına söhbət etmək istərdi”.

Ertəsi gün bu şəxs günorta saatlarında yenidən zəng vurub, zərərçəkənin yaşadığı ərazidəki məktəbin yanında olduğunu bildirib və bir neçə dəqiqəliyinə görüşüb söhbətləşməsi xahiş edib. Heç nədən şübhələnməyən zərərçəkən deyilən yerə gedib, orada Muradın tək dayandığını görüb. Bu şəxs söhbət zamanı yenidən əvvəlki istəyini təkrarlayıb, zərərçəkən ona həmin məsələdə kömək edə bilməyəcəyini deyib. Bu vaxt yaxınlıqda gizlənmiş və üzərlərində bıçaq olan 3 nəfər onlara yaxınlaşıb, zərərçəkən Muraddan ayrılıb getmək istəyəndə o, belindən bıçağı çıxardaraq qəfildən zərbə endirib. Zərərçəkən ikinci zərbəni vura bilməməsi üçün onu zərərsizləşdirməyə çalışanda digər cinayətkarlar arxadan hücum edərək ona təpik və yumruq zərbələri endiriblər. Məktəbin gözətçisinin gəldiyini görəndə onlardan 3-ü hadisə yerini tərk edib, Adəm adlı şəxs isə hadisə yerində qalaraq zərərçəkənə və onu evə aparmaq üçün gələn qohumuna meydan oxumaqda davam edib.

Jurnalist Fərhad Məmmədov bu hadisə ilə bağlı bir daha daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə müraciət edərək cinayətkarların tezliklə məsuliyyətə cəlb olunması üçün müvafiq göstərişlərin verilməsini xahiş edir.

Zərərçəkənin valideynləri indiyədək  cinayətkarların həbs olunmamasından narahatdır. Ona görə də jurnalist F.Məmmədov Mətbuat Şurasının sədri Rəşad Məcidə müraciət edərək bu hadisəni nəzarətə götürməsini xahiş edir.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR